Azərbaycan Respublikasında mirasda məcburi pay və onun hüquqi statusubackend

Azərbaycan Respublikasında mirasda məcburi pay və onun hüquqi statusu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mirasda məcburi pay institutu qədim Roma hüququndan formalaşan və günümüzə qədər gəlib çıxan, başlıca mahiyyəti miras qoyanın birinci növbə vərəsələri qarşısında əxlaq və sosial-iqtisadi öhdəliklərini ifadə edərək miras-əmlakın müqəddəratını fundamental ədalət prinsipləri ilə uzlaşdırmaqdır.

Mirasda məcburi pay anlayışına müasir terminoloji mənada yanaşmazdan öncə, onun tarixi kökləri barədə qeydlər etmək zəruridir. Məcburi pay yuxarıda qeyd edilən kimi, qədim Roma hüququndan formalaşan bir istilahdır. Belə ki, qədim Romada aşağıdakı şəxslər miras qoyanın əmlakın məcburi pay almaq hüququna malik olmuşlar:

1. Ərinin ölümündən sonra əmlakı olmayan və maddi tələbatlarını ödəyə bilməyən dul qadın;
2. Emansipasiya olunmamış, yəni asılılıqda olan uşaqlar;
3. Doğma qardaş və bacılar (Vəsiyyətnamə ilə ləyaqətsiz elan edilmə halları olmadıqda);
4. Miras qoyanın bilavasitə himayəsində olan digər şəxslər (Adları vəsiyyətnamədə çəkildikdə).

Beləliklə, qədim Roma hüququndan formalaşan qənaətə görə, miras qoyan öz əmlakından bərabər statusda olan vərəsələrini bərabər şəkildə təmin etməlidir. Əks halda, onların bu barədə iddia qaldırmaq hüquqları istisna edilmir.

Bu gün məcburi paya müxtəlif ölkələrin qanunvericiliyində müxtəlif yanaşmalar mövcuddur. Bəzi ölkələrin qanunvericiliyində belə hüquq yalnız xüsusi müdafiəyə ehtiyacı olan ailə üzvlərinə (əlilliyi müəyyən edilmiş, müstəqil surətdə özünü saxlaya bilməyən, yetkinlik yaşına çatmayan və s. şəxslər) şamil edilir. Ancaq Azərbaycan Respublikası da daxil olmaqla əksər ölkələrdə bu hüquq birinci növbə vərəsələrin miras qoyanın əmlakına dair onun iradəsini məhdudlaşdıran element kimi qəbul edilir.

Azərbaycan Respublikası qanunvericiliyində “mirasda məcburi pay” institutu miras qoyanın birinci növbə vərəsələri qarşısında sosial-iqtisadi öhdəliklərini onun öz əmlakına dair sərbəst sərəncam verməsindən və vəsiyyət azadlığından qoruma mexanizmi kimi təsbit edilmişdir. Belə ki, bu tendensiya özünü Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-1203-cü maddələri, eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir neçə aidiyyəti üzrə qərarlarında göstərmişdir.
Lakin məhkəmə təcrübəsində mirasda məcburi paya müxtəlif yanaşmalar mövcuddur. Mülki Məcəllənin və Konstitusiya Məhkəməsinin gəldiyi qənaətləri ümumiləşdirsək, mirasda məcburi payın xüsusiyyətlərini aşağıdakı kimi qruplaşdıra və nəzərdən keçirə bilərik:

1. Məcburi pay vərəsəlik hüququnun spesifik rejimidir;
2. Məcburi pay rejimi təkcə vəsiyyətnamə ilə bağlı deyil, eyni zamanda qanun üzrə vərəsəlik üçün də keçərlidir;
3. Məcburi pay rejimi miras qoyanın tək vəsiyyət azadlığı deyil, eyni zamanda əmlakına dair sərbəst sərəncamvermə hüququnun da məhdudlaşdırma vasitəsidir;
4. Məcburi paydan məhrum edilmə yalnız vərəsəlik hüququndan məhrum edilmə halları olduqda mümkündür;
5. Məcburi payın qəbul edilməsi və ondan imtina sadəcə müddət baxımından ümumi vərəsəlik rejiminə tabedir.

İlk növbədə, məcburi pay vərəsəlik hüququnun xüsusi rejimi olaraq nəzərdən keçirilməlidir. Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

Bu anlayışdan ilkin olaraq belə təsəvvür yaranır ki, məcburi pay yalnız vəsiyyət üzrə vərəsəlik zamanı aktivləşən situasiyadır. Bu mövqeyi Mülki Məcəllənin 1202.1-ci maddəsi məcburi pay almaq hüququ olan vərəsənin onu qəbul etməkdən imtina etdiyi halda, onun payının vəsiyyət üzrə vərəsələrə keçməsini ifadə etməklə gücləndirir. Eyni zamanda Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 1194-cü maddəsinin şərhinə dair Plenum Qərarında mirasın açılmasının əsasını təşkil edən hüquqi faktların məcmusunu (hüquqi tərkibi) aşağıdakı kimi qruplaşdırır:

1. Mirası qəbul etmək hüququna malik olan şəxslərin, vəsiyyətnamə üzrə isə məcburi paya malik olan şəxslərin dairəsi;
2. Mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi);
3. Vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.).

