Astarada qadın haqları ilə bağlı tədbir keçirilibbackend

Astarada qadın haqları ilə bağlı tədbir keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi Astarada Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəsi ilə “Yerli və beynəlxalq qanunvericilikdə qadın hüquqları ” adlı maarifləndirmə tədbiri həyata keçirib. Tədbirə icma təmsilçilərilə yanaşı yerli icra hakimiyyətinin nümayəndələri, bölgədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının fəalları, hüquq-mühafizə orqanlarının təmsilçiləri də qatılıb.

“İnterpress.az” xəbər verir ki, mərasimi açan layihə üzrə təlimçi Əntiqə Qurbanova layihənin məqsədləri haqqında danışıb:“Azərbaycanda uzun illərdir qadın haqlarının qorunması ilə bağlı qanunlar qəbul edilib, həmin qanunların işləmə mexanizmləri getdikcə təkmilləşdirilir, ancaq biz hələlik vətəndaşlar arasında bu qanunların yetərincə təbliğinə nail ola bilməmişik. Təcrübə isə göstərir ki, erkən nikahlar, digər məişət zorakılıqları daxil qadınlara qarşı bir sıra qanunsuz addımlar qadınların öz hüquqlarını bilməməsindən qaynaqlanır və biz qanunları detallı şəkildə təbliğ etməklə problemin arada qaldırılmasına dəstək olmaq niyyətindəyik”.

Təlimçilərdən Nabat Qəniyeva isə ölkənin cənub bölgəsi olan Astaranın bu məsələdə özünəməxsus yer tutduğunu vurğulayıb:“Təəssüf ki, bu özünəməxsusluq daha çox mənfi çalarlardadır. Ötən illərin statistikası göstərir ki, bölgədə təhsilə meyl artır. Hətta ölkə üzrə yüksək bal toplayan, eləcə də xaricdə təhsil haqqı qazanan qızlarımız içərisində cənub məktəblərinin yertirmələrinin sayı artır. Bu, son dərəcə gözəl təcrübədir. Çünki hər bir təhsil alan, həyata yerini tutmağı bacaran qız onlarla həmyaşıdına stimul verir, örnək olur və bizim cəmiyyət olaraq maariflənməmiz hər şeydən öncə qanunları daha yaxşı dərk edib onlarda yararlanmağımıza gətirib çıxarır. Heç kimə sirr deyil ki, uzun illər bu bölgədə çox ciddi erkən nikah, eyni zamanda məişət zorakılığı problemləri olub. Qadınlar ailə daxilində ən müxtəliş şəkildə sıxışdırılıb. Əmək fəaliyyətilə məşğul olan qadınların belə öz qazancı üzərində qərar vermək haqqı ailənin kişiləri tərəfindən məhdudlaşdırılıb. Eyni zamanda din pərdəsi altında xurafatın yayılması insanlarımızı qadın haqları ilə bağlı çox sərt davranışa məhkum edib. Amma Azərbaycan Respublikası dövlət modeli təkmilləşdikcə biz həyatımızdan bu kəm-kəsirləri çıxarır, qadın haqlarına daha ciddi yanaşırıq və düşünürəm ki, qanunvericiliyin təbiği bu məsələdə çox vacib mərhələdir”.

Toplantıya qatılan icma nümayəndələri isə çıxışlarında ağsaqqallıq institutunun tətbiqini də vacib saydıqlarını bildiriblər. Onların sözlərinə görə, mental dəyərlərdən irəli gələn bir sıra addımlar bu problemlərin aradan qaldırılması üçün qanunlarla bərabər tətbiq edilərsə daha yumşaq formada, amma daha sürətli sonuz əldə edilə bilər. Çıxışçılar bildiriblər ki, zaman dəyişdikcə düşüncələr də dəyişir. Yeni nəsil artıq çağda daha tez uyğunlaşır. Əgər hökumət öz üzərinə düşən məsələləri yerinə yetirib qanun dililə vətəndaşlar qarşısında sərt tələblər qoysa, uzun illər qadınların həyatını qaraldan erkən nikah, ailədaxili şiddət, təhsil alan qızlara belə işləmək imkanının tanınmaması kimi problemlər aradan qalxmış olar.