Doğumun qeydə alınma faktının müəyyən olunması: məhkəmə proseduru, təcrübədəki yanlışlıqlar və onların hüquqi təhlilibackend

Doğumun qeydə alınma faktının müəyyən olunması: məhkəmə proseduru, təcrübədəki yanlışlıqlar və onların hüquqi təhlili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Doğum faktı adından da göründüyü kimi, şəxsin anadan olması, yəni onun fiziki olaraq dünyaya gəlməsi ilə şərtlənən hüquqi faktdır.

Bu zaman doğumun qeydə alınması üçün akt qeydində qanunvericiliklə müəyyən edilmiş məlumatlar yerləşdirilir və şəxsin doğumu qeydiyyata alınır.

Doğum haqqında akt qeydi eyni zamanda 6 faktı müəyyən edir və həmin 6 faktın aşağıdakı qeydləri əsasında aparılır:

  1. Şəxsin adı, soyadı, ata adı;
  2. Şəxsin doğum tarixi;
  3. Şəxsin doğum yeri;
  4. Şəxsin atası haqqında məlumatlar;
  5. Şəxsin anası haqqında məlumatlar;
  6. Şəxsin valideynlərinin milliyyəti göstərilməklə onun öz milliyyəti;

 

Yuxarıda göstərilən faktları müəyyən edən və itirilmiş qeydlərin doğum aktında bərpası isə müxtəlif mötəbər sübut əhəmiyyətli sənədlərin təqdim edilməsi əsasında bərpa olunur, bir şərtlə ki, həmin sənədlər həmin qeydin əvvəllər mövcud olduğunu təsdiqləmiş olsun. Məsələn, şəxsin atasının şəxsiyyəti ilkin olaraq doğum zamanı ananın rəsmi nikahda olduğu şəxsin kimliyi ilə müəyyən olunduğu üçün şəxsin atası barədə itirilmiş akt qeydi şəxsin doğulduğu zaman anasının kimlə rəsmi nikahda olduğunu təsdiqləyən sənəd əsasında bərpa oluna bilər.

Həmin akt qeydləri 2 formada bərpa edilə bilər:

  1. Qeydiyyat orqanı tərəfindən:
  2. Məhkəmə qətnaməsi əsasında.

Birinci halda, bərpa edilməli olan akt qeydini qeydiyyat orqanının  arxivindən əldə etmək mümkün olmalı və ya təqdim edilmiş sənədlər həmin qeydin əvvəllər mövcud olduğunu təsdiqləməyə birbaşa işarə etməlidir. Belə olduqda vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydləri müvafiq qeydiyyat orqanı tərəfindən bərpa edilə bilər.

İkinci halda isə, ya vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının arxivində həmin qeydlər mövcud olmamalı və onların bərpası müxtəlif səbəblərdən (vətəndaşlıq vəziyyəti aktlarının qeydlərin saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması, habelə təqdim edilən sənədlərin ziddiyyətli olması və sair səbəblərdən) mümkünsüz olmalıdır. Belə olduqda sözügedən qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.

Belə işlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307 və 308-ci maddələrinə müvafiq olaraq xüsusi icraat qaydasında baxılır.

Həmin normalara uyğun olaraq ilk növbədə şəxs əlində olan sübut əhəmiyyətli sənədlərlə birlikdə müvafiq qeydiyyat orqanına ərizə ilə müraciət etməlidir. Qeydiyyat orqanı həmin sənədlər əsasında itirilmiş qeyd aktının bərpa edilməsinin mümkünsüzlüyü barədə həmin şəxsə arayış təqdim etməli, bundan sonra şəxs doğum faktının qeydə alınmasının müəyyən olunmasına dair ərizə ilə yaşadığı yerin məhkəməsinə üz tutmalıdır.

Ərizə ilkin olaraq həmin faktın təsdiqinin şəxs üçün nəticələnə biləcəyi şəxsi və əmlak xarakterli hüquqların yarannmasına , dəyişməsinə və ya xitamına səbəb ola biləcək hüquqi fakt əhəmiyyəti daşıması ilə əsaslandırmalıdır. Məsələn, doğum barədə akt qeydləri prosessual nümayəndəlik hüququnun yaranması, vərəsə ola bilmək hüququ və sair hüquqlar üçün hüquqi əsas verən sənəd qismində çıxış edə bilər.

İkinci olaraq ərizədə yuxarıda göstərilən 6 faktı təsdiq edən akt qeydlərinin bərpa edilməsinə əsas olacaq hallar göstərilməlidir.

