Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş və ölkə başçısı cənab İlham Əliyevin davam etdirdiyi müasir gömrüyün inkişaf modelləri
Azərbaycan Gömrük Xidməti ölkəmizin iqtisadi təhlükəsizliyinin təminatı, daxili bazarının qorunması, beynəlxalq iqtisadi və ticarət əlaqalərinin genişləndirilməsi, qaçaqmalçılıq hallarının qarşısının alınması, dövlətimizin müstəqilliyinin əsas atributlarından birinə çevrilməklə üzərinə düşən missiyanı şərəflə yerinə yetirir. Əlbətdə, bütün bunlar böyük zəhmətin, gərgin əməyin nəticəsində mümkün olub. Azərbaycanda gömrük xidmətinin yaranması və inkişafı dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
“Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir”. Vaxtilə bu sözlərin müəllifi olan ulu öndər Heydər Əliyev Azərbaycanda gömrük işininin təşkili, inkişaf etdirilməsi istiqamətində mühüm işlər həyata keçirib. Ümummilli lider Heydər Əliyevin dövlət başçısı kimi gömrük siyasəti sahəsindəki faliyyətini iki mərhələyə bölmək olar. 1969-1987-ci illəri əhatə edən sovet dönəmi və 1993-2003-cü illəri əhatə edən müstəqillik illəri. Azərbaycanın dövlətçilik tarixində xüsusi rolu və yeri olan Heydər Əliyev 14 iyul 1969-cü ildə Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi seçildikdən sonra respublika istisadiyyatının şaxələndirilməsi ilə bağlı qısa müddət ərzində ciddi addımlar atıldı. Məhz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra gömrük işi sahəsində uzun müddət ərzində hökm sürən qeyrimillilərin bu sahədəki hokmranlığına son qoyuldu. Belə ki, ulu öndərin təkidi ilə ilk dəfə olaraq gömrük orqanlarına rəhbər vəzifələrə azərbaycanlılar təyin olunmağa başlandı. Qısa müddət ərzində Azərbaycanda fəaliyyət göstərən hər üç gömrükxananın (Bakı, Astara və Culfa) rəisi azərbaycanlı olmağla bərəbər, milli kadrlar SSRİ-nin müxtəlif ali təhsil ocaqlarına oxumağa göndərildi.
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra ötən dövr ərzində xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, ölkənin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olundu. Müstəqilliyimizin ilk illərində, 1991-1993-cü illərdə xaos və tənəzzül içərisində yaşayan Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını bu fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. Milli iqtisadiyyatın dirçəldilməsi üçün ölkənin malik olduğu təbii resurslardan istifadə edilməsi və milli məhsulların xarici bazarlara çıxışının təmin edilməsi mühüm əhəmiyyət kəsb edirdi. Bu dövrdə xarici ticarət əlaqələrinin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi əsas məsələlərdən biri idi. Dövlətin daxili və xarici siyasətinin tərkib hissəsi olan vahid gömrük siyasətinin həyata keçirilməsi əsas məsələlərdən biri kimi gömrük xidmətinin qarşısına vəzifə olaraq qoyuldu. İnkişaf etmiş ölkələrin gömrük təcrübəsinin öyrənilməsi, beynəlxalq tələblərə cavab verən gömrük qanunvericiliyinin yaradılması və tətbiqi, Azərbaycan Respublikası gömrük xidmətinin digər ölkələrin gömrük xidmətləri ilə sənədlərin və gömrük əməliyyatlarının unifikssiyası əsasında yaxınlaşması kimi mühüm prinsiplər bu yeniləşmənin əsasını təşkil etdi.
