“Azərbaycançılıq ideologiyasının tərəfdarları hədəf seçilir” – Toğrul Allahverdilibackend

“Azərbaycançılıq ideologiyasının tərəfdarları hədəf seçilir” – Toğrul Allahverdili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycana qarşı bəzi qüvvələr tərəfindən aparılan qarayaxma kampaniyasının dövlətimizdən necə təsirsiz ötüşdüyünü müşahidə edirsiniz. Elə buradaca dilimizin əzbərinə çevrilən o məşhur məsəli diqqətinizə çatdırmaq istərdim: “Sən saydığını say, gör, fələk nə sayır”. Sözümü ölkə hüdudlarından kənarda yaşayıb ölkəmizə qarşı işləyənlərin maskalı sifətlərinə deyirəm. Bütün günlərini sosial şəbəkələrdə təhqirlərə sərf edən sosial qəhrəmənların söyüş siyasəti iflasa uğramaq üzrədir.

Onları daha çox pişiyin öz kölgəsində özünü pələng kimi görməsinə bənzədirəm.

Elə buna görə də, onların əsl həqiqətdə kim olduqlarını hamı bilir. Məhz, bu səbəbdən öz kampaniyalarını həyata keçirməkdə özlərindən başqa heç kim bu iyrənc oyunda rol almaq istəmir. Yalnız, barmaqla sayılası qədər özlərindən başqa. Onlar elə düşünür ki, vətənini tərk etdinsə, mütləq söyüşə əl atmalısan və tərk etdiyin vətəninə qarşı söyüşlər yağdırmalısan. Bu, həmçinin, onların yaşadığı ölkələrin qanunlarına qarşı da zidd bir əməldir. Amma düşünmürlər ki, Avropada dövlətini sevən yüz minlərlə azərbaycanlı yaşayır. Və dövləti, milləti, xalqı uğrunda xeyirli işlərin görülməsi üçün məkanın heç bir fərqi yoxdur. Cənubi Azərbaycanda yaşayan soydaşlarımız arasında belə bir deyim var. Onlar deyir ki, bütün xarabları düzəltmək olar, zatı xarabdan başqa. Hesab edirəm ki, söyüşdən dövlətimizə və xalqımıza qarşı ermənilər kimi istifadə edən bu ünsürlərin zatında problem olduğu üçün onların əhliləşdirilməsi mümkün olmayacaq. Amma çox maraqlıdır ki, görəsən, onlar ermənilərlə özləri arasında ortaq cəhətləri müşahidə ediblərmi? Müşahidə etməyiblərsə də, buradan onların nəzərinə çatdırmaq istəyirəm ki, sizin kimi ermənilər də Azərbaycan dövlətinin əleyhinədir. Birgə fəaliyyətlərini açıq-aşkar ortaya qoyduqlarına görə, eyni nöqtədən idarə olunduqlarını nümayişkəranə şəkildə bəyan edirlər.

Onların Azərbaycan xalqını, dövlətini, ölkənin birinci şəxsini və ailəsini, Prezidentin köməkçisini və bütövlükdə, ölkə başçısının komandasını hədəfə almalarının səbəbi də ermənilərlə eyni nöqtədən idarə olunmalarından irəli gəlir.

Bu barədə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri hörmətli Nazim İbrahimov da mətbuata verdiyi müsahibəsində daha ətraflı danışır. Bildiyiniz kimi, Azərbaycanın xaricdəki diaspor təşkilatları ölkə hüdudlarından kənarda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində müxtəlif işlər görür. Eyni zamanda, həmçinin, ölkə daxilində də Azərbaycan həqiqətlərinin beynəlxalq arenaya çatdırılmasında DİDK-nin əvəzsiz rolu olub. Ötən ay Bakıda keçirilən VI Bakı Qlobal Forumunda beynəlxalq siyasi xadimlərin, qlobal dünyadan paytaxtımıza təşrif buyurmuş prezidentlərin, nazirlərin, rəsmi şəxslərin iştirakı bir daha sübut etdi ki, Azərbaycan dünyada sürətli inkişaf yolunu tutub. Bakının qlobal müzakirələrin mövzusu üçün mərkəzə çevrilməsi ölkəmizin xarici siyasətinin ən uğurulu göstəricilərindən biridir. Təbii ki, burada DİDK-nin sədri hörmətli N.İbrahimovun xidmətləri böyükdür və saymaqla da bitən deyil. Nazim müəllimin dediyi kimi, ölkəmizə qarşı müəyyən dövlətlər tərəfindən ikili siyasətin aparılması bizi müəyyən qədər üzür. Eyni zamanda, ölkəmizin daha da qətiyyətli, daha da mübariz, daha da güclü dövlətə çevrilməsi üçün stimul verir.

