ATƏT platformasında dialoq – Bakı və İrəvan Rusiya olmadan ümumi dil tapa bilərmi?backend

ATƏT platformasında dialoq – Bakı və İrəvan Rusiya olmadan ümumi dil tapa bilərmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Delimitasiya və demarkasiya ilə yanaşı, kommunikasiyaların açılmasının dekabrın 15-də Brüsseldəki dövlət başçıları arasındaki görüşdə müzakirəsi gözlənilmir, çünki bu məsələlər Rusiya, Azərbaycan və Ermənistan arasında danışıqların predmetidir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib.

“Müharibəyə qədər liderlərin dialoqu ATƏT-in Minsk qrupu çərçivəsində baş tuturdu, amma faktiki olaraq ona Rusiya vasitəçilik edirdi. Bu gün də artıq həm hüquqi, həm də faktiki olaraq bu dialoq Rusiyanın kurasiyasındadır. Amma dekabrın 15-ə nəzərdə tutulan görüş ATƏT-in toplantısı zamanı gerçəkləşməlidir.

Əlbəttə, Azərbaycan və Ermənistan liderləri arasındakı görüş çox vacibdir. 44 günlük müharibədən sonra İlham Əliyev və Nikol Paşinyan arasında ikili təmas olmayıb.

Əslində, Nikol Paşinyan özü bir neçə dəfə yeni sazişlərin imzalanmasından imtina edib və Moskvanın da son zamanlardakı qəzəbi bununla bağlı idi”, – deyə siyasi analitik əlavə edib.

Politoloqun sözlərinə görə, iki ölkə arasındakı problemlər təcili surətdə müzakirə edilməli və həll yolları axtarılmalıdır:

“Ümumən Azərbaycan və Ermənistan bir çox məsələləri müzakirə etməlidir və bu məsələlərin müzakirəsi nə qədər tez başlayarsa, bir o qədər tez regionda sabitlik əldə ediləcək. Ermənistan tərəfində razılaşdırılmış, amma icra edilməmiş məsələlər var və bu problemlər də öz həllini tapmalıdır.

Avropa İttifaqının (Aİ) münaqişə ilə bağlı aktivliyi regionda müxtəlif güclər arasında rəqabəti daha da artırır. Bu da vacibdir, yəni bir ölkə ağalığı hiss etməsin. Odur ki, mütləq şəkildə burada ABŞ, Aİ və Rusiya arasında rəqabət olmalıdır”.

Z. Məmmədov Rusiya ilə yanaşı, digər dövlətlərin konstruktiv mövqe sərgiləməsinin vacibliyini vurğulayıb:

“Azərbaycan istər Aİ, istər ABŞ, istər Rusiya, istərsə də digər vektorlardan konstruktivlik gözləyir və ümid edir ki, həmin ölkələr regiondakı prosesləri ayıq başla izləyəcək və bəzi  tarixi maraqlarından əl çəkəcəklər. Onlar bundan qurtulmalıdırlar. Çünki dünya dəyişir və bu gün keçmişdəki siyasəti aparmaq həmin ölkələr üçün məğlubiyyət deməkdir”.

Rafi MÜSLÜMOV

ATƏT platformasında dialoq -  Bakı və İrəvan Rusiya olmadan ümumi dil tapa bilərmi?