ABŞ Dövlət Departamentinin hazırladığı hesabatda Azərbaycana qarşı nifrət püskürməsi bu ölkənin əzəli xarici siyasət kursunun əsas predmetlərindən biridir. Özünü ədalət carçısı kimi təqdim edərək dünyanın gözü qarşısında beynəlxalq hüququ və insan haqlarını tapdalayan Birləşmiş Ştatların yürütdüyü xarici dağıdıcı, bölücü və parçalayıcı siyasət heç kəsə sirr deyil. Biz bir dəfə hüquqları tapdalanmış İraq xalqının ayaqqabısının ABŞ prezidentinin başına çırpıldığını da görmüşük.
Odur ki, qoca Bayden əmi sələflərini nəzərdən keçirməli və azərbaycanlıların ayaqdan böyük olduğunu anlamalıdır. Hə, bu arada Bayden əmiyə xatırlatma üçün deyək ki, azərbaycanlılar təkcə ayaqdan böyük deyillər – bizim həm də böyük ürəyimiz var!
Əgər ABŞ üçün Nyu-York, Vaşinqton və digər şəhərləri necə doğmadırsa, Xankəndi, Xocalı və digər şəhərlərimiz də Azərbaycanın tərkib hissəsidir, ayrılmazdır, əzizdir, doğmadır.
İndi də Xankəndi şəhərimiz amerikalıların dilinin əzbərinə çevrilib. 30 il işğal altında qalmış və uzun illərin probleminə çevrilmiş torpaqlarımız azad olunandan sonra Bayden əmi narahat olmağa başlayıb. Əcəba, biz bu narahatlığı işğal dövründə nə Baydenin özündən, nə də sələflərindən qəti görmədik. Hətta Vətən müharibəsinin gedişində ABŞ-da prezidentliyə gələn Bayden hələ o vaxtdan qərəzini nümayiş etdirməyə başlayıb.
Amma burada anlaşılan bir məqam da ondan ibarətdir ki, qoca Bayden əmi Azərbaycana qarşı nifrət püskürməsini öz yerini möhkəmləndirmək üçün edir. Çünki ABŞ-da yaşayan erməni seçicilərin rəğbətini qazanmaq qocanın əsl arzusuna çevrilib. O da erməniləri bu cür trollayır.
Çünki ABŞ heç bir zaman dünya üçün xeyirli bir addım atmayıb. Hətta ATƏT-in gorbagor olmuş Minsk qrupunda təmsil olunan ABŞ-in vasitəçiliyi isə yeyinti, korrupsiya, mənasız siyasət və vasitəsizlikdən başqa bir şey olmayıb. Bəllidir ki, ABŞ Azərbaycanın öz əzəli və əbədi torpaqlarını azad etməsini həzm edə bilmir.
Toğrul Allahverdili
Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctima Birliyinin sədri