Bütün dünyanın gözü qarşısında Azərbaycan artıq mürəkkəb problemlərin həll olunması üçün uyğun seçilən məkana çevrilib. Bununla da, Azərbaycan dünyada baş verən geosiyasi proseslərin, münaqişələrin hökm sürməsinə baxmayaraq inkişaf etməkdən yayınmayıb. Bəzi, tör-töküntüdən başqa, xaricdəki yaşayan soydaşlarımız da qürbətdə yaşamalarına baxmayaraq öz tarixi vətənləri ilə fəxr edirlər. Vətənpərvər soydaşlarımız Azərbaycanda baş verən inkişafdan xəbərdardır. Onlar bu inkişafın sürətlənməsində Prezident İlham Əliyevin xidmətlərinin olduğunu bilirlər. Amma digər anti-Azərbaycan kampaniyalarının iştirakçıları olan düşmən qüvvənin əlaltıları isə Avropadan Azərbaycan üzərinə kölgə salmağa çalışırlar. Düşünürəm ki, onların ən layiqli cavabını Nazim İbrahimov müsahibəsində verib. Hesab edirəm ki, bu, onlara sillə kimi bir cavabdır: “Aprel ayında bizim Avropadakı diaspor təşkilatlarının müxtəlif tədbirləri olacaq. Gücləri çatırsa, gəlsinlər. Gələ bilərlər? Əlbəttə ki, yox. Çünki onlar mahiyyətcə səbatsız, cəsarətsiz, kamera qarşısında bağırıb söyüş söyməkdən başqa heç nə bacarmayan qorxaqlardır. Hesab edirəm, gəlsələr də paylarını alacaqlar. Qanunlar çərçivəsində biz də gücümüzü ortaya qoymağa hazırıq. Elə burdan da bəyan edirəm ki, bizim diasporumuz Avropada çox böyük tədbirlər keçirir, hünərləri varsa gəlsinlər. Həqiqi vətənpərvərlər, əsl azərbaycanlılar öz sözlərini deyəcəklər. İmkan verməzlər ki, üç-beş tərbiyəsiz dövlətimizə hörmətsizlik etsin”.

Elə bu cavabdan sonra, həmin söyüşcül dəstə tərəfindən N.İbrahimova qarşı kampaniya başladılıb.

Adamlar hiss olunur ki, söyüşü siyasi alətə çevirməkdən başqa heç bir dəlil və sübuta malik deyillər. Eyni zamanda, söyüşcül qrupun bir neçə gün öncə hörmətli millət vəkili Adil Əliyevin Almaniyanın Köln şəhərində baş tutan tədbiri haqqında da qarayaxma kampaniyası aparmaları onların şər və böhtan atmaqdan başqa əllərindən heçnə gəlmədiklərini göstərdi. Bir müddət öncə isə, Prezidentin köməkçisi hörmətli Əli Həsənovun hədəf seçilməsi və təhqir olunması məni çox da uzaq olmayan keçmişə səyahət etməyə vadar etdi. Bir zamanlar radikal müxalifətin banisi Əli Kərimlinin söyüş maşınlarından biri olan Turqut Ərin Azərbaycanın dəyərli xanımı Tənzilə Rüstəmxanlını təhqir etməsi də yaxşı yadımdadır. Elə onların təhqirə hədəf seçdikləri şəxslərə görə, bəzən, bir sual beynimdə məni rahat buraxmır. Ümumiyyətlə, niyə məhz Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının tərəfdarları hədəf seçilir? Niyə, söyüşcül dəstə Azərbaycanı sevən, dövlətçilik naminə ömürlərini sərf edən vətənpərvərlər hədəf seçilir? Niyə, bu ölkədə ruspərəst, farspərəst deyil, amma millətpərəstlər onların hədəf nöqtəsi təyin olunur? Bu sualların cavabı elə də çətin deyil. Çünki, azərbaycançılıq ideologiyasının tərəfdarları dövlətimizin, xalqımızın, millətimizin inkişafına hesablanıb. Amma “digərpərəstlər”in təbliğ etdikləri ideologiya ölkədə şovinizmin yaradılmasına, ölkənin parçalanmasına, Azərbaycanın xəritədən silinməsinə yönəlib.

Çox təəssüflər olsun ki, damarlarından azərbaycanlı qanı axan bir qrup şəxsin öz vətənləri olan Azərbaycanın parçalanmasına nail olmaq üçün həyata keçirdikləri iyrənc siyasətləri mövcuddur. Bütün bunlara baxmayaraq, qeyd etmək istəyirəm ki, Azərbaycanın Prezidenti İlham Əliyev təkcə, Azərbaycanda yaşayan azərbaycanlıların prezidenti deyil. Ölkə başçısı dəfələrlə deyib ki, mən dünyada yaşayan bütün azərbaycanlıların prezidentiyəm.

Toğrul Allahverdili

İnterpress.az