Azərbaycanda travmalı nəsil yetişir: Boşanmaların real faciəsibackend

Azərbaycanda travmalı nəsil yetişir: Boşanmaların real faciəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illər Azərbaycanda boşanmaların sayı kəskin şəkildə artıb. Artıq nəinki bir-iki ilin, hətta iki-üç ayın evlilərinin də nikahlarını sonlandırmasının şahidi oluruq. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, təkcə cari ilin yanvar-may aylarında 6 745 boşanma qeydə alınıb. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4-dən 1,6-ya qədər artım deməkdir. Göstəricilərə nəzər saldıqda qadın və kişilərin daha çox 25-35 yaş aralığında boşanmaya meyil etdiyi məlum olur.

Səbəblərə gəldikdə isə mütəxəssislər, adətən, xəyanət və sosial problemlər əsas olaraq göstərirlər. Lakin biz bu gün Azərbaycanda sadəcə kişi xəyanətindən danışa bilmərik. Çünki ətrafda olan qadınların bir neçəsi ilə bu istiqamətdə müzakirələr aparsaq, hazırda onlara “O edibsə, mən niyə etməməliyəm? Hər şey qarşılıqlıdır” düşüncəsinin hakim kəsildiyini müşahidə edərik.

Xəyanətin bir çoxları üçün yaşam tərzinə çevrildiyini desək, yəqin ki, yanılmarıq. Həmçinin əvvəllər qadınlar onlara “əxlaqsız” damğası vurulmasından qorxaraq boşanmağa tərəddüd edirdilərsə, artıq bu kimi sterotiplər tamamilə sındırılıb, ona görə də bir az problem olan kimi tərəflər ailə münasibətini rəsmi şəkildə bitirməyə çalışır.

Sosial problemlərin yaşanmasında isə daha çox yaş məsələsi rol oynayır. Belə ki, cütlüklər gənc yaşda tanış olur, sevginin ahəngində özlərini itirir və sonda ailəni ayaqda tutmaq üçün lazımi pozisiyaya sahib olmadıqları halda, həyatlarını birləşdirməyi seçirlər. Bu isə bir müddət sonra valideynlərin maddi problemlərlə üzləşən gənc ailələrə müdaxiləsinə gətirib çıxarır ki, burada boşanma əksərən qaçılmaz olur.

Mövzu barədə fikirlərini Yenisabah.az-la bölüşən tanınmış ailə psixoloqu Gülər Məmmədova ilk əvvəl qeyd edib ki, ailə qurmaq sonadək iki insanın bir ittifaqda yaşama tərzidir:

“Sadəcə təəssüf ki,bəzən bəzi arzuolunmaz, həyati təhlükə doğuran hadisələr olur, tərəflərdən biri həyatını itirir, nəticədə ailədə natamamlıq yaranır. Bu gün Azərbaycanda boşanma sayının artmasına səbəb isə cütlüklərin ailə qurmamışdan əvvəl bir-birlərini tam tanımamalarıdır. Ailənin şərtləri, özəllikləri, qanunları, dəyərlər sistemi var ki, gənclərin çox vaxt o haqda məlumatları olmur. Bunlar onlara ailələr tərəfindən ötürülməlidir.

Ailədaxili münasibətlərdə tərəflərin bir-birini anlaması üçün xarakterlərində müəyyən uyuşmalar olmalıdır, burada  sağlam psixologiya da önəmlidir. İnsan özünəməxsus şəkildə ailənin qaydalarını, müqəddəratını həll edən davranışları tənzimləməlidir. Bunu isə bütün gənclər bilmir, bugünkü gənclər sanki idarə olunmaqdan qorxur, azad yaşamaq istəyirlər. Evlənəndən sonra hər iki gəncin davranışlarında müəyyən tənzimləmələr olur və onlar bunu qəbul etmək, öz üzərlərində hakimiyyət görmək istəmirlər. Məhz bu səbəbdən də ailələrdə qarşılıqlı anlaşmalar pozulur. Nəticədə boşanmanı seçirlər”.

