Azərbaycan türk dövlətləri arasında münasibətlərin inkişafında mühüm rol oynayırbackend

Azərbaycan türk dövlətləri arasında münasibətlərin inkişafında mühüm rol oynayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk dövlətlərini bir-birinə əsrlər boyu mövcud olan tarixi, etnik və dini bağlar bağlayır. Dünyada 200 milyona yaxın türk mənşəli insan yaşayır. Dünya sivilizasiyasına böyük töhfələr vermiş, çoxlu dövlətlər, imperiyalar yaratmış Türk xalqları bəşəriyyətə dahi alimlər, mütəfəkkirlər də bəxş edib. Dünyada gedən qloballaşma fonunda Türk xalqlarının öz mədəniyyətini qoruması və etnik köklərini unutmaması çox vacibdir.

Türk dünyası ölkələrinin güclənməsi, nüfuzunun artması Türk dövlətlərinin bir təşkilat altında birləşməsini labüd edirdi. Məhz bu səbəbdən Türk ölkələrinin dövlət başçılarının 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə görüşündə Türkdilli dövlətlər xalqları arasındakı tarixi bağlara, ümumi dil, mədəniyyət və ənənələrə əsaslanaraq, hərtərəfli əməkdaşlığın dərinləşməsinə səy göstərərək, siyasi çoxqütblülük, iqtisadi və informasiya qlobalizasiyası proseslərinin inkişafı şəraitində regionda sülhün möhkəmləndirilməsi, təhlükəsizlik və sabitliyin təmin edilməsinə birgə töhfə verilməsini arzulayaraq, ümumi qurum çərçivəsində qarşılıqlı əlaqənin dövlətlər və onların xalqları arasında xoş qonşuluq, vahidləşmə və əməkdaşlıq üçün geniş potensialdan faydalanmağa şərait yaratdığını hesab edərək, “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”ni imzalanıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması üzrə razılığa gəlinib.

İnterpress.az xəbər verir ki, AZƏRTAC Türk Dövlətləri Təşkilatının (TDT) tarixinə, indiyədək görülən işlərə və ölkəmizin bu təşkilatdakı roluna nəzər salır.

Türk Dövlətləri Təşkilatının Baş katibi qazaxıstanlı Bağdad Amreyevdir. Təşkilatın katibliyi İstanbulda yerləşir. Ötən il Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı olub və səmərəli beynəlxalq təşkilata çevrilib. Bu, təkcə ad dəyişikliyi deyil, həm də yeni baxışın və yeni inkişaf vektorunun göstəricisidir.

Türk Dövlətləri Təşkilatı yarandığı zaman onun dörd üzv ölkəsi – Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda, bu gün artıq təşkilatda beş üzv və iki müşahidəçi ölkə var. Özbəkistan 2019-cu ildə TDT-yə üzv olub. Altı Türk dövlətindən beşi bu təşkilatın üzvüdür, Türkmənistan isə müşahidəçi statusuna malikdir. Macarıstan da müşahidəçi qismində təşkilata qoşulub və təşkilatın Macarıstanda da ofisi fəaliyyət göstərir. Macarıstanın bu təşkilata qoşulması, eləcə də onlarla digər ölkənin müşahidəçi statusu almaq istəyi TDT-nin çəkisinin və perspektivinin göstərir.

Nəzərə çatdıraq ki, Türk Dövlətləri Təşkilatı yarandıqdan sonra Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana, Çolpan-Ata, Bakı və İstanbul olmaqla səkkiz zirvə görüşü keçirilib. Doqquzuncu Zirvə görüşü isə bu gün Səmərqənddə keçiriləcək. Zirvə görüşündə təşkilata sədrlik Türkiyədən Özbəkistana keçəcək. Zirvə görüşü zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi gözlənilir ki, bu da Türk dünyasında Türkiyə Prezidentinə olan hörmət və ehtiramın göstəricisidir.