Yuxarıda göstərilənlər məcburi payın yalnız vəsiyyət üzrə vərəsəlik zamanı mövcudluğuna dəlalət etdiyindən Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 1193 və 1200-cü maddələrinin şərhinə dair olan Plenum Qərarında məcburi payın sözügedən hallardan asılı olmamasını müəyyən etdi.

Belə ki, Konstitusiya Məhkəməsi həmin Qərarında məcburi payı məcburi vərəsələrə (vəsiyyət edənin uşaqları, valideynləri və arvadına (ərinə)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqı kimi şərh etmiş və bunu mülkiyyətçinin müəyyən olunan vərəsələr qarşısında olan sosial-iqtisadi öhdəliyinin təzahürü kimi qiymətləndirmişdir. Beləliklə, məcburi pay hüququ vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq təyin olunur.

Bundan belə bir nəticə hasil olur ki, məcburi pay hüququ hər iki vərəsəlik halında öz mövcudluğunu saxlayırsa, qanun və ya vərəsəlik üzrə miras-əmlakın bölünməsindən asılı olmayaraq əlahiddə statusunu saxlamalıdır.
Məcburi payın digər bir xüsusiliyi onun mülkiyyətçinin tək vəsiyyət azadlığı deyil, eyni zamanda əmlakına dair sərbəst sərəncamvermə hüququnun da məhdudlaşdırma vasitəsi olmasıdır.

Belə ki, qanunverici Azərbaycan Respublikası Mülki Məcəlləsi 667.1-ci maddədə fəaliyyət qabiliyyətli şəxsin öz əmlakına dair bağışlama yolu ilə sərəncam verə bilmə qabiliyyətini həmin əmlak üzrə hüquqların vərəsəlik hüququ ilə məhdudlaşmış olmaması ilə şərtləndirmişdir. Eyni zamanda həmin Məcəllənin 1200-cü maddəsində miras qoyanın əşyanı üçüncü şəxsə bağışladığı halda, məcburi paya hüququ olan şəxsin hədiyyənin verilməsindən sonrakı 2 il ərzində məcburi payın tamamlanmasını tələb edə bilmək hüququ təsbit edilmişdir.

Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 1193 və 1200-cü maddələrinin şərhinə dair Plenum Qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 667.1-ci maddəsində bağışlama hüququnun konkret hansı vərəsələrin hüquqları ilə məhdudlaşdırıldığı dəqiq göstərilməsə də, Mülki Məcəllənin 667.1, 1193 və 1200-cü maddələrinin funksional əlaqəsinin, həmçinin vərəsəlik hüququnun prinsipləri ilə sözügedən halların qarşılıqlı təhlili onu deməyə əsas verir ki, qanunverici bağışlama qabiliyyətinin reallaşdırılmasını bağışlanan əmlakın vərəsəlik hüquq normalarına uyğun olaraq qanun üzrə vərəsələrdən birinci növbə vərəsələrə, yəni məcburi pay əldə etmək hüququ olan şəxslərə çatacaq əmlak payına daxil olan hissəsi ilə məhdudlaşdırmışdır.

Eyni zamanda Mülki Məcəllənin 1194-cü maddəsinə əsasən, məcburi payı tələb etmək hüququ mirasın açıldığı vaxt meydana gəlir və vərəsəlik üzrə keçir.

Beləliklə, bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, mirasda məcburi pay hüququ iqtisadi dəyər əhəmiyyətli tələbdir və hələ mülkiyyətçinin sağ olduğu vaxtdan mövcud olur. Sadəcə tələbin əmlaka yönəlməsi üçün, sözsüz ki, ilk növbədə mülkiyyətçi ölməli, miras açılmalı və qanunla müəyyənləşdirilən müddətdə məcburi pay qəbul edilməlidir.

Mirasda məcburi payın statusu ilə bağlı digər önəmli situasiya isə bu hüquqdan məhrum edilmə halları və payı qəbul etmə ilə əlaqədar prosessual məsələlərdir.

İlk növbədə qeyd etmək zəruridir ki, qanunverici məcburi pay hüququnun istisna olunmasını yalnız vərəsənin imtinası və vərəsəlik hüququndan məhrum edilmə halları ilə bağlı olaraq nəzərdə tutmuşdur. Məcburi pay hüququ ilə vərəsəlik hüququndan məhrum edilmə isə proses olaraq yalnız məhkəmə qaydasında, ləyaqətsiz elan olunma hallarının mövcudluğu şərti ilə mülkiyyətçinin sağ vaxtı qaldırdığı iddia üzrə mümkündür. Hesab edirik ki, bu hallar xaricində digər hallarda vərəsənin mirasdan məcburi pay almaq hüququ istisna olunmamalı və məcburi pay miras-əmlakın bölüşdürülməsi zamanı toxunulmaz saxlanılmalıdır.