Psixoloq bildirib ki, erkən boşanmaların digər bir səbəbi gənclərin konfliktli situasiyanı çözüb orada tənzimləmələr aparmaq istəməməsidir:

“Onlar dərhal münasibətləri dağıtmağa meyil edirlər. Bu isə ailədə böhranlı vəziyyət yaradır, ailə boşanmaya gedir. Həmçinin dünənədək bizdə milli-mental dəyərlər vardı, ənənənlərə, böyüklərin məsləhətinə çox önəm verilirdi, ailələrin bir çoxu böyüklərin prinsipi ilə qorunurdu, ictimai qınaqdan ehtiyat edilirdi.

Bu gün isə insanlarda bir qədər çaşqınlıq yaranıb, dəyərlər sistemində o qədər qarışıq fikirlər formalaşıb. Ona görə də müəyyən konfliktli situasiyalarda heç nəyi korreksiya etməyib münasibəti kəsməli olduqlarını düşünürlər.

Amma elə deyil, ailə qurmaq yeni bir model yaratmaq deməkdir. Hər iki tərəf bunun fərqinə varmalıdır. Dərk etmədikləri üçün tez-tələsik ayrılmağı qərara alırlar və bu yolda valideynlər öz uşaqlarına təəssübkeşlik edirlər. Ona görə də ailə qurmadan əvvəl müəyyən dəyərlər sistemini nəzərə almaq, düzgün tənzimləmək lazımdır. Evlənərkən tibbi müayinədən keçirlər, amma psixoloji müayinədən keçmirlər, bu da vacibdir”.

Həmsöhbətimiz boşanmaların uşaqların psixologiyasına təsirindən də söz açıb:

“Natamam ailədə böyüyən uşaqlar böyük travma alırlar, çünki hər iki valideyndən birinin yanlarında olmaması onların böyüməyinə, inkişafına mənfi təsir göstərir. Uşaqlar məhz doğmalıq aspektindən ağır travma alırlar, onlar yetkinləşənədək bu travmanın əziyyətini çəkirlər, çünki identikləşmə hər kəsdə öz həmcinsi ilə baş verir, qız övladın davranışı, tərbiyəsi ana, oğul övladınkı isə atayla identifikasiya olunur. O ailədə ki ana yoxdur, qız övlad ona alternativ olaraq başqa insan axtarır və yaxud oğlandırsa və atadan ayrı yaşayırsa, identifikasiya ya ana, ya dayı, ya da başqa biri ilə olur.

Bu mənada boşanmaların uşaqların psixologiyasına birmənalı təsiri var. Ələlxüsus da evdə mütəmadi distruktiv konfliktlər olanda bu, uşaqların psixologiyasına birbaşa təsir edir. Onlar isə aqressiv, şiddətə meyilli, gələcək ailə münasibətlərinə hədsiz dərəcədə qoruma prinsipi ilə yaşayan, səhvlərə qarşı acımasız bir fərd kimi formalaşırlar”.

Gülər Məmmədova şiddətin hökm sürdüyü ailələrdə boşanmanı labüd hesab edir:

“Şiddət törədilən ailələrdə şəxslərin psixikasında ciddi problem olur, ailəliyin ilkin dönəmində bunu sezmək mümkündür. Aşırı qısqanclıq nümayiş etdirən psixotiplər varki, əsassız yerə olmamış şeyləri qarşı tərəfə yönəldir və bu davranışlar geniş vüsət alaraq o qədər yorucu, təhdidedici olur ki, sonda ya ölüm, ya da boşanma ilə nəticələnir.

Lakin bu boşanmalar artıq labüddür. Bu kimi ailələrdə biz təkcə psixoloji problemi olan, şiddətə meyilli insanlarla yox, həm də narkotik maddələrdən istifadə edən  içkidən asılı olan insanlarla rastlaşırıq. Bu şəxslər ailənin sağlam sürdürülməsinə maneə törədir”.

