Qida təhlükəsizliyimiz Əli Əhmədova tapşırıldıbackend

Qida təhlükəsizliyimiz Əli Əhmədova tapşırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev fevralın 10-da “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni, risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasından ötrü Qida Təhlükəsizliyi Agentliyi yaradılacaq. Agentliyin fəaliyyətini təmin etmək məqsədilə baş nazirinin müavini Əli Əhmədovun sədrliyi ilə Qida Təhlükəsizliyi Komissiyası yaradılıb. Komissiyanın tərkibinə iqtisadiyyat naziri, maliyyə naziri, səhiyyə naziri, kənd təsərrüfatı naziri, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədri və Qida Təhlükəsizliyi Agentliyinin sədri daxildir.

Agentlik 2018-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq və həmin gündən komissiyanın səlahiyyət müddəti başa çatacaq.

Bəs, görəsən yeni agentliyin yaradılması istehlak bazarında məhsulların keyfiyyətinə necə təsir edəcək? Yaradılacaq qurum digər paralel təşkilatlardan nə ilə fərqlənəcək?

Qida təhlükəsizliyimiz Əli Əhmədova tapşırıldı

İqtisadçı ekspert Rəşad Həsənov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ərzaq təhlükəsizliyi məsələləri haqqında fərman gözlənilən idi: “Agentliyin yaradılması da həmçinin. Fərmanda da əks olunduğu kimi, məqsəd bu istiqamətdə mövcud nəzarətin, eyni zamanda problemlərin həlli istiqamətində görüləcək işlərin vahid idarəetmə altında birləşdirilməsidir. Nəzərə alsaq ki, Azərbaycanda ərzaq məhsullarını keyfiyyəti ilə bağlı, idxal mallarına sertifikatların verilməsinə nəzarət edən qurumların fəaliyyəti kifayət qədər səmərəsizdir. Bu qurumların əksəriyyəti kifayət qədər korrupsiyalaşıb. Hətta Azərbaycanda iş adamları ”Halallıq\” sertifikatı almaq üçün rüşvət verir. Gərək yeni yaradılan qurum gələcəkdə reputasiyasını müdafiə etsin, digər tərəfdaşları kimi rüşvətlə işləməsin\”.

Ekspertin sözlərinə görə, yeni qurum təmiz bir reputasiyaya malik olduğu üçün ilkin olaraq işlər düzgün istiqamətdə qurularsa, bu istiqamətdə şəffaflıq təmin olunarsa, agentlinin işi daha effektiv olar: “Ərzaq təhlükəsizliyinə nəzarət edən agentliyin yaradılması bir sıra istiqamətlərdə problemin həllini nəzərdə tutub. Bunlardan biri ölkə əhalisinin daha keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsidir. Bununla bağlı hazırki qurumların fəaliyyəti kifayət qədər şəffaf deyil. Ümid edək ki, yeni yaradılan qurum bu sahəyə dövlətin nəzarətini gücləndirəcək. İkinci bir məsələ odur ki, dövlət qeyri-neft sektorunun inkişafı istiqamətində kənd təsərrüfatını prioritet elan edib. Kənd təsərrüfatında şaquli diversifikasiyaya, yəni kənd təsərrüfatı məhsulları üzərində qurulmuş sənaye məhsullarının həcminin və keyfiyyətinin artırılması, bunun dünya bazarına ixracı məsələsi gündəmdədir. Həm daxili tələbatın yerli istehsal hesabına ödənilməsində, həm də ixrac diversifikasiyasında kən təsərrüfatı önəmli sahələrdən biri hesab olunur. Düzdür biz kənd təsərrüfatı hesabına ölkə iqtisadiyyatını xilas edə bilməyəcəyik”.

Rəşad Həsənov onu da qeyd etdi ki, Qida Təhlükəsizliyi Agentliyinin işi düzgün qurularsa hazırda prioritet sahə hesab olunan kənd təsərrüfatının inkişafına da müsbət təsir göstərə bilər: “Ancaq ümumilikdə kənd təsərrüfatı müqayisəli üstünlüyə malik sahələrdən biri hesab olunur və ixracda müəyyən paya malikdir. Ancaq sahibkarlar bu istiqamətdə müəyyən problemlərlə üzləşir. Xüsusilə də dünya bazarının tələblərinə uyğun keyfiyyətli məhsul istehsal edilməsi, sertifikatların alınması, keyfiyyət standartlarının əldə olunması və ixrac əlaqələrinin qurulması məsələlərində problemlərlə üzləşirlər. Yeni yaradılan qurumun vəzifələrindən biri də Azərbaycanda standartların beynəlxalq standartlara uyğunlaşdırılmasılnı təmin etməkdir. Əgər bu reallaşarsa gələcəkdə Azərbaycan dövlət qurumları tərəfindən verilmiş keyfiyyət sertifikatı dünya tərəfindən də qəbul edilə bilər. Dövlət bununla bağlı işlər aparmalıdır. Çünki bu günə qədər sertifikatlar satılıb. Bu Azərbaycanla əməkdaşlıq edən ölkələrə də məlumdur. Məlum olmasa belə ilkin olaraq hər hansı müayinələrdə üzə çıxır ki , bu məhsullar əslində sertifikatda göstərilən tələblərə cavab vermir. Bu da son nəticədə ölkənin ixracına mənfi təsir göstərir. Bu mənada yeni qurum ilk növbədə reputasiyasının müsbətə doğru dəyişməsinə çalışmalıdır”.

İnterpress.az