Məsələlərin aktuallığını nəzərə alaraq AzNews.az-ın əməkdaşı Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı Ərəstun Oruclu ilə söhbətləşib. Keçmiş MTN-çi qurumun idarəedilməsinin hazırda daxildən bir nəfərə həvalə olunduğunu düşünür.
– Nazirin olmaması həmin qurumun işləməməsi anlamını verməməlidir. Düşünürəm ki, bu səlahiyyətləri icra etmək daxildən kiməsə həvalə edilib. Əslində, nazir işdən çıxarılsa da, qurumun hər bir strukturu öz işini görməkdə davam edir. Rəhbərliyin olub-olmamasının burada elə də böyük təsirləri yoxdur Təbii ki, təşkilati məsələlərdə müəyyən qədər təsir ola bilər. Bu qurumun öz sahəsi və konkret işləri var. Düşünürəm ki, o işlər davam etdirilir. İnanmıram ki, rəhbərliyin olmaması işin keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərib.
– Ərəstun müəllim, MTN kimi lazımlı və ciddi bir qurumun rəhbərsiz olması ölkənin sabitliyinə təhlükə yarada bilərmi?
– Ən böyük təhlükə arxada qaldı. Ən böyük təhlükə 11 ildə Eldar Mahmudovun və ətrafının nazirliyin başında olması idi. Əgər bu illər ərzində heç bir fəlakət baş verməyibsə, deməli, yeni rəhbər təyin olunana kimi də heç nə baş verməz.
– Ən böyük təhlükə deyəndə nəyi nəzərdə tutursunuz? E.Mahmudov və ətrafı nə edib ki, onları az qala dövlətə xəyanətdə suçlayırlar?
– Heç nə etməsəydilər, qurumun 10 generalı birdən həbs olunmazdı. Yəqin ki, nəsə ediblər. Biz onların nə etdiklərini axıra kimi bilməyəcəyik. Bəlkə illər sonra detallar açıqlanacaq. Amma ən azı onu deyə bilərəm ki, keçmiş rəhbərliyin etdiyi ən böyük iş Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin imicini ciddi şəkildə zədələməsidir. Həmçinin MTN işçilərinin əhalini şantaj etməsi, pul alması və digər qanunsuz əməlləri bu quruma ən böyük zərbələrdəndir. Çünki ölkənin təhlükəsizlik orqanında korrupsiya halları baş verirsə, bu, artıq dəhşətli məsələdir. Əgər orada da tanışlıqla, pulla və ya digər vasitələrlə işə götürülməsi halları olursa ki, belə hallar kifayət qədər çoxdur, deməli xarici kəşfiyyat da öz adamlarını buraya yerləşdirmiş ola bilər. Mən dəfələrlə bildirmişəm ki, bu qurumda baş verənlər ölkə üçün ciddi təhlükədir. Düşünürəm ki, bu artıq arxada qaldı.
– Milli təhlükəsizlik naziri olmuş şəxs hər halda ölkə ilə bağlı ciddi informasiyalara malikdir. Belə informasiyalara, loru dillə desək, parollara malik adamın sonrakı taleyi nə ola bilər?
– Azərbaycan tarixində indiyə kimi bir qurumun 6-sı general olmaqla 10-a yaxın əməkdaşının bir gecədə həbs olunması heç sovet tarixində də olmayıb. Bu, çoxları üçün dərsdir. Əgər nadir tarixi hadisə olubsa, belə bir vəziyyətdə nazir məsuliyyət daşımaya bilməz. Deməli, nazir haqda da müəyyən ölçülər götürüləcək. MTN-in keçmiş rəhbəri dövlət üçün real təhlükədir. Hətta o, həbs olunmasa belə, informasiya daşıyıcısı olmaq, dövlət sirrləriyə əlaqəsi olmaq təkcə güclü olmaq deyil, həm də məsuliyyətdir. Belə adamlar əllərindəki imkanların məsuliyyətini dərk etməlidir. Son hadisələr göstərir ki, bunu keçmiş rəhbərlər dərk etməyiblər. Amma hər halda sonuncu hadisələrdən sonra bu məsuliyyət hissi yaradıldı.
– Bu ərəfədə xarici kəşfiyyat orqanları istifadə edib terror hadisələri, yaxud hansısa qarışıqlıq yarada bilərlərmi?
– Düşünmürəm ki, bundan istifadə edib hansısa terror hadisələri törədilsin. Çünki digər təhlükəsizlik orqanları var.
– Nazirliyə artıq yeni birinci müavin təyinatı oldu. Bundan sonra hansı dəyişikliklər ola bilər?
– Nazir postuna kimin gəlməsindən asılı olmayaraq çox ciddi dəyişikliklər olacaq. Bu dəyişikliklər yaxın vaxtın işi deyil. Məncə, MTN yenidən qurulmalıdır. Bu prosesi peşəkarlar aparacaqsa, bu, 5 ilə çəkəcək. 11 ilə vurulmuş zərbəni 5 ildə düzəltmək qəhrəmanlıq olar. 11 il öncə işdən çıxarılan və qeyri işlərə qoşulmayan şəxslərin nazirliyə yenidən qaytarılması zəruridir.
– Yəni Ərəstun Oruclunu yenidən MTN-də görə bilərikmi?
-Bu real deyil. Ona görə bu məsələ üzərində heç düşünmürəm də.
İnterpress.az