Təşkilati tədbirlərlə bir vaxtda dövlətin gömrük siyasətinin də formalaşdırılmasına başlanıldı. Ölkənin gömrük qnanunvericiliyi təkmilləşdirildi. Azərbaycan Respublikasının “Gömrük Məcəlləsi” və “Gömrük Tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Gömrük tarifi və valyuta tənrzimlənməsi haqqında qəbul edilən qanunlar, gömrük orqanlarına valyuta nəzarətini həyata keçirmək hüququnu verdi, habelə gömrük rüsumlarının dəqiq hesablanması və vaxtında yığılaraq dövlət büdcəsinə köçürülməsi tələbini qoydu. Ümummilli lider Heydər Əliyevin 10 yanvar 1997-ci il tarixli Sərəncamı ilə yanvarın 30-u gömrük işçilərinin peşə bayramı günü elan edilməsi ölkə rəhbərliyinin bu sahəyə verdiyi önəmi bir daha sübüt etdi. Elə həmin ildə Dövlət Gömrük Komitəsinin yaradılmasının 5-ci ildönümünə həsr olunan geniş iclasda “…Həqiqi gömrük işini təşkil etmək üçün iki əsas şərt lazımdır. Birincisi, gömrük işçisi gərək bilikli olsun, öz peşəsini yaxşı mənimsəmiş adam olsun, mənəviyyatca təmiz olsun, müstəqil Azərbaycanın iqtisadiyyatının möhkəmləndirilməsinə sadiq olsun. İkinci tərəfdən, gərək onun təcrübəsi ola, biliyi ilə yanaşı, maddi-texniki bazası, müasir texnikası, ləvazimatları olsun. Bunları yaratmaq lazımdır. Bu da sizin vəzifənizdir…” deyən ulu öndər Heydər Əliyevin bu nitqi sözügedən dövr və sonrakı illər üçün gömrük xidmətinin inkişafının prioritetlərini müəyyənləşdirdi. Ulu öndər gömrük nəzarətinin təşkili, qaçaqmalçılığa qarşı mübarizə və eyni zamanda, maliyyə intizamının möhkəmləndirilməsi istiqamətində tövsiyə və tapşırıqlarını verdi. Prezidentin tapşırığına uyğun olaraq gömrükxanaların maddi- texniki bazası müasirləşdirməklə bərabər, milli dildə ilk tədris vəsaitləri hazırlanmağa başlanıldı. Həmin dövrdə Dövlət Gömrük Komitəsinə bilikli, bacarıqlı və ixtisaslı kadrların cəlb edilməsinə başlanıldı. Digər tərəfdən Dövlət Gömrük Komitəsinin yeni strukturunun yaradılması, yeni gömrük idarələri və postlarının açılması, eyni zamanda, inzibati binaların əsaslı tikinti və təmirinin
həyata keçirilməsi, maddi-texniki bazanın inkişafı, yeni nəzarət cihaz və avadanlıqların alınması, gömrük qanunvericiliyinin müasir normalara uyğunlaşdırılması bir vəzifə olaraq qarşıya qoyuldu. Maliyyə intizamının möhkəmləndirilməsi, ölkəyə idxal olunan mal və nəqliyyat vasitələri üzrə gömrük ödənişlərinin alınması və vergilərdən yayınma hallarının qarşısının alınmasına nəzarət gücləndirildi.
1993-cü ildən başlayaraq illik büdcə proqnozunun dinamikasına nəzər yetirsək görərik ki, əgər 1993-cü ildə ticarət dövriyyəsinin həcmi cəmi 863,7 min ABŞ dolları həcmində idisə, 2003-cü ildə bu göstərici 5200,5 min ABŞ dollarına qədər artdı. Son illər ərzində də Azərbaycanda gömrük siyasətinin təkmilləşdirilməsi, gömrük orqanlarının maddi-texniki və normativ-hüquqi bazasının möhkəmləndirilməsi, dünya gömrük sisteminə inteqrasiya və sair istiqamətlərdə uğurlu addımlar atılıb. Ümummilli lider Heydər Əliyev tərəfindən gömrük sahəsinin inkişafına göstərilən diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı tərəfindən həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində inkişaf etmiş gömrük sisteminin yenidən qurulması istiqamətində mühüm işlər görülüb, onun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmlənib və ən nəhayət gömrük işini nizama salan normativ hüquqi baza yaradılıb. Bu gün Dövlət Gömrük Ximəti Azərbaycan Respublikası gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması, məlumatların yoxlanılması, emalı, yeni proqram təminatlarının yaradılması, korporativ şəbəkənin genişləndirilməsi, Azərbaycan Respublikasının xarici ticarətinin təhlilinin aparılması və gömrük statistikasının təkmilləşdirilməsi sahəsində də bir sıra mühüm əhəmiyyət kəsb edən işlər həyata keçirir. Bir sözlə Azərbaycanda müasir tələblərə cavab verən gömrük sistemi yaradılıb və təkmilləşdirmə işləri davam edir.
