Deputat: “Karantin rejiminin uzadılması zəruri idi və bu, yoluxma hallarını azaldacaq”backend

Deputat: “Karantin rejiminin uzadılması zəruri idi və bu, yoluxma hallarını azaldacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vətəndaşlarımız bilməlidir ki, xüsusi karantin rejiminin uzadılması və əhatə dairəsinin genişləndirilməsi, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərləri və Abşeron rayonu ilə yanaşı Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında da xüsusi karantin rejimin tətbiq olunması, metronun fəaliyyətinin dayandırılması, qaydaların sərtləşdirilməsi kimi addımların hamısı məcburiyyətdən atılıb. Məqsəd isə insanların sağlamlığının qorumaq və koronavirus pandemiyasının daha geniş yayılmasının qarşısını almaqdır. Buna nail olmaq üçün karantin rejiminin yenidən uzadılmasına ciddi zərurət vardı”.

Bunu Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.

O vurğulayıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejimi ilə bağlı qərar qəbul edərkən vəziyyəti hərtərəfli təhlil edir və yoluxmanın dinamikasını əsas götürür.

Ü.Quliyev deyib ki, son zamanlar bir sıra rayon və şəhərlərdə virus sürətlə yayılmağa başlayıb və bu da ölkə üzrə yoluxma hallarının kəskin artmasına səbəb olub. Deputat qeyd edib ki, Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında xüsusi karantin rejiminin tətbiq olunması, bu ərazilərdə koronavirusun geniş yayılması ilə bağlıdır.

16 rayon və şəhərdə həftəsonları küçəyə çıxmağa qadağa qoyulacağını, bütün növ ictimai nəqliyyatın fəaliyyətinin dayandırılacağını söyləyən Ü.Quliyev vətəndaşları bu qadağalara anlayışla yanaşmağa və qaydalara əməl etməyə çağırıb: “Qadağaların istədiyimiz nəticəni verməsi üçün üzərimizə düşən vəzifəni yerinə yetirməliyik, əlimizdən gələni əsirgəməməliyik”.

O qeyd edib ki, hazırda Azərbaycanda koronavirusla mübarizə çərçivəsində əsas vəzifə yoluxma hallarının artım dinamikasını dayandırmaq və bu sahədə müsbət tendensiyaya, yoluxma hallarının azalmasına nail olmaqdır: “Bu gün hər birimiz özümüzə bir sual verməliyik: fərd olaraq özümü virusdan necə qoruya bilərəm və cəmiyyət olaraq COVID-19 bəlasının qarşısını necə ala bilərik? Hər birimiz məsuliyyətli olmalıyıq, tibbi maskadan istifadə etməliyik, sosial məsafə saxlamalıyıq, gigiyenik qaydaları gözləməliyik. Cəmiyyət olaraq karantin rejimi qaydalarına əməl etməliyik və bunun uzadılmasını anlayışla qarşılamalıyıq”.

Deputat bildirib ki, karantin rejimi sərtləşdiriləndən sonra yeni yoluxma hallarında kəskin artım dinamikası dayanıb və gündəlik orta rəqəm təxminən 550-580 arasında dəyişir: “Əvvəlki təcrübəyə əsasən demək olar ki, karantinin ilkin təsiri onu tətbiq edəndən bir müddət sonra daha aydın görünməyə başlayır. Bu mənada, qarşıdan gələn günlərdə yoluxma hallarının sayında azalma müşahidə olunması ehtimalı çox böyükdür”.

Ü.Quliyev deyib ki, dünyada pandemiya yayılmağa başlayanda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və göstərişləri ilə Azərbaycanda zəruri qabaqlayıcı tədbirlər görülüb: “Bunun nəticəsində mayın əvvəllərinədək infeksiyanın geniş yayılmasının, başqa ölkələrdə olduğu kimi tüğyan etməsinin qarşısını almaq mümkün oldu. Nazirlər Kabineti yanında Operativ Qərargah bu müsbət dinamikanı nəzərə alaraq aprelin sonlarında xüsusi karantin rejimini yumşaltdı. Amma bu gözlənilən nəticəni vermədi və yoluxma sayı artmağa başladı. Ona görə də karantin rejimi yenidən sərtləşdirildi və uzadıldı. Bunun müsbət tərəflərini praktikada görmüşük, yəni karantin rejimi yoluxma hallarının azalmasına səbəb olur”.

Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycan pandemiya ilə mübarizədə dünyada sınaqdan keçirilən bütün metodlardan geniş istifadə edir: “İstər Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə, istərsə də dövlətlərarası əməkdaşlıq qaydasında dünyanın müsbət təcrübəsini öyrənirik. Xarici ölkələrin əksəriyyəti COVID-19-la mübarizə çərçivəsində sərt karantin rejimi tətbiq edib. Elə Azərbaycanın özünün pandemiya ilə mübarizə praktikası, seçdiyi yol çox effektivdir. Bu istiqamətdə görülən tədbirlərdən biri də karantin rejiminin uzadılmasıdır. Çünki bu insanların zərurət olmadığı halda küçəyə çıxmasının, qapalı yerlərdə toplaşmasının qarşısını alır. Karantin rejimində vətəndaşlarımız yalnız müvafiq qaydada icazə aldıqdan sonra müəyyən vaxt ərzində çölə çıxa bilirlər. Eyni zamanda virusun yayılmasına təkan verən metro, iaşə obyektləri, kafe və restoranlar, böyük ticarət mərkəzləri bağlı olur. Düzdür, bu iqtisadi cəhətdən böyük çətinliklər yaradır. Amma indi bunu düşünməyin zamanı deyil. Bu gün əsas vəzifə koronavirusun yayılmasının qarşısını almaq və insanların sağlamlığını qorumaqdır”.

Onun fikrincə, karantin qaydalarına riayət olunmaması, qoruyucu vasitələrdən istifadə edilməməsi böyük faciələrə gətirib çıxara bilər: “Koronavirusdan qorunmaq üçün tətbiq olunan qaydaları pozmaq, ona əməl etməmək özü-özünü aldatmaqdır. Çünki virus yox olmayıb. Ona görə də bizi COVID-19-dan məsuliyyət və qaydalara əməl etmək xilas edəcək”.