Türk Dövlətləri Təşkilatının bir sıra əlaqəli orqan və təşkilatı var. Bunlardan Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) katibliyi və Türk Mədəniyyəti və İrsi Fondunun katibliyi Azərbaycanda yerləşir.

TDT-nin hər Zirvə görüşündə əməkdaşlığa əlavə praktiki məzmun verilir. Budəfəki tədbirdə investisiya, gömrük, nəqliyyat və digər sahələrdə əməkdaşlığa dair önəmli qərarların qəbul edilməsi gözlənilir.

Türk dövlətlərinin güclənməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı bir sıra xarici qüvvələri qıcıqlandırır. Bu gün dünyada türkofobiyanın artmasını da müşahidə edirik. Bunun ən bariz nümunəsi Ermənistan və İranda hökm sürən türkofobiyadır. İranda azərbaycanlıların yaşadığı ərazilər də türk dünyasının ayrılmaz bir parçasıdır. Ermənilərin Türkiyə ilə münasibətləri “erməni soyqırımı”, Azərbaycan ilə olan münasibətləri isə Qarabağ münaqişəsinə görə gərginləşib. Bu mübahisələrin təməli XX əsrin əvvəllərində qoyulub və indiyədək davam etməkdədir. 1918-ci il martın 30-dan aprelin 3-dək Azərbaycanın müxtəlif bölgələrində erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğınlar törədib ki, bu da Mart soyqırımı adlanır. Bunun davamlı olduğunu göstərən digər hadisə isə Xocalı soyqırımıdır. Eyni zamanda, ermənilər Azərbaycanın maddi-mədəni və dini irsinə qarşı da amansız davranıblar. Otuzillik işğal dövründə torpaqlarımızdakı demək olar bütün abidələr dağıdılıb və talan olunub.

Qeyd etmək lazımdır ki, Azərbaycan Türk dünyasının birliyinin güclənməsinə mühüm töhfələr verib. Təşkilatın məhz Naxçıvan Sazişi ilə yaradılması bunun bariz göstəricisidir. Ölkəmiz Türk Dövlətləri Təşkilatının təsisçi dövlətlərindən biri kimi daim təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı məqsədilə mühüm təşəbbüslərlə çıxış edib. Məsələn, Prezident İlham Əliyev 2014-cü ildə Bodrumda keçirilən Dördüncü Zirvə görüşü zamanı Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsü ilə çıxış edib. Türk İnvestisiya Fondunun təsis edilməsi haqqında Sazişin Səmərqənddə keçiriləcək 9-cu Zirvə Görüşü zamanı imzalanması nəzərdə tutulur.

Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi pandemiya dövrünə düşsə də, ölkəmiz vəziyyətə adekvat reaksiya verərək uğurlu bir sədrlik həyata keçirib. 2020-ci ildə Azərbaycan təşkilatın dövlət və hökumət başçılarının onlayn Zirvə görüşünü təşkil etdi. Bu, pandemiya dövründə dövlət və hökumət başçıları səviyyəsində təşkil edilən ilk onlayn tədbir idi.

TDT-nin Baş katibi Bağdad Amreyev bu il oktyabrın 21-də Prezident İlham Əliyev tərəfindən qəbul olunub. Görüş zamanı Prezident İlham Əliyev Türk dünyası ilə bağlı yeni baxış ortaya qoyub və qeyd edib ki, Türk dünyası yalnız Türk dövlətlərindən ibarət deyil və Türk dövlətlərindən kənarda yaşayan Türk mənşəli insanların hüquqları, təhlükəsizliyi qorunmalıdır. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın hüquq və azadlıqları ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Görüş zamanı Prezident İlham Əliyev Baş katib kimi fəaliyyətinə görə Bağdad Amreyevə “Dostluq” ordenini təqdim edib.

