Fransa Türkiyəyə barışıq əli uzatdı: Türkiyə onu tutacaqmı? – AÇIQLAMAbackend

Fransa Türkiyəyə barışıq əli uzatdı: Türkiyə onu tutacaqmı? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa və Türkiyə arasında yaşanan “soyuq savaş” hər an istiləşə bilər. Məhz Fransa rəhbərliyi bu istiqamətdə əməli addımlar atıb.

“Fransa Türkiyəni təhlükəsizlik və miqrasiya sahəsində Avropanın əhəmiyyətli ortağı hesab edir və Türkiyə rəhbərliyindən münasibətləri normallaşdırmaq siqnallarını görür” – Bunu Fransa Prezidenti Emmanuel Makron “France 5” telekanalına müsahibəsində söyləyib.

Makron bildirib ki, Avropa Birliyi sülh istəsə, vahid təhlükəsizlik arxitekturası yaratmalıdır:

“Bunun üçün uzun müddət Rusiya və Türkiyə ilə dialoq qurulmalıdır, hər iki ölkə böyük güclərdir və bu çox vacibdir. Türkiyənin Avropa dairəsindən çıxmasına imkan verməmək lazımdır”.

Fransa lideri Türkiyənin NATO müttəfiqi olduğunu, ancaq ittifaqdakı yeri məsələsinə aydınlıq gətirməyin lazım olduğunu deyib.

Qeyd edib ki, ümumiyyətlə, müttəfiqlər Türkiyənin qarşılıqlı münasibətlərdə etdiklərindən çoxuna icazə vermirlər. O, eyni zamanda Ankaraya qarşı həddən artıq sərt mövqe tutmamaq barədə xəbərdarlıq edib.

Makron miqrasiya böhranının həllində də Türkiyənin əvəzsiz rolunu vurğulayıb:

“Onların 3 milyona yaxın qaçqını var. Miqrasiya məsələsində Türkiyə ilə əməkdaşlıq etməliyik, əks halda müzakirələri dayandırsaq, bu üç milyon qaçqın Avropaya töküləcək”.

Bəs Türkiyənin bu addımlara cavabı necə olacaq? Türkiyə-Fransa münasibətlərinin istiləşməsi gözlənilirmi?

Politoloq Natiq Miri açıqlamasında bildirib ki, Türkiyənin xarici siyasətində əsas prioritet bütün dünya dövlətləri ilə normal münasibətlərin qurulmasıdır:

“Təbii ki, burada qarşılıqlı mənafe nəzərdə tutulur. 2002-ci ildən bəri Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi AKP iqtidarı da buna üstünlük verilir. Əlbəttə ki, Türkiyə hələlik ciddi mənada Avropa Birliyinə inteqrasiya məsələsindən vaz keçməyib. Türkiyə Avropa Birliyinə daxil olma prioritetini özündə saxlayır. Türkiyə Prezidenti də bunu hər zaman vurğulayır. Fransa Avropa Birliyinin önəmli iki dövlətindən biridir. Fransa ilə münasibətlərin isti məcrada olması Türkiyənin geosiyasi və geoiqtisadi maraqlarına uyğundur. Ona görə də Türkiyə Frananın bu addımına qarşılıq verəcək. Əgər Fransa dövləti öz addımlarında səmimi olarsa, Fransa-Türkiyə münasibətlərini yendən müsbət məcraya daşımaq mümkün olacaq”.

Fransanın bu addımı Türkiyə sevgisi ilə atmadığını qeyd edən politoloq bildirib ki, bu adıçəkilən ölkə üçün məcburi bir davranışdır:

“Çünki Türkiyə həm regionda, həm də qlobal səviyyədə böyüyən bir ölkədir. Dünyada nufuzu olan güclü ölkələr belə bir ölkə ilə yeni münasibətlər qurmağı hədəfə qoyur. Avropa Birliyindən çıxdığını elan edən Böyük Britaniya da dərhal Türkiyə ilə əməkdaşlıq müqaviləsi imzaladı. Bu bir strateji niyyət və seçim idi. Paralel olaraq Avropa Birliyinin əsas aparıcı ölkəsi olan Almaniya da bir çox məsələlərdə Türkiyəni müdafiə etdi. Bu da Almaniya üçün strateji məsələ idi. Çünki qarşısında güclənən bir Türkiyə var və Türkiyə ilə əməkdaşlıq Almaniyanın mənafeyinə uyğundur.

Fransa da dərhal Türkiyə ilə münasibətləri tənzimləmək üçün hərəkətə keçdi. Əlbəttə ki, bu qarşılıqsız deyil. Türkiyə rəhbərliyi, xüsusilə Xarici İşlər Nazirliyi Fransa ilə münasibətlərin isti məcraya daşınmasına hazır olduğunu bildirdi, bir şərtlə ki, Türkiyənin bütün məsələlərdə – Liviya, Suriyada, Cənubi Qafqaz, Aralıq və Egey dənizlərində dövlət və milli maraqları qorunmalıdır. Yəni Türkiyə öz dövlət maraqlarından zərrə qədər geri çəkilməmək şərtilə istənilən regional və dövlət gücü ilə tam münasibətlər qurmağa hazır olduğunu bəyan edib.

Əslində güclü bir dövlət kimi Türkiyəyə yaraşan da budur. Düşünürəm ki, gələcək perspektivdə Avropa Birliyinin əksər ölkələriylə, xüsusilə də Fransa ilə münasibətlər sistemi isti məcraya yönələcək”.

 

İnterpress.az