Bununla əlaqədar olaraq Bakıda səfərdə olan hər iki təşkilatın rəhbərliyi tərəfindən həm birləşmə qurultayı məsələsi ilə bağlı, həm də Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsi istiqamətində görüləcək işlər barədə məlumat xarakterli mətbuat konfransı keçirilib.
İnterpress.az musavat.com-a istinadən xəbər verir ki, ilk öncə tədbirdə iki il öncə aprel döyüşlərində dünyasını dəyişən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutl yad edilib, Dövlət himni səsləndirilib.
Tədbirdə Dünya Azərbaycanlıları Milli Birlik Təşkilatının rəhbəri Cavad Derəxti çıxış edib: “Qərara gəldik ki, bu təşkilatları bir yerə toplayaq. Xarici ölkələrdə çoxsaylı təşkilatlarımız var. Onlar Bütöv Azərbaycan üçün deyil, yalnız və yalnız Azərbaycan üçün çalışırlar. Biz diaspor olaraq Bütöv Azərbaycanın hüquqlarını müdafiə etmək, onun haqq səsini dünyaya çatdırmaq üçün varıq. Bu ölkəyə, ana vətənimizə viza ilə gəlirik.
İstər müxalifət, istərsə də iqtidar tərəfindən bəzən bizi tədbirlərə dəvət edirlər. Lakin biz qəbul etmirik, çünki müstəqil təşkilatıq, insanlarıq, müstəqil düşünürük. Bura gəlməkdə əsas məqsədimiz 31 mart Azərbaycanlıların soyqırımı ilə bağlıdır. Hansı ki, 100 il bundan əvvəl Azərbaycanın həm quzeyində, həm də güneyində ermənilər, assurilər və digərləri soyqırım törədib. Təəssüflər olsun ki, Güney Azərbaycanda bununla bağlı hələ ki, çox dərin araşdırma aparılmayıb”.
Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyev təmsil etdiyi qurum haqqında məlumat verib: “Qurumumuz beynəlxalq təşkilat olaraq Almaniyada qeydiyyatdan keçib. 2016-cı ilin sentyabrından başlayaraq qurumumuz bir çox tədbirlər həyata keçirib. Bilirisiz ki, iki il öncə bu tarixdə aprel döyüşləri baş vermişdi. Həmin zaman qurumumuz erməni diasporuna, müxtəlif ölkələrin təşkilatlarına etiraz məktubları göndərdi. Bununla da o zamankı Avopra Parlamentinin prezidenti bəyanat verərək Ermənistanın təcili və qeyri-şərtsiz olaraq Azərbaycanın işğal etdiyi ərazilərini tərk etməsi tələbini qoydu. Bu olay qurumumuzun aprel hadisələri ilə bağlı müəyyən işlərindən biridir.
Azərbaycanın hələ də əsirləri, girovları var. Bu bizim qurumumuzun bir nömrəli məsələsidir. Dilqəm Əsəgərov, Şahbaz Quliyevin azad olunması ilə bağlı beynəlxalq təşkilatlara müraciət etmişik. Təbii ki, biz beynəlxalq təşkilat olduğundan bu müraciətlərimizə və etirazlarımıza reaksiyalar verilidi. Avropa İnsan Haqları baş komissiarı və Qızıl Xaç Komitəsinin prezidenti bildirdi ki, bu məsələni şəxsən öz nəzarətlərinə götürüblər”.
Tədbirə digər qurum və təşkilatların rəhbərləri, üzləvləri çıxış edərək müzakirələr aparıb.
İnterpress.az