Qəhrəmanmaraş və ətraf vilayətlərdə baş vermiş zəlzələ sonrası dünyanın hər yerindən həm hökumətlər səviyyəsində, həm mülki insanlar, həm də humanitar təşkilatlar vasitəsilə Türkiyəyə yardımlar edilir. Türkiyəyə humanitar yardım edən ölkələr arasında xüsusilə Ermənistan, İsrail diqqət çəkir. Bu ölkələri digərlərindən seçən cəhət heç də onların daha çox yardım etməsi deyil, əksinə Türkiyə ilə siyasi münasibətlərin pis, gərgin və durğun olması ilə bağlıdır. Təsadüfi deyil ki, hazırda ən düşündürən suallardan biri rəsmi Ankaranın bu üç ölkə ilə münasibətlərinin bundan sonra necə olacağıdır.
Mövzu ilə bağlı politoloq Turan Rzayev İnterpress.az-a açıqlamasında bildirib ki, Türkiyə ilə İsrail arasında bir sıra məsələlər hələ də həll edilmədən qalsa da, Təl-Əvivin Türkiyədə baş verən təbii fəlakət sonrası etdiyi yardımlar iki ölkə arasında həllini gözləyən məsələlər baxımından da müsbət təsiri ola bilər:
“İsrail Azərbaycandan sonra Türkiyəyə ikinci ən böyük humanitar yardım edən ölkədir. Bu fakt belə İsrail-Türkiyə münasibətlərinin bundan sonra da inkişaf edəcəyi və Ankaranın Təl-Əvivin humanitar yardımlarına siyasi sferada müsbət reaksiya verəcəyini göstərir. Lakin iki ölkə arasında dəyişməyəcək məsələlər də var. Xüsusilə də Ankaranın Fələstinə dəstəyi Qüds və Qəzza problemləri ilə bağlı sərgilədiyi mövqeyin dəyişəcəyi real deyil. Afina yaxşı bilir ki, ehtimal təbii fəlakət zamanı ona ən böyük yardımı edəcək ölkə məhz Türkiyədir və bu gün edilən istənilən humanitar yardım sabah onun özünə də ediləcək. İkincisi, Yunanıstan Türkiyəyə etdiyi humanitar yardımlar ilə həm də sətiraltı mesaj verir. Yəni iki ölkə arasındakı gərginlikdə Afina tərəfi günahkar deyil, müqəssir təkcə Türkiyədir. Edilən humanitar yardımlar da bunu təsdiqləməyə çalışırlar.
Türkiyədə baş verən təbii fəlakət sonrası bu ölkəyə yardım göndərən ölkələrdən biri də Ermənistandır. Ermənistan yardımlardan əlavə əraziyə xilasetmə qrupu da göndərib. Ermənistanla bağlı ən diqqətçəkən məqam isə şübhəsiz humanitar yardımların 1993-cü ildən bəri ilk dəfə olaraq Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara-Alican sərhəd-keçid məntəqəsində keçərək Türkiyəyə çatdırılması oldu. Ermənistanın Türkiyəyə etdiyi yardımların səmimiliyi şübhə altındadır. Məsələ ondan ibarətdir ki, İrəvan təbii fəlakətdən öz maraqları naminə istifadə etməyə çalışır. Türkiyədə təbii fəlakətin baş verdiyi ərazidə kifayət qədər çox erməni yaşayır və Ermənistanın bu prosesdə iştirak etməsi həm də erməni əsilli türk vətəndaşları ilə bağlıdır. Rəsmi İrəvan bu yolla Anadoludakı ermənilərə təsir etmək və gələcəkdə öz siyasi maraqları üçün onlardan istifadə etmək istəyir”.