Qanunvericilikdə digər bir ziddiyyətli məqam məcburi payın qəbul edilmə prosedurundadır.

Belə ki, qanunverici Mülki Məcəllənin 1202.2-ci maddəsi ilə məcburi payın qəbul edilməsi və ondan imtina edilməsini mirasın qəbul edilməsi və ya ondan imtina olunmasını üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməli olduğunu təsbit edib. Belə olduqda məcburi payın qəbul edilməsi həmin Məcəllənin 1246, 1248 və 1272-ci maddələrinin tələblərinə tabe tutulur. Bu da öz növbəsində bəhs olunan məsələ barədə mübahisələr zamanı məhkəmə təcrübəsində vahid və ağlabatan mövqeyin formalaşmasına mənfi təsir göstərir. Həmin təcrübələrdən bir neçəsini aşağıdakı qisimlərdə göstərmək olar.

1. Məhkəmələr mirasın məcburi pay şəklində qəbulu üzrə mübahisələrə 1272-ci maddənin tələbinə uyğun olaraq baxır və maraqlı şəxsin mübahisəyə dair müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində mübahisənin açılıb-açılmamasından asılı olaraq tələbi təmin edir və ya etmir.

2. Məcburi payın qəbul edilməsi üçün buraxılmış müddətin bərpasına dair mübahisələrdə məhkəmə mirasın açıldığı vaxtdan vərəsənin mirasa dair münasibətini araşdırır və onun miras-əmlakın iqtisadi dəyərini qorumağa yönəlmiş hərəkətlərinin olmadığını əsas gətirərək tələbi rədd edir.

3. Vəsiyyətnamə olmadıqda qanun üzrə bir vərəsənin miras-əmlaka faktiki sahiblik faktının müəyyən edilməsi ilə əlaqədar miras-əmlaka mülkiyyət hüququnun tanınması zamanı digər vərəsələrin məcburi pay hüququ gözlənilmir.

Hesab edirik ki, yuxarıda göstərilən məhkəmə təcrübələri dəyişməlidir.

Birinci növbədə, yuxarıda da qeyd etdiyimiz kimi, məcburi pay institutunun qoruduğu əsas ictimai münasibətlər birinci növbə vərəsələrin miras qoyanın onlar qarşısında olan sosial-iqtisadi öhdəliklərlə bağlıdır. Belə olduğu təqdirdə, məcburi payın qəbul edilməsi ilə bağlı münasibətlərin hansısa konkretləşdirilmiş müddətə tabe tutulması qanunun mahiyyətinə ziddir.

İkinci növbədə, təkrarən məcburi pay institutunun qoruduğu əsas ictimai münasibətlərə vurğu etməklə qeyd etmək lazımdır ki, məcburi pay vərəsənin mənafeyini mülkiyyətçinin iradəsindən qoruma məqsədlidir. Miras-əmlakın iqtisadi dəyərinin qorunub saxlanılması və mülkiyyətin iqtisadi məzmununa xələl gətirməmədən ona etmə isə mirasın qanun üzrə qəbulunu şərtləndirir. Məcburi payın hüquqi rejimi qanun və vəsiyyət üzrə vərəsəlikdən fərqlindiyi üçün hesab edirik ki, mübahisələr zamanı məcburi pay əlahiddə statusda saxlanmalıdır.

Üçüncü növbədə, hesab edirik ki, mirasa sahiblik faktı ilə əlaqədar ona mülkiyyət hüququnun tanınması zamanı məhkəmələr digər vərəsələrin məcburi payını toxunulmaz saxlamalıdır. Çünki məcburi pay hətta miras qoyanın sağlığında belə onun öz əmlakına bağışlama yolu sərəncam verməsinə qarşı məhdudlaşdırıcı element kimi çıxış edir. Yəni qanunverici məcburi payı mülkiyyətçinin sağlığında belə tələb hüququ olaraq qoruyur. Məcburi pay hüququ olan vərəsələrin bu hüquqları birbaşa mülkiyyətçinin özünə istiqamətləndiyi və tələb hüququ miras qoyanın sağlığında belə yarana bildiyi üçün (məcburi payın tamamlanmasına dair Mülki Məcəllənin 1201-ci maddəsi ilə) hesab edirik ki, vərəsələr arasında mirasın qanun üzrə qəbulunun mübahisələndirildiyi vaxt məcburi paylar qanunla müəyyən edilən həcmdə toxunulmaz saxlanılmalıdır.

Yuxarıda göstərilən məsələlər istiqamətində mülki qanunvericiliyin təkmilləşdirilməsi məqsədəmüvafiqdir.

BDU-nun məzunu, hüquqşünas Hüseynov Elvin Hilal oğlu