Azərbaycan təhsilində nə baş verir? – Dəyişən strategiyabackend

Azərbaycan təhsilində nə baş verir? – Dəyişən strategiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün öncə, Azərbaycan Prezidentinin sərəncamı ilə uşaq bağçaları və məktəbə qədər təhsil müəssisələri İcra Hakimiyyətlərinin tabeliyindən çıxaraq Təhsil Nazirliyinə həvalə edildi. Bununla da ümid edilir ki, artıq bu sahədə xüsusi inkişaf həyata keçiriləcək.

Bununla yanaşı, Prezidentin digər sərəncamı ilə rayon təhsil şöbələri də ləğv olunaraq regional təhsil idarələri yaradıldı. Təhsildə idarəetmənin regionallaşması bu sahədə nəzarətə kənar müdaxilələrin minimumlaşdırılması, şəffaflığın artırılması və idarəetmənin səmərəliliyinin daha da yüksəldilməsi baxımdan vacib hesab olunur.

Bu müəssisələr İcra Hakimiyyətlərinin tabeliyində olanda hansı problemlər var idi? Məktəbəqədər təhsil müəssisələri və bağçaların Təhsil Nazirliyinə verilməsinin hansı üstünlükləri var? Bu sahədə hər hansı mənfi tendensiyalar ola bilər? Azərbaycanda Rayon Təhsil Şöbələrinin ləğv olunmasının təhsildəki müsbət və mənfi tərəfləri nə olacaq?

Yenisabah.az-ın suallarını cavablandıran təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, əslinə qalsa, 2010-cu ildə ölkə Prezidenti İlham Əliyev bağçaları Təhsil Nazirliyinin (TN) balansından çıxarıb İcra Hakimiyyətlərinə (İH) ona görə verdi ki, həmin vaxtı bağçaların maddi-texniki bazası, təminat məsələləri, eyni zamanda idarəetməsi daha mobil olsun:

“Amma 10 illik təcrübə göstərdi ki, qarşıya qoyulan hədəf və məqsədə çatılmadı. Nə baş verdi?

Artıq ölkə Prezidentinin 2011-ci ildə imzaladığı digər bir sərəncamı ilə dövlət qurumlarının öz xidmətlərini elektron qaydada həyata keçirməli olduğu qeyd olunmuşdu. Həmçinin, işə qəbul prosesi şəffaf və mərkəzləşmiş qaydada olmalıydı, amma geridə qoyduğumuz 10 il ərzində uşaq bağçaları və körpələr evində bir dənə də, bu kimi fakt yaşanmadı.

 

Çox təəssüf ki, biz bunu ən ciddi bir problem olaraq görürdük ki, uşaq bağçaları və körpələr evinə qəbulda neqativlik mövcuddur. Bu proseslər şəffaf həyata keçirilmirdi. Kim pul verirdisə, onun uşağını qəbul edirdilər, digər birinə isə deyirdilər ki, bağçada yer yoxdur sizin uşağınıza, ona görə də qəbul edə bilmərik. Bu ən ciddi bir problem olaraq qiymətləndirilirdi”.

Mütəxəssisin sözlərinə görə, ikinci ən ciddi problem isə, bağçalara və körpələr evinə işə qəbulun şəffaf olmaması ilə bağlı idi:

“2016-cı ildə qanun qəbul edildi ki, uşaq bağçaları və körpələr evinə bu sahə üzrə ali təhsilli şəxslər qəbul edilsin, amma biz görürdük ki, işə qəbul prosesi həm mərkəzləşmiş sistemdə, həm də obyektiv, şəffaf həyata keçirilmirdi. Bu ciddi bir problem idi.

Digər bir məsələ isə tədrisin keyfiyyəti məsələsi idi. Çox təəssüflər olsun ki, burada keyfiyyətli tədris həyata keçirilmirdi, maddi-texniki baza ürəkaçan səviyyədə deyildi.

Baxmayaraq ki, “Heydər Əliyev Fondu” tərəfindən mütəmadi olaraq uşaq bağçaları təmin edilirdi, amma burada verilən tədris keyfiyyəti, kadr potensialı yetərli deyildi.

Bu müəssisələr TN-nə veriləndən sonra ən vacib iki problem aradan qalxacaq.