Məhkəmələr isə belə ərizələri icraata qəbul edərkən nəzərə almalıdırlar ki, doğumun qeydiyyata alınması barədə aşağıda göstərilən sənədlər olmamış olsun və ya hazırkı vəziyyətdə həmin sənədlər ziddiyyətli olmaqla faktın təsdiqinə maneə təşkil etsin:

  1. Valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;
  2. Valideynlərin nikah haqqında şəhadətnaməsi;
  3. Doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən (valideynləri tərəfindən uşaqdan imtina olunubsa, dərhal doğum haqqında tibbi şəhadətnamə və uşağın atılmasını təsdiq edən sənədlə (akt, ərizə) birlikdə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya (bundan sonra – Komissiya) verilməlidir) sənəd;
  4. Uşaq tibb müəssisəsindən kənarda doğulduqda (müəssisədən kənar uşaq tapılarsa, uşağı tapan şəxsin məlumatı əsasında ərazi polis orqanı dərhal uşağın tapılması vaxtını, yerini və şəraitini əks etdirən sənəd (akt, protokol) tərtib edərək uşağı ərazi üzrə müvafiq tibb müəssisəsinə yerləşdirməli, eyni zamanda uşağın tapılması haqqında sənədi təqdim etməklə, 2 (iki) iş günü müddətində Komissiyaya məlumat verməlidir) doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd;
  5. Uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd;

 

  1. Uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd.

 

Lakin məhkəmələr doğum faktının təsdiqi barədə ərizələri icraata qəbul edərkən bəzən müəyyən olunmalı olan faktı qohumluq münasibətlərində olma və ya şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması tələbləri ilə qarışdıraraq ərizələri iddianın yolverilməzliyi əsası ilə geri qaytarırlar.

Lakin məhkəmələr nəzərə almalıdır ki, qohumluq münasibətlərində olma faktı müəyyən edilərkən həmin qohumluq ərizəçi üçün vərəsəlik, sosial təminat və digər hüquqlarla əlaqədar nəticələrlə şərtlənməli və doğum aktında qeydlə şəxsin ata və anası barədə məlumatlarda qeyd olunan şəxslərin adlarındakı texniki səhvlərlə, təhrif olunmalarla, eyni zamanda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10-cu fəsli ilə müəyyən edilən uşaqların mənşəyinin müəyyən olunması ilə bağlı olmamalıdır. Bir sözlə, qohumluq əlaqələrində olma faktı ata-ana və övlad münasibətləri ilə bağlı olduqda doğum haqqında akt qeydində şəxsin valideynlərinə dair məlumatlara dair qeyddəki şəxslərin rəsmi nikah münasibətlərində olmaması halında müəyyən olunur. Digər hallarda belə faktlar məhkəmələr tərəfindən ya iddia icraatı qaydasında (Ailə Məcəlləsinin 10-cu fəslinə müvafiq olaraq), ya da doğum haqqında akt qeydinin bərpasına dair xüsusi icraat qaydasında müəyyən olunur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunmasında isə qanunverici tərəfindən şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom, sertifikatlar və sair sənədlər aid edilə bilər.

Yəni məhkəmələr nəzərə almalıdırlar ki, məsələn, şəxsin ata və ya anasının adı onların nikah şəhadətnaməsində fərqli formada yazılmışdırsa, belə iddialar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə deyil, 307.2.3-cü maddəsinə görə verilməlidir. Çünki qeydiyyata alınmış doğum barədə akt qeydləri sonradan itirilmişdirsə, həmin qeydin bərpasına əsas olacaq şəxsin valideynlərinin nikah şəhadətnaməsindəki adlar şəxsin doğum haqqında şəhadətnaməsindəki adlara uyğun olmalıdır. Əks təqdirdə, şəxsin doğumu barədə akt qeydində göstərilən itirilmiş qeydlər bərpa edilə bilməz.

XÜLASƏ

Doğum haqqında akt qeydində yuxarıda göstərilən 6 fakta dair qeydlər itirilmişdirsə və həmin qeydlərin bərpası üçün yuxarıda göstərilən 6 sənəddən hər hansı biri (itirilmiş qeydə münasibətdə) mövcud deyldirsə, yaxud həmin sənədlər ziddiyyətlidirsə, məhkəməyə verilən ərizələr doğum faktının qeydə alınmasının təsdiqinə dair tələblə verilməlidir.

 

BDU-nun məzunu, hüquqşünas Elvin Hüseynov