Bakı isə “kafirxanadır”, biz də sionist…backend

Bakı isə “kafirxanadır”, biz də sionist…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kubra Məhərrəmova yazır…

Hər şeyi öz adı ilə çağırmaq lazımdır. Bunlar nə “hüseynçi”, nə də “zeynəbçi” deyillər. Bunlar irançıdırlar. Ağalarının dediyi ilə oturub-duranlar.

Ən maraqlısı da budur ki, bu insanlar dini pərdə altında yaşadıqları ölkəyə təhdid yağdırırlar. Sonra da Avropa Birliyi deyir ki, Azərbaycanda söz azadlığı yoxdur. Vallah bundan artıq söz azadlığı varsa, göstərsinlər. Adam oturub Bakıda, qara çarşabda, dövlətə, ölkəyə və onun digər vətəndaşlarına təhdid edib, barmaq silkələyir. Biz də sakit baxırıq. Çünki, əgər mən qayıdıb bir kəlmə söz desəm, irançılar məni dini pərdə altında kafir və sionist edib cümlə-cahana biabır edəcəklər. Elə həyasızlıqla israr edəcəklər ki, doğma anam məndən imtina edəcək.

Qorxurammı? Bəli. Çünki cahil adamlardan qorxulu bu dünyada heç nə yoxdur. O kəs ki yaşadığı ölkəyə, dövlətçiliyə, dövlətə İrana görə təhdid edir və açıq bildirir ki, çox keçməz Bakıda, Azərbaycanda hamının gününü qara əskiyə bükəcəyik.

 

İndi adam deməyə də qorxur ki, ey irançılar, İran belə şirindi, sevimlidir, gözəldir niyə ora köçmürsünüz? Orada hamı qara çarşabda, saqqalda gəzir. Dörd tərəf mömin bəndələr.

Bakı isə “kafirxanadır”, biz də sionist.

Xəbəri olmayanlar üçün isə qeyd edim ki, sionizm yəhudilərin milli hərəkatıdır.

Bu hərəkat 19-cu əsrin sonlarında Şərqi Avropanın yəhudi ziyalıları tərəfindən irəli sürülüb. Əsas məqsəd isə tarix boyu qovulan, zorakılığa məruz qalan bir xalqın öz dövlətinə malik olmasıdır.

İkinci Dünya müharibəsi dövründə 6 milyondan çox Avropa yəhudisinin həyatına son qoyan Holokost faciəsindən (yəhudi olduğu üçün soyqırıma məruz qalmalarından) sonra bu hərəkat daha böyük vüsət aldı. Dünya ictimaiyyəti də yəhudilərin öz dövlətlərini qurmaq haqqını tanıdı.

Yəni hər kəlmə başı sionist deyə bağıranlar açığı heç bu sözün mənasını da bilmirlər. İrandan aldıqları təlimatı da doğru-düzgün oxumurlar, ya da oxumağa savadları çatmır. İki-üç dua əzbərləyib, “bacılar” deyib, özlərini mollabacı kimi təqdim edənlər üçün müqəddəs heç nə yoxdur. Onlar şəhidin məzarı üstündə İranın təbliğatını aparır, öz “ağa”larının tapşırığını yerinə yetirirlər. Sonra da deyirlər ki, “biz əsl müsəlmançılığı təbliğ edirik”.

İranın siyasi mövqeyinə bir balaca nəzər salaq. Hazırda İran sanksiyalar içində boğulub batan ölkədir. Dünyaya çıxışı demək olar ki, yoxdur. Hər dəfə də daha çox sanksiya məngənəsinə düşür. Çünki öz varlığı və siyasəti ilə hamını təhdid edir. İndi də keçib Bakıya. 30 il ərzində erməni ilə bacı-qardaş olan İran bu gün Azərbaycanın qələbəsini həzm edə bilmir. Hər vəchlə bunu ictimaiyyətə bildirir.

Yəqin ki, məşhur “İran təranələri” yadınızdadır. Fars kişilərinin bu musiqi altında qəribə rəqsi də yadınıza düşər. Niyə bunu xatırlatdım? İranın siyasəti eyniylə bu rəqs kimidir. Əzilib-büzülərək, altdan-altdan su yeritmək. Müasir beynəlxalq siyasətdə bunun adı proksi müharibə adlanır.