Birincisi, uşaq bağçaları və körpələr evinə uşaqların qəbulu elektron qaydada həyata keçiriləcək, əgər yer varsa, portal vasitəsilə siz müraciət edə biləcəksiniz. Hazırda necə ki, birinci sinifə və məktəbə qədər hazırlıq qruplarına qəbul elektron qaydada həyata keçirilir, eyni formatda da işə qəbul mərkəzləşdirilmiş şəffaf qaydada baş tutacaq. Yəni, artıq İH kimi istəyirsə, götürsün, yox, elə olmayacaq. Təkcə bu, tərbiyəçi-müəllim heyəti deyil, eyni zamanda, uşaq bağçalarının direktorlarının da işə qəbulu müsabiqə və müsahibə yoluyla olacaq ki, bu da kifayət qədər keyfiyyətə öz müsbət təsirini göstərəcək”.

K. Əsədov əlavə edib:

“Baxın, indiyə qədər Rayon Təhsil Şöbələri (TŞ) idi və TŞ müdirlərini demək olar ki, İH orqanları təyin edir və TN-nin göndərdiyi şəxslərlə onlar razılaşmırdılar. Bu ciddi bir problem idi.

Təhsil qurumuna, heç vaxt başqa bir qurum rəhbər təyin edilə bilməz. İH orqanları birbaşa məktəblərə müdaxilə edirdilər. Müdaxilə məsələsində söhbət nədən gedir? Çox təəssüflər olsun ki, bu maddi-texniki baza, işə qəbul prosesi, kimsə direktor təyin olunurdu və ona mənfi rəy verirdilər.

DTX-nin həbs etdiyi İcra hakimlərinin hamısı, Rayon TŞ-dən bilavasitə aylıq pul alırdılar. Bir çox məsələlərdə məktəb direktorları onlarla razılaşırdılar. Ən ciddi problem o idi ki, İH bilavasitə, bizim məktəblərdə, onların fəaliyyətlərinə özlərinin maraqlarına uyğun olaraq təsir edirdilər.

Bir çox hallarda onlar TN ilə razılaşmırdılar, vakant yerləri gizlədirdilər, kimləri istəyirdilərsə, texnik, laborant, katibə işinə götürürdülər. Yəni İH bilavasitə öz təsirini göstərirdi. Bu da çox bir problem olaraq müşahidə edilirdi ki, həm təhsilin keyfiyyətinə, həm də tədrisin əlçatanlığına öz mənfi təsirlərini göstərirdi.

İndi isə, artıq razılaşmağa ehtiyyac yoxdur, çünki təhsili idarə edən qurumun rəhbər şəxsləri, elə TN tərəfindən təyin edilməlidir. İndiyə qədər bu, İH ilə razılaşdırılırdı ki, bir çox halllarda TN yeni bir kadr göndərəndə onlar razılaşmıdrılar və yaxud yola getmirdilər. İndi isə heç kim məktəblərə müdaxilə edə bilməyəcək, məktəblər daha müstəqil və muxtar olacaqlar”.

Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov isə mən hesab edir ki, bağçalar təlim-tərbiyə müəssisələri olduğuna görə, onun idarəsi bilavasitə TN-nin nəzdində olmalıdır:

 

“İH təşkilati məsələlərdə dəstək ola bilər, ancaq burada əsas məqamlardan biri odur ki, təlim-tərbiyə işi öz həllini tapmalıdır və bir mənalı şəkildə qeyd edə bilərik ki, bağçalarda işə götürülmə məsələsi şəffaf deyildi və bu da müəyyən problemləri yaradırdı.

TN-nə verilməsinə gəldikdə isə inanıram ki, TN bağçalarda təlim-tərbiyə işinin daha yüksək səviyyədə qurulmasında öz töhfələrini verə biləcəklər. Bu məsələlər daha yüksək səviyyədə təhlil olunacaq.

Regional idarəetmə məsələsinə gəldikdə isə hesab edirəm ki, əgər regional idarələr işlərini düzgün qursalar, operativliyi təmin etsələr, bu məsələ uğurla davam edəcək. Yəni, əgər o çeviklik və operativlik olmasa, yenə də bütün məsələlər mərkəzi İH-nin razılaşdırılması əsasında olsa, biz burada yenə də müəyyən çətinliklərin və yaxud problemlərin şahidi ola bilərik. Amma hesab edirəm ki, burada ən mühüm məsələlərdən biri də bu məsələdir ki, bu da ümumilikdə idarəetmənin rayon şöbələri üzrə yox, regionlar üzrə həyata keçirilməsini təmin edəcək və bu işə öz ciddi töhfəsini verəcək.

Fikrimcə, sistem düzgün qurulsa, operativlik, obyektivlik, çevilik təmin olunsa, bu, ümumi bizim təhsilimizin inkişafına öz ciddi töhfəsini verə bilər”, – deyə ekspert yekunlaşdırıb.

Rafi Müslümov

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır.