Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan Avropa İttifaqı (Aİ) ilə imzaladıqları və 12 milyard avro həcmində investisiya vədi aldıqları saziş çərçivəsində, Şimali Kipr Türk Respublikasını tanımayacaqlarını bəyan ediblər. Həmin ölkələr BMT Təhlükəsizlik Şurasının 541 və 550 saylı qətnamələrini bağlılıqlarını vurğulayaraq, bütün adada yalnız Cənubi Kipr administrasiyasını “tək qanuni hökumət” olaraq tanıyacaqlarını öhdələrinə götürüblər.
Türkdilli ölkələrin bu addımı Türkiyəyə xəyanət, Turana qarşı atılmış addım kimi qiymətləndirilir.
Mövzu ilə bağlı politoloq Əlimusa İbrahimov İnterpress.az-a açıqlama verib.
Onun sözlərinə görə, Türk dünyası ölkələrinin bu addımı əvvəlcədən hesablanıb və öz siyasi maraqlarından çıxış ediblər.
“Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanın yunan Kiprində səfirlik açması haqqında qərar qəbul etməsi bu ölkələrin Türk birliyinin əleyhinə addım atmaları kimi qiymətləndirilərək ciddi qınaq obyektinə çevrilib.
Bu zamana qədər Türk Dövlətləri Təşkilatının ən fəal üzvləri olan dövlətlərin bu addımı həqiqətən müəyyən suallar ortaya qoyur. Bəziləri bunu Türkiyəyə qarşı atılmış addım, bəziləri Avropa İttifaqının bu ölkələrə təzyiqinin nəticəsi, başqaları isə isə Cənibi Kipr administrasiyasını tanınması yolunda atılan addım kimi qiymətləndirirlər.
Fikrimcə, bu və ya digər dövlət öz xarici siyasətində istənilən addımı atarkən öncə öz maraqlarından çıxış edir. Bu və ya digər siyasi addım dövlətin maraqlarına xidmət edirsə, sonradan digər yaxın dövlətlərlə maraqların uzlaşdırılması prosesinə başlanılır. Bu proses də uğurlu alınarsa, dövlət rəhbəri nəzərdə tutduğu addımı atmaq qərarına gəlir.
Qeyd olunan Türk dövlətləri də bütün adada yalnız Cənubi Kipr administrasiyasını “tək qanuni hökumət” olaraq tanıyacaqlarını öhdələrinə götürüblər. Onlar bunu və Yunan Kiprində səfirlik açmaq haqqında qərarı ilk növbədə öz ölkələrinin maraqları çərçivəsində qiymətləndiriblər.
Bu maraqlar müxtəlif ola bilər: Avropa İttifaqı ilə yaxınlaşmaq cəhdləri, Avropanın ayırdığı qrantlardan faydalanmaq istəyi, Avropadan gələn təzyiqlərə tap gətirməmək və sair kimi ola bilər.
Yəqin ki, istənilən halda Orta Asiya Türk dövlətlərini bu addımı atmağa təşviq edən ciddi səbəblər mövcuddur. Bu addımı atarkən Türkiyə və Azərbaycanla münasibətlərdə yarana biləcək soyuqluq da nəzərə alınmamış deyil. Ona görə də düşünürəm ki, bu qərar birdən-birə qəbul edilmiş qərar deyil.
Heç şübhəsiz Türkiyə və Azərbaycanın mümkün reaksiyası nəzərə alınıb. Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanın növbəti addımı Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) tanınması istiqamətində ola bilər.
Eyni zamanda hesab edirəm ki, bu hadisə Türk dövlətləri arasında çox çətinliklə əldə olunan dostluq. qardaşlıq və yaxın münasibətlərə kolgə gətirəcək həddə gəlib çıxmamalıdır”, – politoloq bildirib.
Xuraman Etibarlı
İnterpress.az