“Şair sadəcə Allahın sözünü demir, həm də Allahın dili ilə danışır”backend

“Şair sadəcə Allahın sözünü demir, həm də Allahın dili ilə danışır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar tənqidçilər içərisində ən çox adı hallandırılan simalardan bir də Əsəd Cahangirdir.
Tənqidçi-adından məlum olduğu kimi, oxuyub gördüklərinə tənqidi yanaşmaqla həmin şəxslərin yazdıqlarına fikrini bildirməlidir. Azərbaycan ədəbi-tənqidində yerlibazlıq, dəstəbazlıq, şəxsi mənafebazlıq, tənqidin dilinin anlaşılmazlığı, tənqidçilərin nəzəri sxemlərə ifrat aludəçiliyini vurğulayan Əsəd Cahangir özü tənqid atəşinə məruz qalıb. Tənqidi fikirləri yazarlar tərəfindən heç də birmənalı qarşılanmayan Əsəd Cahangirlə həmsöhbət olunca onun haqlı iradlarından küsüb-inciyənləri qınadım. Əslində onun məsələyə münasibəti, fikir və düşüncələri yerində deyilmiş söz kimi dəyərləndirilməlidir. Əsəd Cahangirlə müsahibəni İnterpess.az oxucularına təqdim edirik.

– Əsəd bəy, muasir Azərbaycan ədəbiyyatini necə qiymətləndirirsiniz?

Mən deyərdim ki, müasir ədəbiyyat bir neçə şəxsin monopoliyasındadır ki, hər kəsin öz dəstəsi var. Yəni ki, dəstəbazlıq ədəbiyyatın əsas göstəricisinə çevrilib. Hərə öz dəstəsinə mənsub olanı irəli çəkir. Dəstəyə bir qayda olaraq istedadsız və kəmsavad adamlar daxil edilir ki, dəstə başçısı onlarla müqayisədə özünü dahi kimi hiss edib rahat olsun. Sanki Qulliver özünü cırtdanlar ölkəsində hiss edir. Dünya ədəbiyyatı müstəvisinə çıxanda isə Qulliverlərimiz özləri cırtdana dönürlər.
Dəstə başçısının yazdığı zəif, ortabab əsərləri ağına-bozuna baxmadan tərifləmək dəstə üzvlərinin müqəddəs görəvidir.
Bunun əvəzinə onlar kral süfrəsinin qırıntılarını dadmaq səadətinə nail olurlar. Dəstəyə daxil olan neofit qadındırsa, şöhrətə gedən daha qısa yollardan istifadə edir. Ədəbiyyatda heç vaxt indiki qədər əxlaqi tənəzzül, mənəvi deqaradasiya olmayıb və məncə, bunu qəsdən yaradırlar.
Vaxtaşırı ədəbiyyata istedadlı gənclər gəlir, amma onlar qısa müddətdə neqativ təsirlər altına düşür, düz yoldan sapırlar. Sapırlar deyəndə ki, onları bilərəkdən sapdırırlar, gənclər isə təcrübəsiz olduğundan bunun fərqində olmur. Ümumən, istər gənc olsun, istər qoca, öz fikri, yanaşması olmayandan yazıçı olmaz.
Son bir neçə ildə oxuduqlarım arasında Könül Arifin və Akif Ulucayın şeirləri, Müşfiq Şükürlünün hekayələri mənə daha maraqlı gəlir. Onların hər üçündə qərbçilik və milli düşüncənin sintezi var. Bizdə indiyə qədər gənclər adətən ya qərbçi, ya da milli olurdu. İndi bu məhduduiyyət aradan qalxır. Bu o deməkdir bədii sözümüz coğrafi ölçülərin fövqünə qalxır. Yəqin buna görə onların hər üçündə razılıq doğuran bir metafizik yüksəliş cəhdi görürəm. Bu, zamanın tələbidir və onlar zamanın təmsliçisi kimi bunu ifadə etməyə çalışırlar. Xüsusən də, Könülün şeirlərində Azərbaycan poeziyasında ilk dəfə olaraq, ilahi və bədii söz birbaşa sintez olunur. Yəni şair sadəcə Allahın sözünü demir, həm də Allahın dili ilə danışır – yəni Allahın tərzində, Quran üslubunda yazır. Amma bunu da təəssüf hissi ilə deyim ki, ilk kitabının dərcindən sonra Ulucayda elə bil ki, müvəffəqiyyətdən başgicəllənməsi hiss edirəm. Ümid edirəm ki, bu müvəqqəti haldır və keçib gedəcək.

-Yaşlı nəsil yazıçılarından kimləri gənclər özlərinə örnək seçiblər?

