“Psixoloq “dəli” həkimi deyil”backend

“Psixoloq “dəli” həkimi deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Psixoloqa “dəli” həkimi kimi yanlış yanaşma anlayışını götürmək lazımdır”. Son zamanlar hər kəs özünü ailə problemləri üzrə ekspert və psixoloq adlandırıb geniş reklam edirlər. Lakin vətəndaşlar psixoloqa deyil falçı və mollalara üz tutub onlara ümid bağlayırlar. Bir çoxları bunun günahını elə psixoloqların özlərində görürlər. Göstərdiyi xidmətlə tanınıb sevilən, hər kəs tərəfindən məsləhət görülən psixoloqlarımız az sayda olduğu halda qapısı ümid ocağı adlanıb çoxlarının inam və sevgisini qazanaraq məşhurlaşan falçılar çoxdur. Falçıya bir dəfə ödəniş etməklə gələcəyin necə olacağı, işlərinin düzələcəyi ilə yetərli məlumat alacağını düşünən vətəndaşın psixoloqa münasibəti inamsızlıq ya hər seansın ödənişli olması yoxsa psixoloq anlayışının hələdə düzgün dərk olunmamasından qaynaqlanan məsələ olduğunu öyrənmək üçün “Azərbaycan sosial İş” ictimai birliyinin sədri, hal-hazırda Amerikada Vaşinqton Universitetində “Sosial İş” üzrə doktorantura təhsilı alan Aytəkin Hüseynli İnterpress.az oxucularını maraqlandıran suallara açıqlama verdi.

"Psixoloq "dəli" həkimi deyil"

– Psixi sağlamlıq təkcə kasıb təbəqənin deyil varlı və ya bütün təbəqələrin problemidir. İnsanın fiziki bədəni xəstələndiyi kimi psixi durumu də xəstələnə bilər bu da heç bir gəlirə, təbəqəyə baxmır. Görüdüyünüz kimi Hollivud ulduzları arasında da intiharlar olur. Azərbaycan gəldikdə isə vətəndaşının bu günkü həyat tərzində məni ən çox narahat edən problemlərdən biri də insanların psixoloqa deyil falçıya, həkimə yox, türkəçarə üsulla müaliçə edən ara admlarına üz tutmalarıdır.

Bunun ilkin səbəblərindən biri ilkin ümumi anlayış olaraq, yəni elmi tədqiqat aparmadan,çox hallarda cahillik, təhsilsizlik və savadsızlıq ilə əlaqələndirmək olar. Sovet dövründə insanlar rassional yanaşmaya üstünlük verərək elmin yeniliklərinə inanırdılar və qanun tərəfindən bütün bunlara ciddi nəzarət olduğundan çox az halda falçı və türkəçarə müalicə edənlərə rast gəlinərdi. Insan psixologiyası elədir ki, nəyə inananıb fikrini ona yönlədərsə, hətta bir daş parçasının onun arzularının gerçəkləşməsində böyük rolu olub uğur gətirəcəyinə inanarsa həmin arzusu gerçəkləşəcək. Arzusu reallaşmış kəs isə düşünəcək ki, həmin o daşda ilahi möcüzə var və anlamaq istəməyəcək ki, istəyinin gerçəkləşməsində sadəcə onun güclü fikri, inam və ümidi rol oynayıb.

Psixoloq, psixiatr və kiliniki sosial işçilər hansı ki, psixi sağlamlıqla məşğul olurlar bizim kimi ölkələrdə azlıq təşkil edirlər. Dünya Səhiyyə Təşkilatında aparılmış aşdırmalara əsasən inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr müqaisədəəhali başına düşən psixoloq sayına görə bizim də ölkə daxil olmaqla inkişaf etməkdə olan ölkələr 170 faiz geridədir. Düzdür bizim cəmiyyətdə savadlı psixoloq və psixatorlarımız var. Amma bu say o qədər də çox deyil. İkinci məsələ isə bizim insanların psixı sağlamlıqla bağlı məlumatlarının az olmasıdır. Başqa ölkələrə nisbətən bu sahə bizdə yeni bir sahə hesab olunur. Sovet dövüründə bir çox sosial elmlər Stalinin yaratdığı “Qara siyahi” yə daxil olunmuşdu.

