“Hər il bu vaxtlar Türkiyənin müxtəlif bölgələrində Xocalı soyqırımı ilə əlaqadər konfranslarda çıxışlar edirdim.”
25 ildir ki, bu yöndə çalışmağı, müxtəlif ölkələrdə görüşlər, dəyirmi masalar, müzakirələr keçirtməyi özümə borc bilmişəm. Bu il gələn dəvət üzrə Hollandiyanın Amsterdam şəhərində – Avropa Azərbaycanlılarının qurultayına qatıldım və Xocalı ilə baglı anım gecəsində iştirak etdim. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin yardımı ilə 26.02.2018 tarixində Amsterdamın böyük mədəniyyət mərkəzlərindən birində “Xocalıya ədalət” başlığı ilə Azərbaycanın və Avropanın sənət adamlarının hazırladığı konsert- rekviyemi dinləmək üçün toplaşmışdıq.
Adətən, belə anım gecələrində Xocalı çıxışçıların xatirələri ilə anlatılır, daha çox sözə üstünlük verilir. Budəfəki bir başqaydı, burada sadəcə Xocalı soyqırımı haqqında musiqi danışırdı. Bu mərasimdə Azərbaycan, Rusiya, Türkiyə, Baltikyanı ölkələr, Ukrayna, Almaniya, Belçika, Fransa və Hollandiyadan qatılan ziyalılar, dərnək başçıları, yerli siyasi xadimlər vardı. Hər kəs susaraq sənətin diliylə Xocalı soyqırımının acılarını yaşayırdı. Bir daha şahid oldum ki, sənətin açdığı qapıları siyasət aça bilmir…
Bir daha əmin oldum ki, biz dərdimizi hamının anlayacağı dildən anlatmağa çalışmalıyıq. Gənc bəstəkar Abuzər Mehdizadənin Xocalıya həsr etdiyi əsər hər kəsi təsiri altına alaraq, 1992-ci ilin o qanlı 26 fevral gecəsində yaşanan fəlakətə aparmışdı; biz Xocalıya getmişdik, orada yaşananlara şahidlik etmişdik və öldürülən insanların, yaşlıların, körpə uşaqların səsini eşidirdik. Sənətin gücü hər kəsi sehrləmişdi.
Ertəsi gün, fevralın 27- də Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayı öz işinə başladı. Qurultaydan öncə toplaşanlar qarşısında Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov çıxış etdi. O, dünyada və bölgədə gedən proseslər fonunda Azərbaycan diasporunun vəzifələrindən söz açdı. Əli müəllimin çıxışının əsasında Avropa dəyərləri, Azərbaycanın Avropaya inteqrasiyası, Qarabağın işğaldan azad edilməsi istiqamətində görülməli işlər, Avropa dövlətlərinin bu işğala və Xocalıda yaşanan soyqırıma ikili münasibəti, Azərbaycan prezidenti İlham Əliyevin daxili və xarici siyasəti dayanırdı. Natiq yeri gəlmişkən, bu ilin aprel ayında keçiriləcək prezident seçkilərinin əhəmiyyətindən də bəhs etdi. Əli Həsənovun çıxışında bir ifadə diqqətimi çəkdi: “Dünya hadisələrə ikili standartlarla yanaşır, Haqqın gücünü yox, Gücün haqqını müdafiə edir”. Bu, Avropa dəyərlərinə yaraşmır, onu gözdən salır.
Əli Həsənov Avropada yaşayan soydaşlarımıza müraciətində dedi:
“Sizlər harada yaşamağınızdan asılı olmayaraq unutmayın ki, azərbaycanlısınız, Azərbaycan sizin doğma vətəninizdir, vətəni isə sevərlər, ona xəyanət etməzlər”.
Əli Həsənov Azərbaycan dövlətinin xarici siyasətinə dəstək vermək üçün Diaspor təşkilatlarının birlikdə hərəkət etmələrinin zəruri olduğunu önə çəkdi və bu işdə prezident İlham Əliyevi dəstəkləməyə çağırdı.
Sonra qurultay öz işinə başladı. Qurultayda çıxış edənlərin əksəriyyəti dövlətimizin mənafeyini müdafiə etdiklərini və bu yolda bacardıqlarını etməyə hazır olduqlarını bildirdilər.
Diaspor komitəsinin sədri Nazim İbrahimov çıxış edərək, Avropa Azərbaycanlıları konqresinin işində ciddi bir təşkilatlanma getdiyini bildirdi:
“Həm Dövlət Komitəsi, həm də konqres tərəfindən çox uğurlu bir işə imza atılmışdır”.