Milli Məclis deputatı Kamilə Əliyeva isə ailə qurmaq üçün hər iki gəncin yetişməli olduğunu deyir:

“Hamımıza məlumdur ki, ailə kiçik bir dövlətdir və müəyyən qayda-qanunlarla idarə olunur. Ailənin qorunub-saxlanmasında milli dəyərlərimizin böyük rolu var. Çox əfsuslar olsun ki, statistik məlumatlara görə, ölkəmizdə boşanmaların sayı artmaqdadır. Bunun çoxlu sayda səbəbləri var.

İlk növbədə ailə qurmaq üçün hər iki gənc yetişməlidir. Yəni onlar ailənin məsuliyyətini dərk etməlidirlər.  Boşanmalarda yaş həddi də mühüm rol oynayır. Təəssüf ki, ölkəmizdə hələ də bəzi bölgələrdə yetkinlik yaşına çatmayan qızlarımızı təhsildən ayırıb ailə qurmağa məcbur edən valideynlərə rast gəlirik. Onlar hələ uşaqlıq həyatından tam ayrılmamış məcburən həyatın keşməkeşli yollarına atılırlar.

İkinci bir səbəb ailələrin sevgi üzərində qurulmaması, yəni valideynlərin kiminsə, nəyinsə xatirinə öz uşaqlarını ailə qurmağa sövq etməsidir. Bu da sonradan bir-birlərini anlamamaq, güzəştə getməmək kimi halların yaşanmasına gətirir ki, nəticədə ailələr dağılır.

Üçüncü bir səbəb ailə dəyərlərinin get-gedə itməsidir. Yəni əvvəllər ağsaqqallar, ağbirçəklər olurdu ki, ailə boşanma həddinə çatanda onlar məsələyə müdaxilə edirdilər, ailənin dağılmasının qarşısı alınırdı, indi belə deyil.

Digər bir səbəb kimi isə sosial problemləri göstərmək istərdim.  Ailə başçısının işləməməsi, ehtiyacları ödəyə bilməməsi, bu zaman ailədə dözümsüzlük göstərilməsi boşanmaya gətirib çıxarır”.

Millət vəkili boşanmaların ən əsas səbəbinin sosial şəbəkələr olduğunu diqqətə çatdırıb:

“Bütün gün valideynlərin sosial şəbəkədə olması və məhz mənfi tərəfdən bundan “yararlanması”, o cümlədən sosial şəbəkə vasitəsilə tanışlıqlar ən böyük bəladır. Sosial şəbəkə vasitəsilə ailəli insanlar başqaları ilə ünsiyyətdə olaraq öz ailələrinin gələcək fəlakətlərinin əsasını qoyurlar. Bu da son anda boşanmalara, bundan da qorxulu olan intiharlara şərait yaratmış olur.

Çox acınacaqlı haldır ki, boşanmalardan ən çox əziyyət çəkən  uşaqlar olur. Bu onlara psixoloji təsir edir, ciddi travma alırlar, valideynləri olan uşaqların yanında boynubükük olurlar, bu da onların gələcək həyatda bir şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərir.

Ona görə də mən deyərdim ki, gəlin, tarixən dəyərlərimizi qoruyub-saxlayan bir xalq olaraq milli adət-ənənəmizə qayıdaq. Ailə dəyəri çox müqəddəsdir. Ağsaqqal məsləhətinə qulaq asaq, ailə qurmamışdan öncə özümüzü psixoloji ailə həyatına hazırlayaq, güzəştə gedək, bir-birimizi anlamağı bacaraq, övladlarımızın gələcəyini düşünək. Yalnız bunlara əməl etməklə biz ailəni qoruya bilərik”.

Sayad HƏSƏNLİ

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə  “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması”  istiqaməti üzrə hazırlanmışdır.