İnterpress.az xəbər verir ki, A24.Az məşhur bəstəkar, xalq artisti Eldar Mansurovun sənət və Azərbaycanda müasir musiqinin durumu ilə bağlı müsahibəsini təqdim edir.
– Eldar müəllim, Pedro Almodovarın “Anam haqqında hər şey” filmində qəhrəman deyir ki, isetdad, bacarıq rəngsiz, iysiz olduğundan o səndə olanda fərqinə belə varmırsan”. Pərəstişkarları nə qədər ilahiləşdirsə də, əksər sənətkarlar bacarıqlarının izahını verə bilmirlər. Bu yöndən musiqi duyumu, bəstəkarlıq ən izaholunmaz peşədir. Nə qədər çətin olsa da musiqi yazmaq anını, bəstələmək bacarığını, musiqi duyumunu izah etməyinizi istərdik.
– İncəsənətin demək olar ki, bütün növləri – bəstəkarlıq, rəssamlıq, eləcə də poeziya Allahın verdiyi paydır. Poeziya, musiqi məncə başdan-ayağa vergidir. Amma kino bir az fərqlidir. Mən musiqini xüsusi olaraq fərqləndirmək istəyirəm. Çünki musiqini həm də “Esperanto” dili adlandırırlar – hamının, bütün dünyanın anladığı dil. Musiqi bütün düşüncəni, əhvalı sözsüz çatdırır.
Dediyiniz fikrə gəlincə, tam razıyam. Həqiqətən, insan öz istidadının xüsusiliyini hiss etmir. Bunun bariz nümunəsi odur ki, əksər dahilər özlərinə müştəbeh olmurlar. Məsələn, Bethoven, Motsart haqqında ən azından filmlərə baxırıq, orda görürük ki, onlar nə qədər sadə adamlar olub. Onlar əsərlərini başqalarının qarşısında öyünmək üçün, özlərini kimdənsə üstün tutmaq üçün, fəqlənmək üçün yazmayıblar. İstedadlı insanlar həmişə camaat arasında olur. Bu göstəricidir; gördünüzsə, biri “mənəm-mənəm”deyir, bilin ki, onun istedadı yoxdur. Həmin adamın şöhrəti varsa da əmin olun ki, bu şöhrətə dolayı yollarla nail olub.
– Təbii, qeyd etdiyiniz göstərici insanları tanımaq üçün rahat yoldur.
– Bəzən eşidirsiniz ki, bəstəkar danışır: “Mən oturdum, musiqi yazanda belə əziyyət çəkdim, belə qan-tər tökdüm, mən bu əsərin üstündə yuxusuz gecələr keçirmişəm”. Vallah, əsər elə yazılmır. Bunlar boş söhbətlərdir. Nə gəlirsə, yuxarıdan gəlir, tökülür. Bunu izah eləmək olmur. Nə vaxt gələcəyi, necə gələcəyi də bəlli olmur. Bəstəkar ancaq konstruktiv bir iş görəndə əziyyət çəkə bilər.
Nə bilim, memar əziyyət çəkə bilər ki, bir yerdə bir santimetr səhv eləsə, tikəcəyi ev aşacaq. Musiqi belə anlayış deyil.
Bəzən filmlərdə belə səhnələr görürük; şair səhər yuxudan durur, əl-üzünü yuyur, səliqəli geyinib gəlir oturur masasının arxasında. Qələmi də əlinə götürüb yuxarı baxır. Gün nə vaxt çıxacaq, buna da fikirlər, düşüncələr gələcək. Belə yaradıcılıq olmur axı. O gələn fikirlər sənə yatmaq istəyəndə də gələ bilər, yol gedəndə də gələ bilər. Allah onu nə vaxt paylayır? Bunu heç kim bilmir. Onunla öyünmək də düzgün deyil. Mən bunu belə başa düşürəm ki, Allah sənətkarıları özü ilə digərləri arasında vasitəçi seçib.
