“Generallarının Bakı görüşü Azərbaycana dividentlər qazandıracaq””backend

“Generallarının Bakı görüşü Azərbaycana dividentlər qazandıracaq””

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 16-da Bakıda ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeriy Gerasimovun görüşü baş tutdu. Generallar eyni zamanda ölkə prezidenti İlham Əliyev və müdafiə naziri Zakir Həsənovla da görüşdülər.

Ekspertlər bildirirlər ki, dünyanın iki iri dövlətinin generallarının məhz Bakıda görüşməsi, müsbət haldır və bu kimi faktlar, Azərbaycanın regionda söz sahibi olmasını göstərir.

İnterpress.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Elçin Mirzəbəyliyə görə, burada bir sıra mühüm məqamlar var: “Bu görüşün Azərbaycanda keçirilməsinin subyektiv səbəbləri də var. Tərəflər özləri də qeyd etdilər ki, Azərbaycan neytral ölkə olduğu üçün onlar buranı seçiblər. Fikrimcə, bu arqument əsasında verilən mesajın özü də əhəmiyyətlidir. O baxımdan ki, ABŞ və Rusiya kimi güclü dövlətlər Azərbaycanın neytrallığını qəbul edirlər. Nəticədə isə çox əhəmiyyətli bir məsələlərin müzakirəsi ilə bağlı ölkəmizə gəlirlər. Digər amil isə Azərbaycandakı təhlükəsizlik və sabitliklə bağlıdır ki, bunu da bir çox istiqamətlərdə qiymətləndiriblər. Bu məsələnin müzakirə olunmasına belə ehtiyac yoxdur. Bu cür görüşün Bakıda baş tutması, şübhəsiz ki, Azərbaycan üçün bir sıra dividentlər gətirir. Birincisi, bu, Azərbaycanın dialoq məkanı kimi dünyada mövqelərinin və nüfuzunun daha da möhkəmlənməsi deməkdir.

Eyni zamanda beynəlxalq münasibətlərdə tənzimləyici funksiya yerinə yetirən bir ölkə kimi də mövqeyimiz daha da güclənir. Bundan başqa, bu cür görüşün məhz Bakıda baş tutması, ölkənin piarı baxımından əhəmiyyətli addımdır. Məlum olduğu kimi bu, Donald Tramp prezident seçildikdən sonra Rusiya və ABŞ-ın hərbi qərargah rəisləri səviyyəsində ilk canlı təmasıdır. Bundan öncə onlar yalnız telefon danışıqları aparıblar. İlk canlı təmasın da məhz Azərbaycanda baş tutması, əhəmiyyətlidir. Nəzərə alaq ki, görüşdə əsas mövzular Yaxın Şərq, Aralıq dənizi və Suriyada baş verən proseslərlə bağlı olub. Bu gün dünyanın da gündəmi məhz elə bu məsələlərdir”.

Ekspert bildirdi ki, dünyanın gündəmi ilə bağlı razılaşmaların coğrafi ərazi kimi Azərbaycanda həyata keçməsi bütün beynəlxalq ictimaiyyətin diqqətini ölkəmizə cəlb edir: “Dünya mediasının da diqqəti də Azərbaycana cəlb olunur ki, bu da şübhəsiz ki, ölkəmiz haqqında müsbət təəssüratların yaranmasına zəmin yaradır. Qənaətimə görə, hadisənin özü kifayət qədər ciddi faktdır. Bu, tarixə \”Bakı görüşü\” kimi keçəcək. Bu görüşün Dağlıq Qarabağ münaqişəsinə təsirlərinə gəlincə, sözsüz ki, birbaşa hər hansı faydanın dəyməsindən söhbət gedə bilməz. Ancaq təbii ki, belə görüşlərdə adətən bütün münaqişələr müzakirə olunur. O cümlədən postsovet məkanındakı münaqişələr bura daxildir. Görüşdə Azərbaycanla, Azərbaycanın ərazisinin işğalı ilə bağlı məsələlərin də müzakirə olunması istisna deyil. Bütövlükdə hər iki dövlətin hərbi rəhbərliyinin Azərbaycanda görüş keçirməsi, Dağlıq Qarabağ münaqişəsi istiqamətində də bizə müəyyən dividentlər qazandırır. Yəni əlaqələrin genişlənməzi üçün zəmin yaranır. Hər iki ölkə ATƏT-in Minsk Qrupunun həmsədridir. Həmsədr ölkələrin isə hərbi rəhbərliyi ilə münasibətlərin inkişafı əhəmiyyətli haldır. Şübhəsiz ki, bu kimi hallar ümumilikdə ölkəmizin mövqelərinin möhkəmlənməsinə xidmət edir. Bu da dolayısı yolla həm də Azərbaycanın Qarabağ mövzusunda mövqeyinə də təsirsiz qalmır\”.

İnterpress.az