“Ərdoğanın hakimiyyəti dövründə Türkiyə regional güc olan ölkəyə çevrilib” – RƏYbackend

“Ərdoğanın hakimiyyəti dövründə Türkiyə regional güc olan ölkəyə çevrilib” – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ərdoğanın balkon çıxışında Menderesi, Özalı, Ərbakanı, Türkeşi xatırlayaraq, dediyi “1950-ci ildən bəri yaşadığımız bütün problemlərin – çevrilişlər, koalisiya hökumətləri və s. – arxasında Türkiyənin gücünün zəiflədilməsi məqsədi olub” sözləri Türkiyə xalqının hər şeyə rəğmən niyə hələ də bu adamı seçdiyinin izahıdır.

İnterpress.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı bildirib.

O xatırladıb ki, Menderesi 1960-cı ilin dünənki təqvimində – 27 mayda asdılar: “Onun dar ağacına gedərkən söylədiyi “Kəlləmi onlara götürdüyünüzdə deyin ki, Adnan Menderes hürriyyət uğrunda qoyduğu başını 17 il əvvəl almadığınız üçün sizlərə minnətdardır” sözləri Türkiyənin bu günə gəlməsi üçün nələr qurban verdiyinin bir cümləlik qeydidir. Həmin tarixdən sonra ən yaxşı halda hər 10 ildən bir hərbi çevriliş olur, qurulan koalisiya hökumətlərində siyasi böhran əskik olmurdu. Bu, Türkiyənin diqqətini daim daxili proseslərə yönəlməsinin, xarici siyasətdə gücə çevrilə bilməməsinin əsas səbəbi idi. 2002-ci ildə Ərdoğanın hakimiyyətə gəlişindən sonra bu tendensiya aradan qalxdı, 2016-cı ildə çevriliş planı da həmin tendensiyanın davam etdirilməsi cəhdi idi”.

Siyasi şərhçi qeyd edib ki, Ərdoğanın 21 illik hakimiyyəti dövründə Türkiyə hərbi çevrilişlərin, siyasi böhranların yaşandığı ölkədən regional güc olan ölkəyə çevrildi: “Bunun başlıca səbəbi siyasi stabillikdir. 2002-ci ilə qədər (daha dəqiq desək, 2010-cu ilə qədər) Türkiyədə həlledici səviyyədə təsir imkanına malik olan xarici oyunçular Ərdoğanı hərbi çevrilişlə devirə bilməyəndə diqqəti seçki yolu ilə etməyə yönəltdilər və iqtisadi problemlər fonunda bəlkə də ən böyük şansları indi idi. Lakin nəticə Türkiyə xalqının 1950-ci ildən 2000-ci illərə qədərki dövrə qayıtmaq istəmədiyini təsdiq etdi. Detallar – siyasi konyuktura, seçki kampaniyası, müxalifətin yanlışları, yaxud iqtidarın seçki yarışını doğru qurması və s. fonunda məncə bütün məsələ budur”.