Türkiyənin Sütçü İmam Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayılın müsahibəsi:
– Azərbaycan Müdafiə Nazirliyi 10 noyabr bəyanatından keçən son 9 ayda ilk dəfə olaraq rus sülhməramlılarına xəbərdarlıq etdi. Sizcə, vəziyyətin bu həddə çatmasının səbəbi nədir?
– İlk olaraq onu qeyd edim ki, rus sülhməramlılarına bu cür xəbərdarlıq edilməsi əslində müsbət hadisədir. Əsas səbəb isə odur ki, 10 noyabr bəyanatında bildirilir ki, erməni silahlılarının Azərbaycan ərazisini tərk etməsinə paralel şəkildə rus sülhməramlıları Qarabağda yerləşdiriləcək. Amma biz bunun gerçəkləşdiyini görmədik. Rus sülhməramlıları erməni silahlılarını ölkəmizin ərazisindən çıxarmaq yerinə onların güclənməsinə göz yumdular, hətta separatçı qurumun rəhbərlərini rəsmi dövlət nümayəndələri kimi qəbul edərək onlarla birlikdə fəaliyyət göstərdilər. Məncə, xəbərdarlıq yerində və zamanındadır. Azərbaycan bunu mütəmadi şəkildə davam etdirilməlidir. Azərbaycan dövləti öz ərazisində olan qanunsuz silahlı birləşmələrin çıxarılmasını tələb etməli, rus sülhməramlıları isə bunu yerinə yetirməlidir. Demək ki, artıq Azərbaycan dövlətinin səbir kasası daşmağa başlayıb.
– Rus sülhməramlıların nəzarətində olan ərazilərimizə erməni əsgərlərinin daşınması və yeni postların qurulması hansı məqsədi daşıyır?
– Təəssüflər olsun ki, Rusiya hər zaman olduğu kimi, öz üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirmir. Bir tərəfdən Azərbaycanla münasibətləri pozmamaq üçün diplomatik dili işə salır, digər tərəfdən isə rus sülhməramlılarının olduğu ərazilərdə separatçılara göz yumulur və onlar təşviq edilir. Bu da Rusiyanın məsələni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində deyil, öz maraqlarına uyğun həll etməyə çalışdığını göstərir. Yeni erməni postlarının qurulması, ora erməni əsgərlərinin daşınması yolverilməzdir. Belə hallar Türkiyə-Azərbaycan və Rusiya münasibətlərinə xələl gətirə bilər. Bildiyimiz kimi, rus sülhməramlıları Qarabağda müvəqqəti olaraq yerləşdirilib. Əgər Rusiya dövləti sülhməramlılar vasitəsilə öz öhdəliklərini yerinə yetirməsə, o zaman Azərbaycan 10 noyabr bəyanatına əsasən onların ölkə ərazisindən çıxarılmasını tələb edə bilər.
– Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyan Stanislav Zasla görüşündə “qaydaları” pozması halında Azərbaycan hərbçilərinə qarşı Ermənistan ordusuna bütün vasitələrdən istifadə edərək güc tətbiq etmək barədə əmr verdiyini dedi. Ağır məğlubiyyətdən sonra Ermənistanın bu qədər arxayınlaşması nəyin nəticəsidir?
– Ermənistanın yeni müdafiə nazirinin bu sözləri bu dövlətin son dövrlərdə apardığı siyasətin açıq göstəricisidir. Əslində bununla dünyaya Azərbaycanın 10 noyabr bəyanatını pozduğunu və son nəticədə silahlı cavab verməyə çalışacaqlarını bildirmək istəyib. Əmr isə cəfəngiyyatdan başqa bir şey deyil. Birincisi, Azərbaycan öz ərazisindədir. Azərbaycanın öz ərazisində olan mövqelərinə silahlı zərbə vurmağa çalışmaq Ermənistana yaxşı heç nə verə bilməz. Çünki bunun qarşılığında adekvat cavab ala və onsuz da darmadağın olmuş ordusunu hər yerdən geri çəkməyə məcbur olar. Ermənistan həmişə olduğu kimi demaqogiya ilə və ağlamaqla məşğuldur. Ermənistanın “vur” əmri bumeranq xarakteri daşıyacaq və ən sonda öz başında partlayacaq. Görünən odur ki, Ermənistan hələ tam ağıllanmayıb və hələ də revanşist fikirlərlə yaşamağa davam edir. Bir də Ermənistanın arxasındaki gücləri unutmamaq lazımdır. Bu, üzdə göründüyü kimi o qədər sadə proses deyil.
– Bütün bunlara cavab olaraq Azərbaycan dövləti nə etməlidir?
– Azərbaycan birinci növbədə Ermənistanın ölkəmizin ərazi bütövlüyünü tanıdığını elan etməsinə və sülh müqaviləsini imzalamasına nail olmalıdır. Bunun üçün Azərbaycan siyasi, diplomatik və hətta ehtiyac yarandığı halda hərbi vasitələrdən istifadə edərək Ermənistanı buna məcbur etməlidir. Rusların öz sözü ilə desək, Ermənistan sülhə məcbur edilməlidir. Əks halda bu problemlər davam edəcək. Ermənistan onsuz da maşa dövləti olmağı sevir və onun türk dünyasının ortasında qurulması heç də təsadüf deyil. Ermənistan uzun illər ərzində normal dövlət ola bilmədi, əksinə, bölgədə başqalarının əlində maşaya çevrildi. Azərbaycan bunu çox gözəl bilir. Yaxşı bir atalar sözümüz var: “Milçək özü bir şey olmasa da, ürək bulandırır”. İndi Ermənistan da özünün gücsüzlüyünə baxmayaraq, böyük dövlətlərin gücünü arxasına almağa çalışaraq bölgə dövlətlərinin ürəyini bulandırır. Bundan başqa da heç nə edə bilməz. Azərbaycan dövləti diplomatik vasitələrlə Ermənistanın provokasiyası ilə ortaya çıxacaq münaqişənin bütün məsuliyyətinin qarşı tərəfin üzərinə düşdüyünü açıq şəkildə bəyan etməlidir. Sonrakı ən əsas məsələ odur ki, rus sülhməramlılarına münasibətdə Azərbaycan dövləti daha tələbkar olmalıdır. Eyni zamanda rus sülhməramlılarının fəaliyyət mexanizmləri müəyyən edilməlidir ki, onlar sonradan bu çərçivəni aşa bilməsinlər.
İNTERPRESS.AZ