Bayram və özəl günlərdə ölkəmizə xariçdən gətirilən güllərə milyonlarla pul xərclənir. Halbuki Azərbaycanda yerli gül bitkilərinin qiyməti dəfələrlə ucuzdur və bu sahəyə diqqət yetirilsə həm idxala ehtyiac qalmaz, həm də bu bitkinin geniş çeşiddə ixracı mümkün ola bilər. Sovetlər dövründə Bakı kəndlərindəki gülçülük təsərrüfatları həm Azərbaycanı, həm də keçmiş İttifaqı güllə təmin edə bilirdi. Çünki vaxtilə Azərbaycanın Abşeron, Zabrat, Maştağa, Nardaran, Bilgəh, Mərdəkan və Şüvəlan ərazilərində gülçülük sovxozları fəaliyyət göstərirdi. Şəki-Zaqatala bölgəsində isə respublikada ilk dəfə olaraq sənaye xarakterli gülçülük təsərrüfatı olub. Bir zaman SSRİ ölkələrinin bütün şəhərlərinə Azərbaycandan gül ixrac olunurdu. Amma bir neçə ildir ki, bu sahəyə maraq olduqca azalıb və ixaracat dayandırılımaqla yanaşı gülçülüyün inkişafından bir zamanlar yaxşı gəlir əldə edən rayonların vətəndaşları indi qazanc yolu axtarırlar. Gülçülüyü inkişaf etdirən ölkələr yaxşı qazanc əldə etməklə yanaşı həm də dövlət büdcəsinə gəlirləri artırırlar. Israilidə təkcə “Sevgililər günü”ndə gül ixracından beş milyard dollar gəlir əldə olunub. Hollandiyadan dünya bazarlarına ixrac olunan gül satışından büdcəyə milyardlarla vəsait gəliri əldə olunur. Azərbaycanda gülçülüyün inkişafı ilə bağlı nə kimi işlərin görülməsi ilə maraqlanan İnterpress.az mövzu ile bagli iqtisadçı ekspert Sahib Məmmədovun fikirlərini təqdim edir.
-Azərbaycan vaxtı ilə qonşu ölkələrə gül satırdısa, indi Hollandiya və digər xarici ölkələrdən gül idxal olunur. Ölkəmizdə gülçülüyü inkişaf etdirmək üçün nə kimi işlər görülür?”
-Azərbaycan vaxtı ilə gül istehsalı ilə ciddi məşğul olub. Abşeron yarımadası gülçülük üçün ənənəvi kənd təsərrüfatı sahəsi olub. O zaman Azərbaycan Rusiyanı güllə təmin edən əsas ölkələrdən biri idi. Müstəqiilik əldə edildikdən və bazar iqtisadiyyatına keçiddən sonra həmin ölkələrin xarici ölkələrlə ticarət əlaqələri qurması ilə bizim iqtisadi münasibətlər sistemi pozuldu. O dövr üçün Abşeronda yetişdirilən Qərənfilə ən çox tələbat var idi. Lakin 20 yanvar faciəsindən sonra qərənfil “Məzar gülü” statusunu aldığı üçün bu gülə çox ciddi zərbə oldu və daxili bazarda tələbat azaldı.
-Azərbaycanda gülçülüyü yenidən inkişaf etdirmək üçün hansı maneələr var?
Azərbaycanın resursları və iqlim şəraiti nəzərə alınsa yaxşı gəlir gətirə biləcək bu sahəni inkişaf etdirmək üçün geniş imkanlar var. Abşeron gülçülüyündən başqa Zaqatalada gülçülük sovxozu vardı ki, orda həm də müxtəlif ətriyyat və efir yağları hazırlanırdı. Gül məhsullarının hazırlanması isə daha vacibdir. Vaxtı ilə Zaqatalada gülçülük sovxozunda müxtəlif ətriyyatların hazırlanması üçün xammal istehsal edən həmin sahənin inkişafı istiqamətinə də yönəlməliyik və belə hesab edirəm ki, daha çox o sahəyə önəm verib inkişaf etdirməliyik. Gülçülüyü inkişaf etdirmək üçün xüsusi dərmanlar, son dövr texnikalar alınmalı və böyük istixanalar yenidən quraşdırılmalı, kompleks tədbirlər görülməlidir. Bunu yenidən yaratmaq üçün isə iri investisiya qoyuluşu, bazarın stimullaşdırılması və bu sahənin reklam olunması lazımdır. Sadə Abşeron kəndlisi kiçik vəsaitlə bir istixana qurmaqla heç bir uğur əldə edə bilməz.
-İş adamlarının bu sahəyə geniş investisiya yatızdırmağa cəlb etmək üçün nə kimi işlər görülür?
-Gülçülüklə bağlı belə bir dövlət proqramı və təkliflər hələki yoxdur. Prioritet sahələr texniki bitkiçiliyin inkişafı, pambıq məhsulları, ipəkçilik, şəkər çuğunudru və digər kənd təsərrüfatının daha vacib sahələrinə yönəlib. Yəqin ki, yaxın zamanda gülçülüyün inkişafına yönələn proqram da işlənib hazırlanar. Kənd təsərrüfatının iki inkişaf qolu var. Intensiv və ekstensiv inkişaf. Ekstensiv inkişaf qeyri səmərəsiz inkişaf yoludur. Intensiv inkişafı təmin etmək üçün isə müasir texnika, avadanlıqlar, torpağa qulluq sistemi və s. yaradılmalıdır. Hollandiyanın ərazisi Azərbaycan ərazisindən qat-qat kiçik olmasına baxmayaraq nisbətən kiçik ərazilərdən gülüçülüyün inkişafi ilə yaxşı gəlir əldə etmələri əsasən texnikanın və müasir qurğuların nailiyyətidir.
Aynur Arifqızı.
İnterpress.az