Bu dadlı və faydalı meyvə güclü müalicəvi təsirə malikdir. Heyva pektinlər, dəmir, kalium, kalsium, mis, fosfor, orqanik turşular, PP, A, B1, B2, B6, C vitaminlərlə, beta-karotinlə zəngindir.
Heyvanı müalicəvi və profilaktik vasitə kimi skleroz, pankreatit, hipertoniya, anemiya və s. xəstəliklər zamanı istifadə etmək olar.
Heyva güclü sidik qovucu sayılır və bu səbəbdən müxtəlif sidik ifrazatı sistemi xəstəlikləri zamanı çox xeyirlidir.
Mədə-bağırsaq sistemində problemləri olan insanlar da bu meyvədən faydalana bilər. Mis və sellülozla zəngin olan heyva həzm prosesləri yaxşılaşdırır, qara ciyərin və öd çıxarıcı yollarının funksiyalarını yaxşılaşdırır, ishalla mübarizədə kömək edir.
Xalq təbabətində heyvanı inək yağında bişirib, nəfəs yolları xəstəliklərində: xroniki bronxitdə, eləcə də vərəm xəstəliklərində yeyirlər.
Respublikamızın bir sıra rayonlarında heyvadan müalicə məqsədilə geniş istifadə olunur. Məsələn, heyva ağacının qol-budaqlarının qabıqlarını soyub qurudur, sonra ondan çay hazırlayıb, soyuqdəymələrdə içirlər. Toxumlarından ilıq suda dəmləyib, bəlğəmgətirici və sinə yumşaldıcı dərman kimi qəbul edirlər.
Lənkəranda heyvadan “heyvarub” adlı mürəbbə hazırlayıb, soyuqdəymədən baş verən xəstəliklərdə işlədirlər.
Salyanda heyvadan mürəbbə hazırlayıb, zəiflikdə və qanazlığında qüvvətverici vasitə kimi qəbul edirlər.
Azərbaycan mətbəxində də heyvadan istifadə olunur, müxtəlif yeməklərin hazırlanmasında istifadə olunur. Heyvadan hətta heyva dolması da hazırlanır.
Heyvanın yarpaqlarının dəmləməsi bronxial asmada çox gözəl müalicəvi təsir göstərir. Heyvanın toxumları soyuqdəymələrdən baş verən tənəffüs yollarının iltihabında, bronxitlərdə sinə yumşaldıcı, iltihabı götürən maddə kimi, eləcə də xroniki mədə-bağırsaq xəstəliklərində, mədə xorasında, mədənin selikli qişasını yumşaltmaq, yaranı sağaltmaq üçün daxilə qəbul edilir. Heyvanın yarpaqlarından və cavan budaqlarından çay dəmləyib ürək ağrısında sakitləşdirici və qan təzyiqini azaldıcı vasitə kimi içirlər. Meyvəsindən hazırlanmış mürəbbə ürək zəifliyində qüvvəverici kimi məsləhət görülür.
Heyva məhsulları hələ qədim zamanlardan müalicəvi vasitə kimi istifadə olunurdu. Bir çox ölkələrin xalq təbibləri heyvan məhsullarını və onun həlimini qida yolunun fəaliyyətinin yaxşılaşdırılması üçün mədə bağırsaq xəstəliklərinin müalicəsi zamanı istifadə edirdilər. Heyva şirələri ürək döyünməsi, nasazlıq, qan azlığı və sarılıq zamanı xeyirli təsir göstərir.
Heyva gözəllik meyvəsidir…
Əfsanəyə görə, Paris onun gözəlliyinə görə məhz heyva məhsulunu Afroditaya verib.
Qədim yunan əsatirlərində Herakla müalicəvi xüsusiyyətlərə malik heyva məhsulunu Qesprid bağından əldə etmək tapşırığı verilmişdir. Lakin, yüz başlı əjdahadan qorxan qəhrəman Atlantdan axtarılan meyvəni əldə etməyə inandırmış, özü isə həmin vaxt onun əvəzinə səmanı çiyinlərində saxlamışdı. Bu Heraklın on birinci qəhrəmanlığı hesab olunur.
Heyva meyvəsi məhsuldarlıq və ər-arvadlıq simvoludur. Nikah mərasimi ilə bağlı yaradılmış portretlərdə, qadınlar heyva tuta bilər.
Dietik məhsuldur…
Heyva dietik məhsuldur. Arıqlamaq məqsədi ilə tutulan pəhrizlər zamanı heyva çox uğurla istifadə oluna bilər.
Heyva şəkər xəstəliyindən əziyyət çəkən insanlar üçün da faydalıdır.
Heyva antioksidant maddələrlə zəngindir ki, bu faydalı xüsusiyyət onu stress, depressiya zamanı, xərçəng hüceyrələrin əmələ gəlməsi ilə mübarizədə yaxşı köməkçi edir. Heyva orqanizmdə gedən qocalma prosesləri ilə mübarizə aparır.
Heyvanın unikal antivirus xüsusiyyətləri onu qrip və soyuqdəymənin müalicəsi zamanı uğurla istifadə etməyə imkan verir. Bu halda heyva az miqdarda suda bişirilməli və su ilə birlikdə qəbul olunmalıdır.
Heyva dəmir mikroelementi ilə olduqca zəngindir. Bu səbəbdən heyva anemiya (qanazlığı) zamanı insana böyük kömək edə bilər. Uşaqlara heyva şirəsi və heyva kompotları vermək yaxşıdır.
Heyvanın daim qəbulu orqanizmdə “pis” xolesterinin azalmasına kömək edir.
Vitamin C ilə zəngin heyva immuniteti yaxşılaşdırır.
Heyvanı kompot, mürəbbə, şirə, buğda və ya suda bişirilmiş şəkildə qəbul etmək daha yaxşıdır. Təzə heyva spesifik turş dada malikdir və çətinliklə həzm olunur (xüsusilə də böyük miqdarlarda). Lakin bir neçə təzə heyva dilimi insana yalnız xeyir gətirə bilər.
Kosmetologiyada da istifadə olunur…
Heyva qədim zamanlardan kosmetologiyada istifadə olunur. Belə hesab olunurdu ki, heyva qadının cavanlığını və gözəlliyini qoruyur. Kosmetologiyada heyva şirəsi yağlı dərinin təmizlənməsi üçün və çillərlə mübarizədə istifadə olunur. Heyvanın təzə şirəsində pambıq diskini isladın və gündə bir neçə dəfə dərinizi silin. Bu sadə üsul dərinin yağlılığını azaldır, onu təmizləyir və daha hamar və parlaq edir.
Saçların yağlılığını azaltmaq üçün heyva yarpaqları və toxumları ilə olan dəmləmələr istifadə olunur. Təmiz saçları bu dəmləmə ilə hər gün yaxalayın. Bir müddətdən sonra saçlarınız daha sağlam və parıltılı görünəcək.
Qəbizlikdən əziyyət çəkən insanlar heyvanı yeməməlidir ki, o bağırsaqları “bərkidir”.
İnterpress.az