Psixologiya, sossiologiya, sosial iş, ümumiyyətlə insan davranışını öyrənən elmlərin Qərbdə oluğu kimi tədrisi və inkişafı qadağan idi. Həmin dövrdə adi insanlar arasında psixoloji böhranların geniş şəkildə olmaması və rahatlıq yaradan səbəb isə sosial problemlərin dövlət tərəfindən tənzimlənməsi idi. Insanların məşğuliyyəti də çox idi və cəmiyyətdə onların hüquqlarını dəstəkləyən qanunlara bir əminlik var idi. Çünki sosial iqtisadi problemlər az idi. İşsizlik yox idi vətəndaşın ev problemlərinin həlli dövlət proqramlarında ən vacib məsələ idi. O dövr üçün uşaq və gənclər siyasəti çox gözəl idi və məktəblər, universitetlər, həkim müayinə və müalicəsi ümumiyyətlə insanların yararlandığı bütün xidmətlər pulsuz idi.

Sovet rejimində porblemlərin belə qabarıq olmadığını öyrənmək üçün həmin dövrü araşdırıram. Düzdür hər bir qurluşun, hər bir cəmiyyətin ideologiyasının yaxşı və pis tərəfləri olur. Lakin Sovet dövrünü araşdırdıqda qanunların tənzimlənməsi və digər məsələlər çox gözəl qurulduğu məlum olur. Məsələn, “Kommunizm qurucusunun etik kodeksi”ni oxuyanda Komsomolun qarşısında qoyulmuş öhdəliklərin çox gözəl təşkil olunduğu görünür və bu da gənc insanların həyata nikbin baxmasına çox hallarda səbəb olur-çünki gələcəyə plan var idi və ümidsizlik yox idi.

O dövr üçün Uşaq və Gənclər siyasəti çox gözəl qurulmuşdu. Uşaqların saglam ruhda böyüməsi üçün daimi tədbirlə var idi ki, onların boş vaxtlarını doldururdu. İşıqlı gələcək ideologiyası uğrunda yeniliklər sorağında çox maraqlı proqramlar və öhdəliklər qoyulmuşdu. Sabaha inamla böyüyən uşaqlar bir növ ümidsiz olmurdular, özünə az qapanma olurdu və bu da onlar arasında psixi sağlamlıq problemlərin geniş olmamasına səbəb olurdu.

"Psixoloq "dəli" həkimi deyil"

– Son zamanlar cəmiyyətimiz yaşından və cinsindən asılı olmayaraq həkimə, psixoloqa deyil falçıya və türkəçarəyə üz tuturlar. Bunun səbəbini siz nədə görürsünüz?

Hazırkı dövrümüzdə insanların problemlərlə üzləşdiyi zaman psixoloqa deyil falçıya üz tutmalarının səbəblərindən biri də onların bir istinad nöqtəsi axtarmalarıdır. Problemlə üzləşən insanlar əlçatan, alternativ yollara əl atmaqla falçıya daha çox ümid bağlayırlar. Bu o demək deyil ki, bizdə yaxşı psixoloqlar yoxdur. Sadəcə hər bir sahədə olduğu kimi bu sahədə də boşluqlar var. Vətəndaşın psixoloqa müraciət etməməsinin bir neçə səbəbi var.

Bunlardan biri bizim cəmiyyətdə “Psixoloq” sözünün düzgün qavranmamasıdır. Özünə qapanmış birinə “Psixoloqa get” dedikdə çox sərt təpgi verərək ”Mən dəli deyiləm” deyə cavab verir. İnsanlarda əsaslı şüur dəyişiriliyi olmalıdır. Psixoloqa “dəli” həkimi kimi yanlış yanaşma anlayışını götürmək lazımdır. Bu stiqmanı qırıb tabunu götürmək üçün icma əsaslı, yəni hər bir kənddə, qəsəbədə, rayonda və şəhərdə ödənişsiz və ya çox ucuzxidmətlər göstərilməli, milli səviyyədə psixi sağlamlığın əhəmiyyəti haqqında maarifləndirmə kompaniyası aparılmalı,təhsil müəssisələrində xüsusilə də yeniyetmələr arasında intiharları önləmək üçün maarifləndirmə tədbirləri olmalıdır.Psixi sağlamlığın əhəmiyyəti cəmiyyətimizdəki insanların şüurunda demək olar ki, yox səviyyəsindədir. Məlumatsızlığn azlığı insanları psixi sağlamlıq dedikdə ciddi psixi problemli insanı eyniləşdirməyə gətirir ki, bunu da yalnız milli səviyyədə bütün cəmiyyəti maarifləndirməklə aradan qaldırmaq olar.

