İnterpress.az-ın məlumatına görə, bu il Qeyri Hökumət Təşkilatları ilə bağlı qanuna dəyişikliklərin olacağı deyilir. Yeniliklərin QHT-lərin fəaliyyətinə ciddi təsir edəcəyi bildirilir. Qəbul ediləcək qərarların QHT-lərin fəaliyyətini məhdudlaşdıracağını deyənlər də var, bunun əksini söyləyənlər də.
Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyası Şurasının koordinatoru Qubad İbadoğlu “Yeni Müsavat”a açıqlamasında bunları dedi: “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün Astana toplantısında hökumətə olan tövsiyələr ondan ibarət idi ki, qrantlar və donorların qeydiyyatı ilə bağlı, eləcə də, iki ildən bir reysterdən alınan sənədlər ləğv olunsun. Amma bu tələblər yenə qalı. Çünki qrantlar, xarici donorlar qeydiyyat üçün yenə də Ədliyyə Nazirliyinə müraciət etməlidir. Qərarın qəbul olunma səlahiyyəti nazirliyin özündə hələ də qalır. Bunu ləğv də edə bilər, təsdiq də. Bu da qərarın mərkəzi icra hakimiyyətindən asılı olması deməkdir. Qanunlarda dəyişikliklər gündəmdədir. Qanunda dəyişikliklər olarsa, qaydalarla bağlı tələblər ləğv olunarsa, bu zaman Ədliyyə Nazirliyinin məsələyə fərdi yanaşması da aradan qalxa bilər. İndiyə qədər olan təcrübələrimizə əsasən deyə bilərik ki, Ədliyyə Nazirliyi bəzi hallarda qrantların qeydiyyatında fərdi yanaşmaya üstünlük verib.
Müraciətləri nəzərə alıb, bəzilərini qəbul edirlər, bəzən də əksini edirlər. Bizə lazımdır ki, bu asılılıq olmasın. Nazirliyin məsələyə subyektiv yanaşmasının aradan qaldırılması çox vacibdir. Qanunvericilik də heç olmasa 2013-cü il səviyyəsində təkminləşdirilsin. 2013-2015-ci illərdə qanunvericilikdə bizdə olan məlumata görə, 20-dən çox dəyişiklik olub. Bu dəyişikliklərin də böyük əksəriyyəti məhdudlaşdırıcı xarakter daşıyıb. Əgər donorlar qeydiyyatdan keçməyibsə, QHT-lər qrant ala bilməyəcəklər. Bu baxımdan proses ikitərəfli getməlidir. Həm donorlar qeydiyyatdan keçməli, həm də QHT-lər qrantları qeydiyyatdan keçirməlidir. Mən deyə bilmərəm ki, 2015-dən sonra bu istiqamətdə müsbət dəyişikliklər yoxdur. Müəyyən addımlar atılıb. ”Pəncərə sistemi\” ilə edilən dəyişiklikləri də pozitiv qiymətləndirmək olar. Amma bu o demək deyil ki, Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklər üçün bunlar yetərlidir. Azərbaycan hökuməti açıq işlər görməlidir. Bir aydan sonra Kolumbiya paytaxtında Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının idarə heyətinin toplantısı olacaq. Əgər qanunvericilikdə dəyişikliklər olmazsa, o halda Azərbaycanın bu qurumda iştirakı dayandırıla bilər\”.
İnterpress.az