Gənc nəsil yaşlı nəsli sevmir və məncə haqlıdırlar. Yaşlı nəsil də gənc nəsli sevmir, onların də öz haqlı olduqları məqamlar var. Amma günahkar özləridir, çünki bu durumu özləri yaradıblar. Heç bir sənət sahəsində ədəbiyyatdakı qədər arzuolunmaz durum yoxdur. Bir sözlə, nəsillər arasında kəskin qarşıdurma mövcuddur. Bu həmişə belə olub, amma indiki qədər yəqin ki heç vaxt olmayıb. Odur ki, yaşlıların gənclər üzərində sözün ciddi anlamında heç bir nüfuzundan danışmaq olmaz. Bu nüfuz barədə olan bütün təsəvvürlər süni surətdə yaradılan zahiri görüntülərdir. Hansısa gəncə iş vermək, mükafat, təqaüd vermək, özünü o gəncə təriflətmək hələ onun üzərində nüfuz qazanmaq deyil. Gəlin açıq danışaq, bundan da acınacaqlı durum ola bilərmi ki, gənclər qocaların nə vaxt öləcəyini gözləyirlər. Acınacaqlı olsa da bu belədir.

-Mütaliəyə marağın azalması hansı səbəblərdən irəli gəir ?

Mən əvvəllər həmişə deyirdim ki, gənclər çox oxusun, daha demirəm. Çünki görürəm ki həkimlərin diliylə desək, bunun kənar təsiri olur – mütaliələri zənginləşdikcə ədəbiyyatda plagiat baş alıb gedir. Bir vacib problem var – bir qayda olaraq, istedadı olanların mütaliəsi zəif olur, çox mütaliə edənlər isə istedad baxımından axsayırlar. Hələki bu ikisini yüksək səviyyədə bir araya gətirən imza görmürəm. Bəzi gənclər oxuculuqdan çıxıb, yazıçı ola bilmirlər. İş-gücləri ancaq mən filan yazıçını oxudum mövzusunda söhbətdir. Yazıçı şübhəsiz ki, çox oxumalıdır, amma mütaliə onun şəxsu işidir. Oxucuya onun mütaliəsi yox, yazdığı əsər lazımdır. Əgər bu əsər ortalıqda yoxdursa, o mütaliədə elə bir anlam görmürəm.
Xarici ədəbiyyatla müqayisədə bizim gənclər məhdud və lokal görünürlər. Çünki fəlsəfi təfəkkürləri yoxdur. Bədii mətnə sturktural yanaşma imkanları formalaşmayıb. Mətnin ətini sümüyündən ayırıb, onun skeletinə gedə bilmirlər. Buna görə nə yazdıqlarının mahiyyətini özləri də bilmirlər. Mahiyyəti bilmək isə fəlsəfi idrak tələb edir. Müasir yazıçı Süleyman Rəhimov kimi ancaq stixiya ilə yaza bilməz, intelelkt olmalıdır. Amma intellekti gənclər əksərən vikipedik məlumatfüruşluqla qarışıq salırlar.

-Müasir yazarlardan kimləri oxuyursunuz?

Mən də oxucuyam və düşünürəm ki, hansı yazıçı məni düşündürən problemə toxunur. Son illər oxuduqlarım arasında üç yazıçı bir oxucu kimi mənəvi tələbatımı bu və digər dərəcədə ifadə edirlər. Xalq Yazıçısı Elçin, Həmid Hersiçi və İlqar Fəhmi.
Elçinin \”Teleskop\” pyesi Azərbaycan ədəbiyyatında postmodernist düşüncənin son həddi idi. Onun \”Baş\” romanında isə ruhun ölməzliyi və Allah qarşısında cavabdehlik məsələsi var.
Postmodernizmdən ənənəyə bu dönüş dövrün özünün mental-psixoloji, ruhi-metafizik tələbidir və istedad sahibi olmaq bunu duyub bədii mətnə gətirməkdir.
Həmid Herisçi eyni işi şeir sahəsində gördü. Onun şeirləri Azərbaycan poeziyasında postmodernizmin ən səciyyəvi nümunələridir. Həmidin \”Solaxay\” romanı isə milli nəsrimizdə postinsanın təsvir olunduğu ilk əsərdir.
İlqar Fəhmi bu iki yazıçı ilə müqayisədə hələ cavan olsa da, gördüyü işlərin miqyası və istiqaməti ilə ciddi maraq doğurur. Onun yumor ovqatına söykənən qəzəlləri ilə neçə əsrdən bəri qan ağlayan qəzəl janrımızın üzü gülməyə başladı. İlqarın \”Aktrisa\”, \”Akvarium\” digər romanları postmodernist nəsrimizin ən səciyyəvi örnəkləridir. \”Zümrüd parıltısı\”, \”Şah Abbas\” və digər dramları milli dramatuji düşüncəmizdə istər forma yeniliyi, istərsə də psixologizmin dərinləşməsi ilə diqqəti çəkir.
Bu yazışıların hər üçü bir məsələdə birləşir – klassik maarifçi-realist düşüncənin neomaafifçiliklə əvəzlənməsi. Bu, milli bədii fikrimizdə yeni düşüncə erasının başlanması deməkdir.

Orxan Muxtarlı
İnterpress.az