Psixi sağlamlıq insanların sosial durumun yaxşı olması ilə dəyərləndirilir. İnsanların hər birinin psixi sağlamlığında nə isə ola bilər. Həmin vaxt falçıya, türkəçarəyə deyil psixoloqa müraciət etmək lazımdır.Bu sahədə icma əsaslı maarifləndirmə işi aparılmalıdır. İnsanlar bilməlidir ki, həkimə getmək lazım olduğu kimi psixoloqun, sosial işçinin yanına getməlidir falçının yox. Falçının verəcəyi yalançı ümidə arxayın olub gözləmək əvəzinə psixoloqa müraciət edən insan öz probleminin ciddiliyini dərk edib onun həlli yollarını axtarmaqla yanaşı qəlbində böyütdüyü problemlərin çox xırda və cılız olduğunu anlayar. Lakin psixoloq xidmətləri ödənişli olduğu üçün hər kəs bu xidmətlərdən yararlana bilmir.

Bunun üçün hər bir yerdə məktəblərdə, bağçalarda, sosial müdafiə mərkəzlərində pulsuz psixoloq xidmətləri təşkil olunmalıdır. Məktəblərdə psixoloq kabinetlərinin fəaliyyəti gücləndirilməlidir və mütləq ailələri də bura yönəltmək lazımdır ki, uşaqda baş verən bütün dəyişikliklər barədə mütəmadi olaraq əlaqə saxlansınlar. Bir işə tələb olmadıqda həmin sahə düzgün inkişaf etmir. Gəlin etiraf edək ki, psixoloq mərkəzləri yalnız mərkəzi şəhərlərdədir. Kəndlərdə və rayonlarda, bölgələrdə psixoloq kabinetləri varmı? Yoxdur. Ona görə də əsasən rayon və kəndlərdə bu xidmətlər təşkil olunub pulsuz psixoloq mərkəzləri açılmalıdır. Bəzi adamlar elə düşünür ki, insanların maddi cəhətdən ehtiyaclarının qismən də olsa ödənilməsi onların probleminin həlli deməkdir. Çətin həyat şəraitində olan insan və ailələr hərtərəfli yardım olmalıdır həm maddi həm mənəvi.

Əslində insanın mənəvi ehtiyacının ödənilməməsi daha dərin fəsadlar törədir. Ailə həyatındakı uğursuzluqların, boşanmaların, intiharların başlıca səbəbi həmin insanların dərdini, problemini heç kimlə bölüşüb paylaşmaması, vaxtında peşəkar psixoloq köməyinə müraciət etməmələri və ağıllı və faydalı məsləhət almamasından yaranır. Bizdə qərar verənlər, problemi həll edən məsul şəxslər elə düşünürlər ki, kiminsə ehtiyacını ödəmək üçün ona pul və ərzaq yardımı etməklə böyük dəstək oldular. Düzdür, ehtiyacı olan insana maddi yardım olunmalıdır. Lakin həmin insanlara psixoloji dəstək verməklə həm onların öz güvən hisslərini bərpa edərək onlara yaşamağa yeni stimul verməklə özləri də bu qayğılardan azad olub daha mühüm məsələlərin həlli ilə məşğul olarlar. İnternat müəssisələrində böyüyən uşaqların davranışında yaranmış problemin kökünü öyrənmək üçün yeniyetmələr və onların ailələri ilə araşdırma işi apardığımız zaman şahidi olduğumuz faktlar qəlbimi üzdü.

Biz hesab edirik ki, internatda böyüyən uşaqların əksəriyyəti kasıb və imkansız ailədən olduqları üçün onların istdədiləri də yalnız maddi olacaq. Araşdırmalar zamanı məlum oldu ki, davranışları ilə fərqlənən bu gənclərin maddiyatdan daha çox sadəcə bir qayğıya, sevgiyə, səmimi söhbətə ehtiyacları var. Onların heç biri nə istərdin soruşduqda pul adı çəkmədi, demədi ki, ayaqqabı, paltar, kompüter və ya planşet istəyirəm. Yox. Sadəcə kiminsə onları dinləməsinə, anlamasına, mənəvi dəstəyə ehtiyacları olduğunu söylədilər. Hamısının istək və tələblərinin kökündə yalnız psixoloji dəstəyə, sevgiyə və qayğıya ehtiyac olduğu məlum oldu. Həmin uşaqlardan biri ürək yanğısı ilə söylədi ki, “Özümə qapanıb əsəbi olduğumu deyənlər anlamır ki, tənhalıqdan, kimsəsizlikdən mənən yorulmuşam. Kiminsə məni başa düşüb dinləməsinə ehtiyacım var”. Onların ailələri arasında da aparılan araşdırmanın nəticəsindən aydın oldu ki, bir çox problemlərin kökündə maddiyyat dursa da psixoloji xidmətlərə olan ehtiyac da eynidir.

