İnterpress.az XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 31-i Azərbaycanda azərbaycanlıların soyqırımı günü kimi qeyd olunaraq 1918-ci ilin martında ermənilər tərəfindən Azərbaycanlılara qarşı törədilmiş qanlı qarğının qurbanlarının xatirəsi anılır.
\”1917-ci ilin oktyabr inqilabından sonra bolşeviklər Bakıda hakimiyyəti ələ keçirdilər və Daşnaksutyun partiyası ilə müttəfiqlik şəraitində yerli vəziyyətə nəzarəti gücləndirməyə çalışdılar. Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin etnik erməni olan Stepan Şaumyanı Qafqazın Fövqəladə Komissarı təyin etdi.
Mart qırğınları ərəfəsində Bakı soveti və Daşnaksutyun partiyası əks-inqilabçı elementlərə qarşı mübarizə bəhanəsi altında Bakı və ətraf ərazilər boyunca Azərbaycanlıları məhv etmək planını hazırladı. Stepan Şaumyanın etirafına görə Azərbaycanlılara qarşı olan qırğınlarda Bakı sovetinin 6000 və Daşnaksutyun partiyasının 4000 silahlı əsgəri iştirak edib. Martın 30-da erməni-bolşevik birləşmələri Bakı şəhərini gəmilərdən atəşə tutdular. Sonra, silahlı erməni daşnaklar yalnız etnik mənsubiyyətlərinə görə Azərbaycanlıların evlərinə basqın edərək onlara qarşı amansız qətliam həyata keçirdilər. Bu dövr ərzində erməni-daşnak birləşmələri Bakı şəhərində və ətrafında 20.000-dən artıq günahsız insanı qətlə yetirdilər.
Azərbaycanlılara qarşı törədilən soyqırım Bakı ilə məhdudlaşmadı. Qısa zaman ərzində ermənilər Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qarsda da qırğınlar törətdilər. 1918-ci ilin ilk beş ayı ərzində Qubada xüsusi vəhşiliklə 16.000-dən artıq insan öldürüldü, 167 kənd məhv edildi. Bu kəndlərdən 35-i yer üzündən silinib. Ermənilər həmçinin, Qubada yerli yəhudilərə qarşı qətliam törətdilər.
İnterpress.az