Dörd COVID-19 xəstəsindən 3-ü lazımsız antibiotik qəbul edib.
İnterpress.az xəbər verir ki, ÜST ekspertləri 2020-ci ildən 2023-cü ilə qədər 65 ölkədən koronavirus infeksiyası səbəbindən xəstəxanaya yerləşdirilən 450 min xəstə haqqında məlumatları təhlil ediblər.
Dünyanın hər yerindən həkimlər onların müalicəsi haqqında məlumatları Qlobal COVID-19 Klinik Məlumat Hesabat Platformasına yükləyiblər.
Bu məlumatların öyrənilməsinin nəticələri aprelin sonunda illik Avropa Kliniki Mikrobiologiya və Yoluxucu Xəstəliklər Konqresində təqdim olunub.
Əsas nəticə ondan ibarətdir ki, COVID-19 pandemiyası zamanı bütün dünyada antibakterial dərmanlardan əhəmiyyətli dərəcədə sui-istifadə halları baş verib.
Hesabatın müəllifləri müəyyən ediblər ki, COVID-19 ilə xəstəxanaya yerləşdirilən insanların yalnız 8 faizində bakterial mikrofloranın diaqnozu qoyulub.
Bununla belə, bir çox həkimlər öz vəziyyətlərində lazımsız olan xəstələrə antibiotiklər təyin edirdilər – orta hesabla dörd xəstədən üçü dərman qəbul edirdi (təxminən 75%).
Reseptin təyinedilmə tezliyi bölgələrə görə dəyişirdi. Məsələn, Qərbi Sakit okean regionunda 33%-dən Şərqi Aralıq dənizi və Afrikada 83%-ə qədər.
Ən tez-tez – 81% hallarda – antibiotiklər ağır koronavirus infeksiyası olan xəstələrə və vəziyyəti ağır olanlara təyin edilib. Afrika Bölgəsində yüngül və orta ağır COVID-19 üçün antibiotiklər daha tez-tez təyin edilib (halların 79%-i).
ÜST mütəxəssisləri antibiotiklərin təyin edilməsinin COVID-19 xəstələrinin klinik nəticələrini yaxşılaşdırmadığını vurğulayıblar. Eyni zamanda, onların istifadəsi dünyada antibiotiklərə qarşı müqavimətin yayılma ehtimalını artırıb.
Xuraman Etibarlı
İnterpress.az