Forumun artıq altıncı dəfə Bakıda keçirilməsi Azərbaycanın dünya üçün əhəmiyyətli bir ölkəyə çevrilməsi deməkdir.
Bildiyiniz kimi, Bakıda “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu keçirildi. Forumun işində Albaniya prezidenti Ilir Meta, Makedoniya prezidenti George İvanov, Moldova prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlut Çavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, Fələstin baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovina hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya baş nazirinin müavini Ana Birçall da daxil olmaqla, 10-dan çox ölkənin prezidenti, baş naziri və xarici işlər nazirləri iştirak edirdi.
Eyni zamanda, tədbirdə iştirak etmək üçün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq ölkə və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai və siyasi xadimlərin, eləcə də, alimlərin də daxil olduğu 500 nəfərə yaxın qonaq gəlmişdi. Üç gün davam edən forumda Azərbaycan üçün, eləcə də, dünya üçün əhəmiyyətli proseslər geniş müzakirə olundu. Forumun artıq altıncı dəfə Bakıda keçirilməsi Azərbaycanın dünya üçün əhəmiyyətli bir ölkəyə çevrilməsi deməkdir. Bu, o deməkdir ki, ölkəmiz dünyaya inteqrasiya yolunda sürətli şəkildə inkişaf edir. Eyni zamanda, forumun nüfuzlu beynəlxalq platformaya çevrilməsi danılmaz faktdır.
Forumda dünyanın 52 ölkəsindən gəlmiş rəsmi nümayəndənin Prezident İlham Əliyevin Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı çıxışını dinləməsi Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün növbəti şərait oldu. Forumda iştirak edən xarici dövlətlərin hökumət nümayəndələrinə “Xocalı qətliamı” barədə məlumatların çatdırılması ölkəmiz üçün mühüm bir addım idi. Bundan əlavə, Azərbaycanın tarixi keçmişi və müstəqilliyi uğrunda keçdiyi bütün yollar qonaqların diqqətinə çatdırıldı.
Azərbaycan Prezidenti İlham Əliyevin VI Qlobal Bakı Forumunda şəxsən iştirak etməsi forumun ölkəmiz üçün nə qədər əhəmiyyət daşıdığının bariz nümunəsidir. Eyni zamanda, ölkə başçısının Bakıda keçirilən bütün Qlobal Forumlarda iştirak etməsi və çıxış etməsi dövlətimiz üçün mühüm bir hadisədir.
Eyni zamanda, foruma təşrif buyuran qonaqların təmsil etdikləri dövlətlərlə Azərbaycanın dostluq və əməkdaşlıq etməsi ölkəmizin siyasi inkişaf yolunda uğurlu siyasətinin göstəricisidir. Bu, həm də Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbər və əməkdaşlarının ölkə hüdudlarından kənarda apardığı işlərin bəhrəsidir. Bununla deyə bilərik ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun ölkə xaricində Azərbaycanın təbliği fonunda apardığı uğurlu siyasətin müsbət tərəfləri öz əksini tapıb. N.İbrahimovun ölkə xaricində Azərbaycanı layiqincə təbliğ etməsi dünyanın 50-dən çox dövlətindən qonaqların ölkəmizə təşrif buyurması ilə nəticələndi. Bu, o deməkdir ki, Diasporla İş üzrə Dövlət Komitəsi üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirə bilib. Ümumiyyətlə, komitə əməkdaşlarının dövlətçiliyimizin təbliği fonunda xarici ölkələrdə kompaniyalar aparması Azərbaycanın ölkə xaricində inkişafına yol açır.
Bununla yanaşı, Diasporla İş üzrə Dövlət Komitəsinin Bakıda keçirilən VI Qlobal Bakı Forumunun təşkilatçılığında rol alması Ermənistanın ciddi narahatlığına səbəb olub. Eləcə də, forumda müxtəlif xarici ölkə rəsmilərinin iştirak etməsi erməni hökümətində təşviş salmağa başlayıb. Erməni mediası Bakıda keçirilən forumdan sonra Qərbin Ermənistana qarşı yeni sanskiyalar tətbiq edəcəyindən narahat olduğunu qeyd edib. Bununla da, Azərbaycan höküməti öz uğurlu siyasəti ilə növbəti dəfə düşmən qüvvələrini narahat etməyə nail olub.
Eyni zamanda, forum onu göstərdi ki, Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin icraçı direktoru Rövşən Muradovun xarici ölkələrdəki təbliğatı bir daha öz müsbət nəticələrini verdi. Eləcə də, DİDK-nin əməkdaşlarının xarici ölkə rəsmiləri ilə danışıqlar apararaq Azərbaycanla dostluq münasibətlərinin yaradılması fonunda gördüyü işlər danılmaz faktdır. Xarici ölkələrdə Azərbaycan mədəniyyətinin, ölkəmizin tarixi keçmişinin, vətənimizin tarix boyu yadelli düşmən hücumlarına məruz qalmasının, dövlətçiliyimizin və ümumilikdə, Azərbaycan həqiqətlərinin təbliğ olunmasında diaspor əməkdaşlarının çiyinlərinə ağır bir yük düşdüyü göz önündədir. Amma onlar bu yükü çiyinlərində deyil, ürəklərində daşımağı özlərinə borc bilir. Çünki, dövlətimiz və millətimiz uğrunda bütün vücudu ilə çalışmaq hər bir azərbaycanlının ən ümdə borcudur.
Ümumilikdə, forumda ölkəmiz üçün və dünya xalqları üçün müsbət nəticələr əldə olundu. Bu zaman maraqlı bir nüansı diqqətinizə çatdırmaq istəyirəm. Forum çərçivəsində “Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı türkiyəli deputat Ekmeleddin İhsanoğlunun səhhətinin pisləşməsi diqqətimi çəkdi. Daha sonra xəstəxanaya yerləşdirilən deputatın infarkt keçirdiyi məlum oldu. Bu, bir təsadüfmü? Hər gün terror hadisələrinin baş verdiyi şərqdə qan tökülməsi adi bir hala çevrilib. Adam Orta Şərqdə baş verən hadisələrdən danışarkən ürəyi sancır və infarkt keçirir. Bu, o deməkdir ki, damarında türk qanı axan hər bir şəxs dünyada baş verən bütün faciələri hiss edir, faciə qurbanlarının dərdinə şərik olur. Eyni zamanda, bu dərdi ürəyinə hopdurur. Dünyada baş verən bütün siyasi faciələrə ürəyin tab gətirməsi mümkün deyil.
Məhz, bu baxımdan, dünya xalqlarının dostluğu, cəmiyyətlərin sıx əməkdaşlığı və dövlətlər arasında bəşəriyyət naminə müsbət münasibətin qurulması forumun əsas mahiyyətindən ibarətdir. Dünyada baş verən istənilən qətliamlar, terrorlar və işğallar forumda qınanılan müzakirə mövzusu idi.