– Məşhur türk müğənni Kayahanın belə bir mahnı tarixçəsi var; deyir, “qızımın qızdırması 40 dərəcəyə çatırdı. Gecə oyandım. Təcili yardım çağırmağa çalışırdım. Amma beynimi bir melodiya elə zəbt eləmişdi ki… Ağlamaq istəyirdim. Qızımdan çox narahat idim. Amma bu melodiya da eyni dərəcədə məni narahat edirdi. Hiss edirdim ki, çox fərqli bir melodiyadır. Qızımı xəstəxanaya çatdıran kimi tez musiqini qeyd elədim. Nəticədə “Bir aşk hikayesi” mahnısı ərsəyə gəldi”. Sizin hər hansı tarixcəsi olan musiqiniz varmı?
– Bəli. Bir neçə insturmental əsərlərim var, hansı ki, onlar anam rəhmətə gedəndən sonra ani olaraq gəldi beynimə. Mən onları heç pianoda çalmadım. Onları birbaşa nota yazmışam. Uzun müddətdən sonra ifa etmişəm. Bu əsərlərdən biri “Melodiya”dır, digəri “Gecə zəngləri”. İki əsər həmin o məqamda gələn melodiyalardır. Sanki Allah onu mənim o halıma bəxş elədi, mənə bu acının əvəzi olaraq o melodiyaları verdi.
– Az öncə qeyd etdiniz ki, musiqi tərcüməyə ehtiyacı olmayan, hər kəsin başa düşəcəyi dildir. Bununla yanaşı lokal xarakterli, kiçik arelda sevilməsinə rəğmən ciddi sənət əsəri olan musiqi yarana bilərmi?
– Var. Elə musiqilər çoxdur. Mən bəzən bir musiqini yazıb bitirəndən sonra ilk olaraq özüm dinləyirəm və düşünürəm ki, bu musiqi çox populyar ola bilər. Amma görürsən ki, olmur. Bəzən isə, heç populyar olacağını düşünmədiyin bir əsər dillərdə gəzir, dünyanı başına götürür. Bu məncə bütün bəstəkarlarda olur. Yəni, bəstəkar düşündüyünü düşünür, fələk bildiyini eləyir. Məncə musiqilərin də taleyi göylərdə həll olunur. Allaha and olsun ki, mən “Bayatılar”ı yazanda düşünmürdüm ki, o bu qədər ölkələrə ayaq açacaq. Vahid Əziz də, Brilliant da deyir ki, bu mahnının belə olacağı ağlımıza gəlməzdi. Bu mahnını adi bir mahnı kimi yazdıq, oxuduq. Demək bu mahnının taleyi artıq bizdən əvvəl həll olunub.
– “Bayatılar”ı 20-dən çox ölkədə oxudular, səhv eləmirəmsə… Sizə mahnının sorağı neçə ölkədən gəlib?
– 70-dən yuxarı ölkədə ifa olunub. Bircə Antarktidada pinqvinlər qalıb bu mahnını oxumayan. (Gülür) Məsələn, musiqinin sözləri Vahid Əzizindir, burada adı “Bayatılar”dır. Türkiyədə Sezen Aksu musiqiyə sözlər yazıb, adını “Zalim” qoyub. Bosniyada “Subota” adı ilə oxunub. Hərdən özümə də maraqlı gəlir ki, görün nə qədər mənalara yozula bilir bu musiqi.
– Elə şeir olubmu ki, onu oxuyanda mətni musiqisini özü ilə gətirib?
– Bir neçə şair var ki, onların verdiyi şeirlərə musiqi yazanda görürəm ki, şeir özü “gəl-gəl” deyir. Şeirin ölçüsü, həzinliyi melodiyanı pıçıldayır.
– Neçə şeirlər bəstəyə rahat gəlir?
– Mənim üçün bəstələnəcək şeirin misralarının sonu daha çox önəmlidir. Misra sonluqlarına çox diqqət edirəm. Mən incə saitləri xoşlayıram. Son hecası qalın saitli sözlərlə bitən misralar mahnıya yaxşı oturmur. Məsələn, “baxar”, “dolar” kimi sözlərlə bitən misralarla mahnı yaxşı alınmır. Mən xoşlayıram “ə” saitli hecalarla bitən sözləri; “gələr”, “görər”, “deyər”.