Son 15 ildə gömrük infrastrukturunun inkişaf etdirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilib. Belə ki, bütün sərhəd-keçid məntəqələri, gömrük idarələri və postlarında əsaslı təmir və tikinti işləri başa çatdırılıb, onlar müasir avadanlıq və qurğularla təmin edilib. Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamlarıyla təsdiq edilən sosial-iqtisadi inkişaf dövlət proqramları, eləcə də “Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı”na əsasən ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən, gömrük xidmətində yenidənqurma işləri həyata keçirilib. Qeyd etmək lazımdır ki, 2010-2011-ci illərdə Astara, Biləsuvar, Tovuz, Balakən və Xaçmaz gömrük idarələrinin sərhəd-keçid məntəqələrinin yeni tikilmiş inzibati binaları məhz Azərbaycan Prezidentinin iştirakı ilə gömrük əməkdaşlarının xidməti istifadəsinə verilib. “Bir pəncərə” prinsipinin tətbiqi iqtisadi operator və sahibkarlıq subyektləri üçün resurslardan daha səmərəli istifadəyə, rəsmiləşdirmə müddətinin azaldılması nəticəsində yüklərin göndəriş və idxalına icazələrin alınması prosedurunun sürətlənməsinə, sərhəd-keçid prosedurları ilə bağlı tələblər haqqında
məlumatlılığın və şəffaflığın artırılmasına, eləcə də ticarət əlaqələrinin genişlənməsinə və mal dövriyyəsi üçün daha əlverişli şəraitin yaradılmasına da imkan verib. Prezident İlham Əliyevin tapşırığına əsasən gömrük ödənişlərinin ödəniş kartları vasitəsilə alınması üçün bütün gömrük idarələrində POS-terminallar açılmış, gömrük vergi və rüsumları, habelə gömrük qaydalarının pozulmasına görə tətbiq olunan cərimələr və yığımların alınması ödəniş kartları vasitəsilə həyata keçirilməkdədir. Sahibkarlar üçün sms xidmətin tətbiqi, elektron gömrük sistemi yaradılması, şəffaflığı təmin olunması bu sahədə əldə olunan uğurlar sırasındadır.
Gömrük orqanlarının fəaliyyəti ölkə rəhbərliyi tərəfindən qiymətləndirilir və gömrükçülər daim diqqət və qayğı ilə əhatə olunurlar. Azərbaycan Prezidentinin sərəncamları ilə təkcə son illər ərzində gömrük əməkdaşlarının sosial müdafiəsinin təmin olunması məqsədilə əmək haqları bir neçə dəfə artırılıb. 2008-ci ilin sonunda Bakıda dünya standartlarına cavab verən Mərkəzi Gömrük Hospitalının açılışı gömrük əməkdaşlarının sosial müdafiəsinə yönələn tədbirlərdən biri olub. Ölkəmizdə müstəqil gömrük xidmətinin yaradılmasından bizi 27 il zaman kəsiyi ayırır. Bu gün müstəqil Azərbaycan gömrüyünün istər beynəlxalq aləmdə, istərsə də ölkə miqyasında müstəsna rolu var. Ulu öndər Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycan gömrüyünün öz ənənələrini qoruyub saxlaması və daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır.
Azərbaycan dövlətinin müstəqilliyinin əsas atributlarından biri olan gömrük xidməti müstəqilliyimizin bərpasından ötən dövrdə xalqa və dövlətə nümunəvi xidmət göstərməklə şərəfli bir yol keçib. Əminik ki, bu yol bundan sonra da şərəflə davam etdiriləcək.
Qeyd: “Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar” mövzusunda yazı müsabiqəsinə təqdim olunur”
Vüqar Nəzərov
İnterpress.az