Azərbaycan əraziləri işğal olunduqdan sonra zaman-zaman müxtəlif illərin iqtidarının bir-birini ittiham etdiyinin şahidi oluruq. İlk prezident Ayaz Mütəllibov iqtidarının tərəfdarları AXC-Müsavat hökumətini, bu hakimiyyət də həm özündən əvvəlki Mütəllibov iqtidarını, həm də özündən sonrakı indiki hökuməti suçlayır.
Hazırkı iqtidar da özündən əvvəlki iqtidarları günahlandırır. Mövcud durumu aradan qaldırıb, bütün gücü düşmənə qarşı səfərbər etməyin vacibliyini vurğulayanlar çox olsa da, son 24 il ittihamları aradan qaldıra bilməyib.
VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı partiyasını yaradanda bu birliyi nəzərdə tutduğunu bildirdi: “Vətəndaş Həmrəyliyi Partiyasını yaradanda bu birliyi nəzərdə tutmuşdum ki, müharibə şəraitində yaşayan bir ölkədə hökmən milli birlik lazımdır. Ayrı-seçkilik salan etnik qarşıdurmalar və bu tipli problemlərin meydana çıxmasına imkan vermək olmaz. Azərbaycançılıq ideyasını da bu şəkildə qəbul etmişik ki, ölkənin bütün vətəndaşlarına bir gözlə baxmaq lazımdır. Ümumi vətən ideyası hər şeydən yüksəkdə dayanmalıdır. Çox təəssüflər olsun ki, hakimiyyət ehtirasları 1988-ci ilin meydan hadisələrindən görünməyə başlamışdı. Qarabağ uğrunda millət meydanlara yığışmışdı. O zaman meydanı idarə edən şəxslərdən biri idim. Çadırlarda hansı havanın oynadığı, hansı söz-söhbətlərin getdiyini müşahidə etmək imkanım var idi. O vaxtdan görünürdü ki, ermənilər torpaq iddiasında, bizimkilərin də bəziləri hakimiyyət iddiasındadırlar. Burada o vaxtkı rəhbərlərin səriştəsizliyi, Kremlin tapşırığı ilə millətdəki son ov silahlarının belə yığılması, Ermənistandan qovulan azərbaycanlıların Qarabağda deyil, Bakıda yerləşdirilməsi ilə sanki süni şəkildə bir münaqişə ocağı yaradılırdı. Bakıda milli qırğın törətmək istəyənlər var idi. Çox işlər var idi. Təəssüflər olsun ki, baş verənlərin qarşısını almaq mümkün olmadı. Bu gün də bu, davam edir. Çox iyrənc şəkil alıb. Adamlar belə söz-söhbətlərə qulaq asmaqdan yorulublar. Kim günahkardırsa, bu geridə qalan məsələdir. Günahı olanlar cəzalarını alıblar, ifşa olunublar. Azərbaycan müxalifəti və iqtidarının durumu ortadadır.
Ölkədə nələrin baş verdiyini də hər kəs görür. Amma bu gün bunların hamısının gecə-gündüz təhlil olunmasına, qarışılıqlı ittihamlara heç bir ehtiyac yoxdur. Xırda, xoş niyyətli tənqidlər ola bilər. Siyasi mübarizənin qayda-qanunları var. Amma bizdə bunların hamısı düşmənçilik səviyyəsindədir. Təkcə iqtidar-müxalifət qarşıdurması getmir, bu gün müxalifətin daxilində bir-birilərini yeməyə hazır olan qüvvələr, rəqiblərini yer üzündən silməyə hazır olanlar var. Vaxtilə çiyin-çiyinə dayanan insanlar bu gün bir-birilərini didməyə hazır vəziyyətə gəliblər. O zaman Xalq Cəbhəsində ilk qopmalar başlayanda fikrim var idi ki, müharibə şəraitini düşünüb bir müddət siyasi partiyalar yaratmaq işlərini təxirə salmaq lazımdır. Çünki bunların arxasında nələrin dayandığını yaxşı görürdük. Siyasi prosesləri ölkənin müdafiəsinə yönəltməyin vacibliyini dərk edib, bunları dilə gətirirdik. Amma əfsuslar olsun ki, o zaman siyasi şüarlarla reallığı nəzərə almayıb, belə situasiyalarda xalqların necə davrandığını düşünməyib, bizdə sanki heç nə olmamış kimi partiyalarını yaratmağa başladılar. Sonradan bu partiyaların bir çox bəzilərinin əlində oyuncağa çevrildilər. Hakimiyyət davası aparanların bir çoxu alət oldular. Bu da uzun müddət sağalmayacaq yaralar açdı. Birlik şansları sıfıra düşdü”.
S.Rüstəmxanlı iqtidarla müxalifət arasında hökmən səmimi dialoqun olmasına ehtiyac duyduğunu da dilə gətirdi: “Vətən, ölkəmizin gələcəyi naminə bu dialoq qaçılmazdır. Heç kim heç kimi həyatdan silib ata bilməz. Kimsə deyə bilməz ki, müxalifət tamam yox olub. Kim hakimiyyətdə yoxdursa, müxalifət düşərgəsindədir. Hər kəsin öz qayğıları, problemləri var. Milli ideyalarımızı nəzərə alıb, müxalifət də öz daxilində birlik yaratmalıdır. Şəxsi ambisiyaları, məqsədləri bir kənara qoyub, hökmən vahid birlik yaradılmalıdır. Milli barış, birlik zərurətdir. Azərbaycanın gələcəyi üçün yeganə yol budur. Mən prosesləri bu cür görürəm”. (musavat)
İnterpress.az