III PANEL İCLASI:
“Azərbaycan diasporu və Azərbaycan mediası: əməkdaşlıq səviyyəsi, problemlər və onların həlli yolları” (KİV və diaspor təşkilatları rəhbərlərinin iştirakı ilə)
İlk dəfə idi ki, qurultayda panel yığıncaqlarından biri media liderlərinin ixtiyarına verilmişdi. Rauf Arifoğlu,Vüsalə Mahirqızı, Aynur Camalqızı, Aqil Ələsgər, Azər Həsrət və Toğrul Allahverdiyev hər biri ayrı-ayrılıqda çox maraqlı problemləri gündəmə gətirdilər və diasporamızın işinə yardımçı olmağın onlar üçün milli borc olduğunu qeyd etdilər.
Qurultay işini uğurla başa çatdırdı, idarəetmə orqanlarını seçdi və bizə düşən seçilmiş sədr Sahil Qasımov və idarə heyətinə uğurlar arzulamaqdır.
Bu işin bir də pərdəarxası qəhrəmanları vardır: Diaspor komitəsinin sədri Nazim İbrahimov və komitənin əməkdaşları, başda Nəriman Qurbanov olmaqla Elşad Miraləm, Kamil və əməyi keçən hər kəsə təşəkkür edirəm.
Əlbəttə, Avropanın göbəyində bu qədər milli əhəmiyyət kəsb edən bir tədbirə kölgə salmaq üçün ermənilər və Azərbaycanda yaşayan rus zehniyyətinin təmsilçiləri də boş durmamışdılar. Ermənilərin Azərbaycandakı dostları öz nümayəndələrini biznes klasda tədbirə göndərmişdilər və göndərdikləri nümayəndə, hər kəsin gözü önündə Azərbaycan xalqını təhqir etdi, rus dilində çıxış edərək, rusca danışmayanları, Bakıdan kənarda yaşayanları “mədəniyyətsiz”, bığlı və saqqallı olanlarımızı “çuşka” adlandıraraq, xalqa olan nifrətini püskürdü. Həmin salonda bir bakılı və bir yəhudini görməkdən təsəlli aldığını, ölkədə bakılılardan başqa hər kəsın “Fatmanisə” və “danabaş” olduğunu yüksək səslə söylədikdən sonra, dünyasını dəyişmiş keçmiş prezidenti də təhqir etdi.
“Masallıdan, Biləsuvardan evlənməyin, gəlin burdan evlənin, soyadınızı dəyişin, məsəlan “yandan”, “mandan” olun ki, mədəniyyətə sahiblənəsiniz”, dedi. Bakılı olmayan və rusca danışmayan, milli olan kim varsa, hamısı onun gözündə “çuşka”dır. Unudub ki çoxdan Bakıda öz dilini bilməyənlərə belə deyirlər. Mənim millətimi və onun qadınını təhqir edən bu zat, “Xocalını ermənilər deyil də, azərbaycanlılar törədib”, yazaraq illərdir bu sözü ermənilərin əlində əleyhimizə istifadə etdikləri silaha çevirmiş, vətənə xəyanətdə ittiham olunan, həbsdə yatan, Ayaz Mütəllibovun müsahibəsini dərc etməklə ermənilərə müttəfiqlik edən, Ramil Səfərova “qatil” deyən bu şəxs Azərbaycan dövlət məmurlarının himayəsində çalışır. Onun yazdığı hər yazıya görə böyük məbləğdə pul aldığı kimsəyə sirr deyil, hətta kimin haqqında yazırsa, o adamın taleyi həll olunur (təbii ki, pis mənada). İndi bir məsələni bilmək istərdim, gerçəkdənmi – mənim dövlətimin məmurları millətimizə bu qədər nifrət edirlər?
Qurultayın işinə kölgə düşməsin deyə, prezidentin köməkçisi Əli Həsənov bu xoşagəlməz hadisəyə müdaxilə etdi və bir dövlət məmuruna yaraşan şəkildə onların cavabını verdi.
Mən təmsil etdiyim qurumun adından cənab prezident İlham Əliyevə müraciət edəcəyəm, Vətənə xəyanətlə suçlanmış bir adama bu qədər imtiyazlar vermiş məmur dəstəsi hansı haqla bizi – Azərbaycan xalqının bakılı olmayan kəsimini təhqir edir? Eynulla Fətullayevin arxasında duran kimdir, yaxud kimlərdir və hansı ölkəyə xidmət edirlər?