Proksi müharibə dedikdə üçüncü ölkənin ərazisində baş verən hərbi əməliyyatlarda, qarşıdurmada olan digər iki ölkənin mübarizəsidir. Sanki müharibə üçüncü əlin vasitəsilə həyata keçirilir. İlk dəfə bu termin siyasətçi və sosioloq Karl Volfqanq Doyç tərəfindən müəyyən edilib.

İran da mübarizə apardığı ölkələrlə açıq müharibə apara bilmədiyi üçün bu cür proksi müharibələrdən istifadə edir. İranın Yəməndə, Suriya və İraqda ara-qarışdırması artıq heç kimə sirr deyil.

Diqqətinizə ilk olaraq İranın Yəməndəki hərbi-siyasi müdaxiləsini çatdırıram. İran Yəmənin qanuni hökumətini devirən husi üsyançılarına həm maddi, həm də hərbi-texniki cəhətdən dəstək olub. Bununla da regionda öz təsir qüvvəsini artırmağa çalışıb. Lakin qanuni hökuməti dəstəkləyən Səudiyyə Ərəbistanı İranın geniş əl-qol açmasına imkan verməyib. Qeyd edim ki, Yəməndəki vətəndaş müharibəsində 112 min adam həlak olub.

İranın qarışdırdığı daha bir müsəlman ölkəsi isə İraqdır.

Yəqin ki, general Süleymaninin ölümü yadınızdadır. O vaxt çox az adam sual verdi ki, niyə İranın yüksək rütbəli hərbçisi İraqda öldürülüb. Çünki Süleymani İranın hərbi-siyasi maraqlarını İraqda müdafiə edirdi.

General Süleymani Suriya müharibəsində qüvvələr nisbətini Bəşər Əsədin xeyrinə dəyişməyə və İranın təsir gücünü yüksəltməyə nail olmuşdu. Süleymani İraqda baş verən etirazları şəxsən vəhşicəsinə yatırırdı.

Lakin bu, çox çəkmədi, ABŞ hava zərbəsi nəticəsində general Qasım Süleymanini Bağdadda məhv etdi. Düzdür, rəsmi Tehran generalın qisasının alınacağı barədə xeyli açıqlama verdi, hətta bu barədə cizgi filmi də çəkdi. Amma ondan o tərəfə bir hadisə baş vermədi.

İran Suriyada 

İran Suriyadakı hərbi-siyasi iştirakını ilk dövrlər inkar edirdi. Rəsmi Tehran hər vəchlə Suriyadakı vətəndaş müharibəsində olmadığını sübut etməyə çalışırdı. Lakin Hələb əməliyyatına bir həftə qalmış Suriyaya yüzlərlə iranlı hərbçinin gəldiyi barədə sübutlar üzə çıxdı.

Hələb şəhərinin cənubunda Suriya ordusunun geniş hücum əməliyyatı İranın münaqişədə olmasından xəbər verirdi.

Daha sonra isə İran Suriyada İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 4 yüksək rütbəli zabitinin Suriyada həlak olduğunu etiraf etdi. Digər mənbələrdə daha çox göstərilir.

Bunlardan iranlı general Hüseyn Həmədani, SEPAH-ın general-mayoru Fərşad Hasunizadə və briqada generalı Həmid Möhtərbəndin adını çəkə bilərik. Onların Suriyada İŞİD yaraqlılarına qarşı döyüşlərdə iştirak zamanı həlak olunduğu bildirilir.

İranın proksi müharibələrdə iştirakı bəlli olsa da, qalibiyyəti barədə söz demək çətindir. İran hökuməti milyonlarla, bəlkə də daha çox vəsaiti məhz üçüncü ölkənin ərazisində müharibələrə xərcləyib. Xeyli sayda canlı qüvvə də itirib. Özü də elə həmin “İran təranələri”nin sədası altında.

Şəxsən mənim yaddaşımda İranın Azərbaycana qarşı siyasi mövqeyi belə qalacaq.

“Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir!” – bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif erməni həmkarı Ara Ayvazyanla 44 günlük Vətən müharibəsindən sonra görüşündə demişdir.

Ona görə də Bakıda oturub onun anasını söyən İrana “ağayi-ağayi” deyənlərin gözlərinin açılmasını, yuyulan beyinlərinin normal vəziyyətə düşməsini arzu edirəm.

Özünüzə sual verin, madam ki, İran ancaq və ancaq maraqlarını güdür, biz niyə İranın maraqlarını güdməliyik?