Ermənilər müharibədən qorxduqlarını etiraf edirbackend

Ermənilər müharibədən qorxduqlarını etiraf edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şəxsi qənaətimə görə, dünyanın aparıcı dövlətləri sanki özlərinə söz veriblər ki, onlar nəyin bahasına olursa-olsun, Qarabağ düyünün açılmasına imkan verməyəcəklər. Belə pessimist düşünməyə bizə o əsas verir ki, 10 ildən artıq vaxt keçib və bu dövlətlər hələ də nə işğalçını öz adı ilə çağırdılar, nə də işğala məruz qalan Azərbaycanın haqlı tələblərinə məhəl qoyurlar. Bacardıqları da odur ki, boş və mənasız, daha çox status-kvonun saxlanmasına hesablanmış bir fəaliyyət sərgiləsinlər”.

İnterpress.az xəbər verir ki, hərbi ekspert Üzeyir Cəfərov bu fikirləri cəbhə xəttində yaşanan son gərginlikləri “Yeni Müsavat”a şərh edərkən bildirdi. Qeyd edək ki, düşmən işğal altındakı ərazilər və iki dövlətin sərhədləri boyunca təxribatçı əməllərini davam etdirir. Bir vətəndaşımızı girov götürən işğalçı son günlərdə təxribatlarının cavabını layiqli şəkildə alır və itkilər verir. Ermənistan siyasətçiləri sülh mesajları versələr də, cəbhədə gərginlik qalmaqda davam edir. Bu mənada hesab olunur ki, aprel savaşına bənzər hadisələr hər an yaşana bilər.

Ü.Cəfərovun sözlərinə görə, belə şəraitdə, bizim xarici siyasətimiz daha da genişləndirilməli, ən xırda mötəbər tədbirdən tutmuş, ən böyük sammit və toplantılara kimi, Azərbaycan və onun müttəfiqləri bu məsələni davamlı şəkildə gündəmə gətirməli, Silahlı Qüvvələrin döyüş hazırlığını artırmaq məqsədi ilə təlim və məşqlərin sayını artırmalıdır: “Eyni zamanda biz bəzi təxirəsalınmaz tədbirlər də həyata keçirməliyik ki, düşmənçilik siyasətindən əl çəkməyən Ermənistanın işğalçı ordusunu bundan da çox gərginlikdə saxlamalı, imkan düşdükcə onun atəşkəs rejimini pozmasına cavab olaraq maksimum maddi və mənəvi zərbə, zərər vurmalıyıq. Başqa yol artıq qalmır. Əgər danışıqlar heç bir nəticəyə gətirib çıxartmırsa, onda düşmən ordusunun təxribatlarına daha sanballı zərbələrlə mövqe ortalığa qoymalıyıq”. Ü.Cəfərov xatırlatdı ki, 2017-ci ilin geridə qalan yanvar ayı ərzində Ermənistan ordusunun döyüş və qeyr-döyüş itkilərinin sayı az qala rekord həddə olub: “Əvvəlki illərə nisbətən həm işğal altında olan ərazilərdə, həm də Ermənistanın öz ərazilərində olan hərbi hissə və birləşmələrdə, hətta təhsil müəssisəsində ölüm, yaralanma halları çoxalıb. İş o yerə çatıb ki, özlərinin bədnam ordularının 25 illiyinə həsr edilmiş rəsmi tədbirdə Serj Sərkisyan ilk dəfə olaraq öz yüksək rütbəli zabit və rəis heyətlərində heç kimi nə orden-medallarla, nə də rütbələrlə mükafatlandırmadı. Bu da səbəbsiz deyildi. Narazılıq və cəmiyyətin nifrətinin, xüsusən də Ermənistan ”Əsgər anaları\” təşkilatının son aylar əsgər ölümlərinə, ordu sıralarında zorakılıq hallarına qarşı keçirdiyi etiraz aksiyalarının sayı və miqyası daha da genişlənir\”.

Doğrudur, ermənilər status-kvonun saxlanmasını daha faydalı saydıqları üçün böyük müharibədən çəkinirlər. Erməni siyasətçi David Şahnazaryan bugünlərdə Qarabağ münaqişəsi zəminində baş verəcək proseslərdən danışıb. “İstipress” erməni mediasına istinadən xəbər verir ki, Şahnazaryan müsahibəsində bildirib ki, əgər Qarabağda yeni müharibə başlasa, bunun qarşısını almaq mümkün olmayacaq. Siyasətçi ona görə müharibənin yolverilməz olduğunu deyib. Maraqlıdır ki, erməni ekspert ölkəsinin təhlükəsizliyinin təminatçısı kimi İranın rolunu qeyd edib. “Ermənistan müdafiə nazirinin İrana sonuncu səfəri zamanı bu ölkə ilə təhlükəsizliyimiz üçün yeni keyfiyyətlər aldığımızı düşünürəm” deyə Şahnazaryan qeyd edib. Jurnalistin ona “siz müharibənin yenidən başlaması ehtimalını görürsünüzmü” sualına Şahnazaryan birbaşa “müharibə başlasa, qarşısını almaq olmayacaq” cavabını verib. Siyasətçi 2017-ci ilin regionun təhlükəsizliyi üçün həlledici il olacağını bildirib. Hərbi ekspert Ü.Cəfərov isə ermənilərin narahatlığını anlaşılan hesab edir. Ancaq bununla belə, daha tədbirli olmağımızı da vacib sayır: “Əlbəttə ki, sonda bu, qaçılmaz olacaq. Təkcə zamanını və vaxtını yəqin ki, Azərbaycanın siyasi-hərbi rəhbərliyi müəyyən edəcək”.

Müşahidə olunan budur ki, Ermənistanda müharibə eyforiyasını fərqli atmosfer əvəzləyib. Artıq düşmən ölkədə savaş tərəfdarlarının sayı ciddi şəkildə minimuma enib. Azərbaycan əhalisi isə Vətənin işğaldakı torpaqlarının azad olunmasına hər an hazırdır. Bunu keçirilən sorğular da, şəhid Çingiz Qurbanovun möhtəşəm dəfn törənindəki çıxışlar da təsdiqləyir. Beləliklə, iki ölkə arasındakı müqayisələrə rəğmən Azərbaycan üçün unikal şansın yarandığını söyləmək mümkündür.

İnterpress.az