Azərbaycan Türk dövlətləri ilə ikitərəfli səviyyədə sıx əməkdaşlıq edir. Ulu öndər Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətləri haqqında dediyi “Bir millət, iki dövlət” ifadəsi iki Türk dövləti arasında olan qardaşlıq münasibətlərini ən dəqiq şəkildə xarakterizə edir. Bu il Prezident İlham Əliyev Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstana səfərlər edib. Həmçinin son dövrlərdə Türkiyə, Qazaxıstan və Qırğızıstan dövlət başçıları ölkəmizə səfərə gəliblər.

Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər ümumən Türk dünyasının nüfuzunun artmasına səbəb olub. Bu, bütün Türk dünyasının zəfəridir. Vətən müharibəsi zamanı Türk dövlətlərində sadə insanların, xüsusən sosial şəbəkələr vasitəsilə Azərbaycana simpatiyası aydın hiss olunurdu. 2021-ci ildə İstanbul Zirvə görüşündə Azərbaycan ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək Türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi Qələbəyə görə Prezident İlham Əliyev “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilib.

Türk Dövlətləri Təşkilatı Azərbaycanın keçmiş münaqişə ilə bağlı haqlı mövqeyini hər zaman dəstəkləyib. Vətən müharibəsi dövründə təşkilatın katibliyi Ermənistan tərəfindən həyata keçirilən təxribatlarla bağlı mütəmadi olaraq bəyanatlar verib, Baş katib Bağdad Amreyev 2020-ci ilin oktyabrında Gəncəni ziyarət edərək, Türk dünyasının Azərbaycanla həmrəy olduğunu bildirib. Bu ilin avqustunda Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi TDT tərəfindən məmnuniyyətlə qarşılanıb, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub. Təşkilatın Baş katibi bu ilin sentyabr təxribatları ilə bağlı ciddi narahatlığını ifadə edərək Ermənistanın bu mənfur hərəkətini pisləyən bəyanat verib.

Son zamanlar dünyada baş verən geosiyasi proseslər fonunda Türk dövlətləri öz əməkdaşlıq sahələrini daha da genişləndirmək istiqamətində səyləri artırıb. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə təşkilatda əməkdaşlığın mahiyyətcə yeni mərhələyə keçidi başlayıb. Cənubi Qafqazda yeni reallıqların yaranması Mərkəzi Asiya ilə əməkdaşlığın formatına da öz təsirini göstərib. Zəngəzur dəhlizinin açılması Türk dövlətləri ilə tranzit əlaqələrinin inkişafına şərait yaradacaq, nəqliyyat sahəsində yeni layihələrin həyata keçirilməsinə imkan verəcək.

Münaqişə bitdikdən sonra TDT Katibliyinin üzvləri ölkəmizin işğaldan azad olunmuş ərazilərinə bir neçə dəfə səfər ediblər. Ötən ildə TDT Baş katibi Bağdad Amreyev ölkəmizə səfəri çərçivəsində işğaldan azad edilmiş Ağdam və Füzuli rayonlarında olub. Azərbaycana dəstək əlaməti olaraq təşkilatın bir sıra tədbirləri ölkəmizin işğaldan azad olunmuş ərazilərində keçirilib. Məsələn, cari ilin sentyabrında Şuşada Türk Biznes Forumu baş tutub. Ötən il təşkilata üzv və müşahidəçi dövlətlərdən 30-a yaxın jurnalistin Bakı, Gəncə və Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə – Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan şəhərlərinə media turu təşkil olunub.

Həmçinin TÜRKSOY Şuşanın 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı elan olunmasına dair qərar qəbul edib.

Son aylar ərzində Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının, “Avropa siyasi birliyi”nin, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM), Ərəb Dövlətləri Liqasının, indi isə Türk Dövlətləri Təşkilatının sammitlərində iştirakı Azərbaycanın multilateralizmə və beynəlxalq əməkdaşlığa böyük önəm verdiyini, öz maraqlarını beynəlxalq aləmdə necə uğurla qoruduğunu nümayiş etdirir.