“Görür” sözünü deyəndə belə adam nə qədər əziyyət çəkir. O da qaldı müğənni onu oxuyanda. Mahnı yazan bəstəkarın poeziyadan xəbəri olmalıdır. Mən özüm də hərdən şeir yazıram, o demək deyil ki, şairəm. Peziyanın bəzi qaydalarını bilirəm. Çalışıram mahnılarımda da bu qaydalara riayət eləyim. Məsələn mahnılarda “da”, “də” şəkilçiləri olmaz. Poeziya ilə musiqi bir-birinə çox yaxındır.
– Bu gün kütləvi şəkildə dinlənən, sevilən musiqiləri dinləyə bilirsinizmi? Bu yöndən narahatlığınız yoxdur?
– İnsanlar əslində melodiyalı musiqiləri sevirlər. Melodiyası olmayan mahnıları mən başa düşə bilmirəm. Onun da öz azarkeşləri var. “Cırt-pırt” effektlərlə, zadla camaatın başını aldadırlar. Bu priyomlardan kino musiqisində, müəyyən səhnə üçün istifadə etmək olar. Amma bunları müstəqil musiqi kimi təqdim etmək mənə çatmır. Özümü geridə qalmış saymıram; klassik musiqidən də, estradadan da, cazdan da xəbərim var. Bəstəkar kimi bütün musiqi cərəyanlarını bilirəm. Amma bu musiqiləri insanlara sırıyırlar.
Lap mahnı janrını götürək, niyə görə bu gün də insanlar Emin Sabitoğlunu, Tofiq Quliyevi, Rauf Hacıyevi, Cahangir Cahangirovu, Səid Rüstəmovu daha çox sevirlər? Çünki onların mahnılarında birinci yerdə melodiya durur. Melodiya dinlənəndə əksər insanlar bəstəkarın adını da öyrənir, sözlərlə də maraqlanır, şairin adını bilmək istəyir və s. Bu gün bizim melodiyası olan mahnılarımız çox azdır. Daha çox “3 badam, 1 qoz” dediyimiz rit üzərində qurulan mahnılara rast gəlirik. Bizim mahnılar həzin, lirik musiqilərlə tanınardı. Bu gün Azərbaycan lirik musiqisini öldürüblər. Telekanallar müğənnilərdən yalnız şən mahnılar istəyirlər. Lirik mahnını efirlərə demək olar ki, buraxmıralar. Mənə müğənnilər zəng eləyib deyirlər ki, sizdən götürdüyümüz mahnını efirə buraxmırlar. Beləcə musiqimiz itib-batır. Sonra da deyirlər musiqimizi ermənilər oğurladı. Bəlkə də “Sarı gəlin”i də ermənilər götürməsəydilər, heç arxasında bu qədər durmayacaqdıq. Yiyə durun bu musiqilərə, qoyun səslənsin bunlar. Buraxın efirlərə, öz musiqilərimizlə tanış olaq.
– Sonra da deyirlər ki, “Eldar Mansurov son vaxtlar yazmır”.
– Bəli. Mən yazıram. Məsələn, cavan bir ifaçı gəlir, ona verirəm musiqini. Məsələn, mən lirika yazıram, adətən. Verirəm həmin musiqini ifaçıya. Cavan olduğuna görə musiqiyə, studiyaya, aranjemana görə ondan heç nə almıram. Əksinə onun üçün şairlərdən xahiş edib sözlərini də havayı yazdırıram. Deyirəm cavandır, qoy oxusun, sözünü desin. Gedir ifaçı televiziyalara, ya ondan efirə görə pul istəyirlər, ya da lirik melodiyadır deyə efirə buraxmırlar.
Məni bir şey narahat edir, biz ustadları gördük, Qara Qarayevi, Fikrət Əmirovu, Cahangir Cahangirovu, Cövdət Hacıyevi. Mənim və kolleqalarımın hələ də sözü var. Çünki ustad görmüşük, götürmüşük. Həmişə özümüzü ifadə etməyə çalışmışıq. İfaçılara da demişəm, zəif oxuyun, amma özünüzü oxuyun. Çünki yamsıladığınız adamdan artıq var və siz həmin adam ola bilməyəcəksiz. Odur ki, özünüz olmaqdan yaxşısı yoxdur. Hacıbaba kimi, Seyid kimi oxumağa çalışanlar var, amma onlardan bir dənədir. Bu gün Alimdən bir dənədir. Bəs ardı?
İnterpress.azhttps://youtube.com/watch?v=gL_vDGX6ZC4