TİKA 14 fərqli ölkədən arıçıları Bakıda bir araya gətirdi – FOTOLARbackend

TİKA 14 fərqli ölkədən arıçıları Bakıda bir araya gətirdi – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə Azərbaycanda fəaliyyət göstərən arıçılıq qurumlarının təşkilatçılığı ilə “I Api Avrasiya Arıçılıq Konqresi” Bakıda keçirildi.

Konqresə Azərbaycan və Türkiyə ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Şimali Makedoniya, Ukrayna, ABŞ, Cənubi Koreya, İran, Rusiya Federasiyası və digər ölkələrdən olmaqla ümumilikdə 14 ölkədən 200-dən çox peşəkar arıçı, alim, arıçılıq qurumlarının nümayəndələri və iş adamları qatıldı.

Tədbirin açılışında Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov, Azərbaycan Arıçılar Birliyinin sədri Bədrəddin Həsənov, TİKA Bakı Proqram Koordinatoru Həyrəddin Özçelik, Api Avrasiya Birliyinin Baş Katibi Anıl Ergin və Azərbaycan Peşəkar Arıçılar Birliyinin sədri Elxan Ələkbərov çıxış etdilər.

KOBİA sədri Orxan Məmmədov çıxışında arıçılığın yalnız kənd təsərrüfatı və heyvandarlığın bir sahəsi kimi deyil, yaşıl iqtisadiyyat və ekoloji tarazlığın qorunması baxımından həyati əhəmiyyətə malik bir sahə olduğunu vurğuladı.

TİKA Bakı Proqram Koordinatoru Həyrəddin Özçelik, Azərbaycanın müxtəlif iqlim qurşaqları və məhsuldar torpaqları ilə strateji əhəmiyyətə malik olduğunu, arıçılıq sahəsində böyük potensiala sahib olduğunu qeyd etdi. O, TİKA-nın 2008-ci ildən bəri Azərbaycanda arıçılığın inkişafına yönəlmiş bir sıra layihələr həyata keçirdiyini və bu sahəyə dəstəyin davam etdiriləcəyini bildirdi. Bundan əlavə, Bosniya, Monteneqro, Şimali Makedoniya, Gürcüstan və Afrika ölkələri də daxil olmaqla, dünyanın müxtəlif bölgələrində arıçılıq layihələrinin uğurla icra edildiyini vurğuladı. Özçelik, TİKA-nın beynəlxalq arıçıları bir araya gətirərək onların bilik və təcrübə mübadiləsinə xüsusi önəm verdiyini qeyd etdi.

Konqresdə Türkiyədən Karadeniz Texniki Universitetinin müəllimi Prof. Dr. Sevgi Kolaylı, arıçılıq məhsullarının keyfiyyət və təhlükəsizlik standartları, həmçinin beynəlxalq bazarlara çıxış imkanları haqqında təqdimat etdi.

Ukraynalı arıçılıq mütəxəssisi Vladimir Malihin, ana arı yetişdirilməsi sahəsində ənənəvi və yeni metodlar haqqında təcrübələrini iştirakçılarla bölüşdü.

ABŞ-dan konqresə qatılan arıçılıq eksperti Dr. Dan Aurell, arı xəstəlikləri və onlarla mübarizə üsulları haqqında geniş təqdimat etdi.

Gürcüstan, Şimali Makedoniya, İran, Rusiya, Cənubi Koreya və Türkiyədən olan mütəxəssislər arıçılıq, bal istehsalı, arı xəstəlikləri və digər mövzularda təqdimatlar keçirdilər.

Azərbaycan Arıçılar Birliyinin sədri Bədrəddin Həsənov, dünyanın müxtəlif ölkələrindən arıçılıq sahəsində mütəxəssis və alimlərin bilik və təcrübələrini paylaşmasına şərait yaradan bu tədbirin təşkilinə görə TİKA-ya minnətdarlığını ifadə etdi.