Səhərdən axşamacan qul kimi çalışan bir qadına sual verib ən çox nəyə, hansı köməyə ehtiyacı olduğunu xəbər alanda ürək yanğısı ilə etiraf edib yeganə istəyinin dərdini danışanda tənə etmədən onu anlayib, dəyər verib, xoş sözlə dindirmələrinə ehtiyacı olduğunu söylədi. İnsanların iç dünyası ilə maraqlandıqca ən mühüm yardımın psixi sağlamlıq sahəsində psixoloji dəstəyə, köməyə ehtiyacları olduğu məlum olurdu. Nəzərə almalıyıq ki, yoxsul və imkansız insanların pulsuz psixoloji dəstəyə daha çox ehtiyacıları var. Mən çox istərdim ki, ölkəmizdə mövcud olan psixoloqlar assosasiyası bu təbəqədən olan insanlarımıza təmənnasız psixoloji dəstək layihələri həyata keçirsinlər və onları unutmasınlar.

– Rəhbəri olduğunuz təşkilatın bu sahədə nə kimi xidmətləri olub?

Bizim Süvəlanda “Ailə, Təlim və Məsləhət Mərkəzi” fəaliyytə göstərirdi 2012-2013-cü ildə. Mərkəzəmüraciət edib xidmətlərdən faydalanan çox sayda insanlar olub. Onlardan biri də xidmətlərdən razı qalan vətəndaşın mərkəzə yönəltdiyi qonşusu idi. Olduqca əsəbi, dağınıq fikirli bir növ də baxımsız olan həmin qadın kimsənin onu anlamadığını, nadinc uşaqlarından bezdiyini, onları internat məktəbə verib həyat yoldaşından ayrılaraq vətəndən köçüb gedəcəyini israr edib dururdu. Bizim mərkəzin ailə psixoloqu bu xanımın şikayət etdiyi uşaqları ilə deyil, onun özü ilə iş apardı. Bir neçə ay sonra həmin xanımdakı dəyişikiliyi görəndə onu çətinliklə tanıdıq. Olduqca baxımlı, təmkinli, ailəsinə və uşaqlarına diqqətli bir ana olmuşdu. Onun belə dəyişməsində böyük rolu olmuş psixoloqa təşəkkür etmək üçün bizim mərkəzə gəlmiş və geridə qoyduğu sarsıntıları, çətinlikləri dəf etməkdə ona kömək olmuş insana öz təşəkkürünü bildirir və ətrafındakı bütün qadınlara psixoloq məsləhətindən faydalanmağı tövsiyyə etiyini söylədi. Bir ailənin qorunub saxlanılması bizim üçün çox sevindirici bir hal idi.

– Bizdə falçıya gedən adam ona bir ümid qapısı bilərək üz tutur. Bəs Amerika cəmiyyətində insanların istinad yeri hara olur. Onların falçıya ya psixoloqa üz tutmaqları ilə suala cavab olaraq bildirdi ki Bizim cəmiyyətdə falçı anlayışı burda metafizika elminin içində Amerikada geniş inkişaf etməyə başlayıb və universitetlərdə bu sahəni öyrənən elmi proqramlar var. Lakin Amerika cəmiyyətində psixologya sahəsi o qədər inkişaf edib ki, vətəndaşlar ən xirda hesab olunan problemlə üzləşdikdə psixoloqa müraciət edirlər. Bütün məktəb və universitetlərdə pulsuz xidmət göstərilən Psixi sağlamlıq mərkəzləri var. Ordakı elanların hamısı psixi sağlamlıq haqqındadır. İmtahan stresslərinin öhdəsindən gəlmək üçün ipucları, məsləhətlər yazılır. Adi həyatda insanların rastlaşa biləcəyi bütün məsələlərin öhdəsindən gəlmək üçün gündəlik bacarıqlar tədris edir və yaranan kiçik psixoloji böranların dərin travmaya çevrilməməsi üçün mütləq psixoloqa müraciəti təşviq edirlər.

-Özünüz nə vaxtsa falçıya getmisinizmi deyə xəbər aldıqda gülərək cavab verdi ki,– Bəli getmişəm. Amma sağlamlıq və ya psixoloji problemlərlə bağlı deyil sadəcə olaraq maraq xatirinə hadisənin sonunun necə ola biləcəyini öncədən bilmək üçün getmişəm.

"Psixoloq "dəli" həkimi deyil"
"Psixoloq "dəli" həkimi deyil"
"Psixoloq "dəli" həkimi deyil"

Aynur Arifqızı
İnterpress.az