Bu gün enerji təhlükəsizliyi bütün dünya dövlətlərinin milli təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilmişdir. Ümumilikdə dünya iqtisadiyyatının inkişafında enerji resurslarının böyük rolu vardır. Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına malikdir və bu resursları istehsal və ixrac etməklə çoxşaxəli enerji strategiyası yeridir.
Hazırda respublikamızın enerji sahəsində etibarlı tərəfdaşa çevrilməsi, Pan-Avropa qaz təchizatçısı kimi nüfuzu göz qabağındadır. Lakin bu heç də asan əldə edilməmişdir və bunun reallaşdırılması üçün siyasi iradə və güclü strateji siyasi xətt tələb olunur. Bu işin əsası Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 2013-cü il 29 oktyabr sərəncamı ilə qoyuldu. Bu sərəncamla Azərbaycan təbii qazının dünya bazarlarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqlinin təmin edilməsi ilə bağlı işlər start götürdü. Daha sonra 2014-cü il 20 sentyabrda Bakıda “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyində Cənub Qaz Dəhlizinin təməli atıldı.
Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil olunacaq qazı Türkiyəyə və buradan də Avropaya daşıyacaq 3500 kilometrlik Cənub Qaz Dəhlizi dünyada inkişaf etdirilən ən nəhəng təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” (CQBKG), Trans-Anadolu boru kəməri (TANAP) və “Trans-Adriatik” boru kəməri (TAP) layihələri təşkil edir. Bu layihələrin reallığa çevrilməsi dünya enerji bazarında Azərbaycanın yeri və rolunu möhkəmləndirir və etibarlı tərəfdaş kimi əhəmiyyətini artırır. Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə 2020-ci ildə ölkəmizdən Avropaya qaz nəql olunmağa başlamışdır. Bu gün Azərbaycanın müəllifi olduğu, Xəzər regionu ilə Avropanı birləşdirən megalayihə – Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan qazının Avropaya ixracını təmin edir.
Hazırda Avropada gedən Ukrayna-Rusiya savaşı Avropa ölkələrinin enerji təchizatlarının tam təmin olunmasındakı çətinlikləri ortaya qoydu. Avropa dövlətləri enerji ticarətlərindəki istiqamətləri dəyişdirməyə və Rusiya qazından asılı qalmamaq üçün çıxış yolları axtarmağa başladılar. Dünya enerji sistemində meydana çıxan böyük dəyişiklikləri Avropa liderləri də etiraf edirlər. Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş olması bu zaman sübut olundu. Avropa dövlətləri artıq Azərbaycanla strateji tərəfdaş olmaqda daha maraqlı tərəf kimi çıxış etməyə başladılar. Qaz təchizatının coğrafiyasının genişlənməsi nəticəsində artıq Azərbaycan öz təbii qazını dünyanın 12 ölkəsinə çatdırır ki, bunların da 10-u Avropa ölkəsidir.
Dövlətimizin yeritdiyi enerji strategiyası nəticəsinə nəhəng enerji arteriyasının qurulması və şaxələndirilməsi bu işin gələcəkdə coğrafiyasının daha da genişlənəcəyindən xəbər verir. Ölkə başçısının da qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir. “Əsrin müqaviləsi” ilə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan neft strategiyası bu gün uğurla davam etdirilir. Reallaşan nəhəng enerji layihələri yeni üfüqlər açmaqla ölkəmizi dünya enerji bazarında əhəmiyyətli fiqurlardan birinə çevirir.
Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıqda bərpaolunan enerjinin də xüsusi rolunu qeyd etmək lazımdır. Azərbaycanın istehsal etdiyi “yaşıl enerji”nin gələcəkdə Avropaya daşınması ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki mövqeyi daha artmış olacaq. Bu günlərdə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və eyni zamanda Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında səsləndirilən fikirlər də sübut edir ki, Avropa Azərbaycanla həm enerji layihələri çərçivəsində çoxşaxəli əməkdaşlıqda, enerji ticarətinin daha da genişləndirilməsində, həm də uzunmüddətli perspektivdə “yaşıl enerji”nin Avropaya ixracında maraqlıdır.
Fəzail İbrahimli
Millət vəkili, professor