Hindistanda 2029-cu ilə qədər parlamentin aşağı palatasında və əyalət məclislərində yerlərin 33 faizinin qadınlara ayrılmasını nəzərdə tutan qanun layihəsi parlament tərəfindən qəbul edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Maliyyə naziri Nirmala Sitharaman dünən parlamentin yuxarı palatasındakı çıxışında qadınların bərabər şəkildə təmsil olunmasına yönəlmiş hüquqi tənzimləmənin 2029-cu ildə keçiriləcək seçkilərdə qüvvəyə minəcəyini açıqlayıb.
2029-cu ilə kimi parlamentin aşağı palatasında və ştat məclislərində yerlərin 33 faizinin qadınlara ayrılması ilə bağlı hüquqi tənzimləmə parlamentin hər iki palatası tərəfindən təsdiqlənib.
Sözügedən tənzimləmə müxalifətin də dəstəyini alsa da, gec tətbiqinin (2029-cu ildə) qadınlara qarşı haqsızlıq olacağı iddia edilərək 2024-cü ilin mayında keçiriləcək ümumi seçkilərdə tətbiq edilməsi çağırışı var.
Ədliyyə naziri Arjun Ram Meqva diqqətə çatdırıb ki, beynəlxalq miqyasda qadınların siyasətdə təmsil olunma nisbəti təxminən yüzdə 24 olsa da, Hindistanda əhalinin təxminən 48 faizini təşkil edən qadınların parlamentdəki təmsilçiliyi 15,1 faizdir.
Hakim Bharatiya Janata Partiyası (BJP) 1996-cı ildən müxalifət partiyalarının dəstəyi ilə qadınların bərabər şəkildə təmsil olunmasına yönəlmiş hüquqi tənzimləmə üzərində işləyərkən, ştatlarda yerli partiyaların etirazları ilə üzləşməyin prosesi uzatdığı bildirilir.
Digər tərəfdən, Hindistanda qadınların kişilərə nisbətən daha məhdud hüquqları olduğu bilinir.