Ölkəmizin çətin günlər yaşadığı keçid dövrünün zərərlərindən biri də fabrik və zavodların bağlanılması idi. Ailəsini dolandırmağın yolunu ticarətdə tapanlar o dövrdə yaradılan böyük bazarlarda, əsasən də “Binə”, “Sədərək” ticarət mərkəzlərində alver etməyə başladılar. Bu böyük bazarlarda dəfələrlə törənmiş yanğın hadisələrindən yüzlərlə vətəndaş ziyan görüb borclanaraq müflis olduqları barədə zaman-zaman mətbuatdan və xəbərlərdən məlumatlandıq.
Ötən həftə analoji hal Ağstafa rayonunda mərkəzi bazarların birində baş verdi. Yanğın hadisəsi nəticəsində həmin ərzaq malları mağazasının yanıb külə dönməsi sahibkara külli miqdarda ziyan vurdu. Bəzən dəyən maddi zərər və ziyanların ağırlığından ya da hadisə zamanı həyatını itirən insanlar da oldu.
Bu kimi hallarla bir çox ticarət mərkəzlərində çalışanlar üzləşib və bazar rəhbərliyinin etinasızlığına qarşı dəfələrlə etiraz bildirən sahibkarların hüquqları ilə bağlı qanuna bu günə kimi heç bir əlavə və dəyişikliklər olunmayıb. Vətəndaş zərər çəkdiyi zaman dövlətin müvafiq orqanları tərəfindən gözlənilən heç bir maddi yardım ala bilmədikdə qanundaki boşluqlar daha çox nəzərə çarpır.
Belə məqamda vətəndaş kimin köməyinə arxalanmalıdır?
İllərlə qazanıb yığdıqları bircə anda külə dönən vətəndaşı düşdüyü ağır durumdan qurtarmaq üçün nə kimi tədbirlər görülüb güzəştlər olunur?
İnterpress.az mövzu ilə bağlı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovdan münasibət öyrənib.
Fövqəladə Hallar zamanı, dövlət tərəfindən sahibkara dəstək məqsədli dəymiş ziyanın kompensasiya edilməsi ilə bağlı qanunveriçilikdə nələr nəzərdə tutulub tutulmaması ilə bağlı ekspertin verdiyi cavab sadəcə icbari sığorta oldu: “Dövlətdə “İcbari əmlak sığortası” barədə qanun var. Daşınmaz əmlakın sığortası kimi ticarət mallarının da öz sığortası var. Lakin çox adam bu sığorta məsələlərinə səhlənkər yanaşır. Kimlər ki, malını, əmlakını sığortalayıb, fövqəladə hallar baş verdikdə həmin şəxslər müəyyən kompensasiya hüququndan yararlana bilir. Başqa halda isə iri ticarət mərkəzinin sahibi ilə bağlanılmış müqavilə şərtlərində göstərilib həmin rəhbərlik tərəfindən sığorta olunmalıdır ki, müvafiq hallarda kompensasiya hüququndan yararlanmaq olsun.”
S. Məmmədovun dediyinə görə, Sığortası olmayan sahibkara dəyən ziyanın minimum da olsa qarşılanması, dövlət qayğısı və ya hər hansı bir dəstək nəzərdə tutulmur. Buna görə dövlətin sahibkara heç bir borcu və öhdəliyi yoxdur ki, zərərçəkən sahibkara hansısa yardımlar etsin. Dövlət yalnız sığorta nəzarəti edə bilər. Bəzi fövqəladə hallarda kütləvi ziyan dəyən zaman, məsələn: sel basma, zəlzələdən uçan evlər və digər hallarda dövlət büdcəsindən yardımlar ayrılır.
“Bildiyimiz kimi, yaxın günlərdə Gürcüstanda qızıl bazarında yanğın baş vermişdi və hadisə zamanı televiziyalardan vətəndaşa dəyən külli miqdarda ziyanı dövlətin öz üzərinə götürməsi ilə bağlı açıqlamalar verilmişdi. Dövlətin öz vətəndaşına bu cür dəstəyi zərərçəkmişlərin aldığı maddi və psixoloji zərbəni olduqca yüngülləşdirir. Bəs bizim bazarlarda dəfələrlə törənmiş yanğınlarda zərərçəkmişlər “Binə” və “Sədərək” bazarlarının rəhbərliyi və ya müvafiq qurumlar tərəfindən dəstək və yardım alıbmı?” məsələsini gəldikdə isə QHT rəhbəri belə cavab verdi: “Dövlət ödəyə bilməz. Yəqin ki, həmin ticarət bazarı sığorta olunubmuş. Bu bütün dünyada belədir. İnsanlar həyat sığortasından başlayaraq malik olduqları nəyi varsa hər bir şeyi sığorta edir və dəyən ziyana müvafiq sığorta hadisəsi baş verəndə kompensasiya alırlar.”
Ölkəmizdə sığorta şirkəti və sahibkar işbirliyində olan münasibətlərin düzgün qurulmaması məsələsini ön plana çəkən ekspert, fövqəladə hallar zamanı bütün əməyin, malın batıb getdiyini dedi və bu münasibətlərin düzgün qurulmamasında müvafiq dövlət orqanların da məsuliyyət daşıdığını ifadə etdi: “Bir çox ticarət mərkəzlərində heç bir sığortalanma yoxdur, yanğından sonra dəyən bütün zərər mal sahibinin üzərində qalır və böyük ziyanlar görürlər. Ziyana düşənlərə həmin ticarət mərkəzlərinin rəhbərlərinin kömək edib etməməsi ilə bağlı isə heç bir məlumatım yoxdur. Əslində bunun hüquqi yolları var və öz hüquqlarını bilməyənlər onlara dəyən ziyanlardan sığortalanmaq üçün ilkin növbədə “Sığorta” olunmalıdırlar.
Aynur Arifqızı
İnterpress.az