Bir neçə gün əvvəl Rusiyada “Crocus City Hall”da törədilmiş terror aktı dünyada bir daha təhlükəsizlik tədbirlərinin gücləndirilməsi zərurətini yaradıb. Xeyli sayda günahsız insanın terrorun qurbanı olması uzun illər terrordan əziyyət çəkən bir xalq kimi bizi də dərindən kədərləndirib. Bəli, biz azərbaycanlılar mütəmadi olaraq erməni terrorundan əziyyət çəkmişik və bu terrorların vurduğu yaralar hələ də sağalmayıb. Xocalıda törədilən terroru mu deyək, Ağdaban faciəsini mi deyək, Vətən müharibəsi zamanı döyüşlərin getdiyi ərazidən xeyli kilometrlərlə uzaqda yerləşən şəhər və rayonlarımızın ballistik raketlərdən terrora məruz qalmasını mı deyək… Saydıqca bitməz və bitən deyil.
Bu sözləri İnterpress.az-a açıqlamasında Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri, siyasi şərhçi Toğrul Allahverdili deyib.
O xatırladıb ki, bütün bunların fonunda “Crocus City Hall”da törədilmiş terror aktını Azərbaycanla və azərbaycanlılarla əlaqələndirmək yalnız və yalnız bir tərəfi erməniyə gedib çıxan şəxsin təxəyyülünün məhsulu ola bilərdi:
“Özləri o qədər terrorist düşüncəlidir ki, içərisində boğulduqları kin və nifrət üzündən azərbaycanlıları terrorçu kimi qələmə verməyə cəhd göstərirlər. Təbiidir ki, teleaparıcı, jurnalist Vladimir Slovyovun Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsi birinci dəfə deyil. Biz xalq olaraq onun bu cür mövqe nümayiş etdirməsi ilə çoxdan tanışıq. Dəfələrlə xalqımıza və dövlətimizə qarşı hədyanlar səsləndirən bu ermənipərəst varlığın arxasında kimlərin dayandığı heç kəsə sirr deyil. Onun erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyan və media maqnatı Aram Qabrielyanovla sıx əlaqəsinin mövcudluğundan hər kəsin xəbəri var”.
“Pulunu verib çaldırırlar aşıq kimi. Amma bu zurnalist anlamır ki, səsləndirdiyi ittihamlarla nümayiş etdirdiyi qərəzli və iyrənc mövqeyi Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirə bilər. Məsuliyyətsiz ermənipərəst zurnalist dərk etmir ki, bu iki ölkə təkcə qonşu deyil, həm də müttəfiq və dost ölkədir. Ümid edirik ki, ermənilərin himayə etdiyi bu dezinformasiya carçısı öz səhvini başa düşəcək və üzr istəyəcək”, – əlavə edib.