Gəl, əmi ilə liftə…backend

Gəl, əmi ilə liftə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtkin düşən uşaqlar, onlara hücumlar və ya ölüm xəbərləri vaxtaşırı faciəvi təfərrüatı ilə ictimaiyyəti dəhşətə gətirir. Ötən həftə polis rəisinin 41 yaşlı sürücüsünün 11 yaşlı qıza təcavüz etməsi ilə bağlı xəbər ölkə gündəmini silkələdi. Bir ildən çox vaxt keçməsinə baxmayaraq, tovuzlu Nərminin başına həqiqətdə nə gəldiyi bu günə qədər tam məlum deyil. Bundan başqa, hər gün valideynlərin xəbərdarlıqlarına baxmayaraq, yad adama inanmaları, “qonşu əminin” uşağı konfet almaq adı ilə mağazaya aparması, sonra isə başına oyun açması ilə bağlı xəbərlər eşidirik.

İnsanlıq üçün utancverici olan belə davranışlardan övladlarımızı necə qoruya bilərik? Onlarda özünümüdafiə instinktini necə inkişaf etdirə bilərik? Bununla bağlı bir balaca araşdırma apardım və öyrəndiklərimi sizinlə bölüşmək istəyirəm.

Mütəxəssislərin fikrincə, bu məsələdə hər şey ilk günlərdən başlanmalıdır.

Uşaqların 0-6 yaş arası inkişaf dönəmində bədəninin xüsusi bölgələri və bunların toxunulmaz olduğu öyrədilməlidir. Bunu gündəlik davranışlarla göstərmək olar: Məsələn o, ancaq ata-anasının yanında tam soyundurulmalıdır. Hətta bələyi dəyişdirildikdə belə, körpənin heç kimin olmadığı otağa aparılması məhrəmiyyətinə hörmət edildiyini ona şüuraltı aşılayacaq. Ona demək lazımdır ki, başqası çox xahiş eləsə belə, bədəninin müəyyən yerlərini göstərmək, xüsusən toxunulmasına icazə vermək olmaz. Ancaq həkimin yanında soyunmaq olar və hətta bu zaman belə valideynlərdən biri otaqda olmalıdır.

Bundan başqa bir çox valideynlər, yaxud qohumlar uşaqlarla oynayarkən onların məhrəm bölgələri ilə bağlı zarafatlar edirlər. Halbuki bu son dərəcə həssas məsələdir və yanlışdır.

Biz uşaqlara dəfələrlə “qapını heç kimə açma”, “yad insanlarla danışma”, “heç yerə getmə” desək də, ilk sınaqdaca onlar bu imtahan qarşısında aciz qalırlar. Ekspertlərin fikrincə, buna səbəb, onlara yanlış təlqin edilən ədəb qaydalarıdır: “Yaşlılara kömək et” (tanımadığı yaşlı insan istəyəndə onun çantasını daşıyacaq), “böyüklərə hörmət et” (“Gəl, əmi ilə liftə”)… Hətta təhlükə anında belə, uşaqlar çabalasa da başqalarından kömək istəmirlər (“Adam qışqırmaz, ayıbdır”).

Əlbəttə, uşağa tərbiyə verilməli, mədəniyyət qaydaları öyrədilməlidir, ancaq bununla bərabər onlara xeyirxahlığın və nəzakətli olmağın fərqi də göstərilməli, təhlükəsizliyin ədəb qaydalarından daha dəyərli olduğu izah edilməlidir: o qışqıra, qaça, telefonla zəng edə, özünü yerə çırpa, kömək üçün müraciət edə bilər.

Bir də valideynlərin “oğru” təsviri var: onlar şübhəli şəxsləri qorxunc, az qala div boyda, lap qorxulu filmlərindəki personaj kimi təqdim edirlər. Bu səbəbdən uşaqlar cinayətkarın adi insandan görünüşcə fərqləndiyini düşünür. Halbuki uşaqları aparan canilər adi adamdan fərqlənmir: bu, uşaq parkındakı “ata”, yaşlı qadın və hətta digər uşaq da ola bilər.

Bəs bu qaydaları uşaqlara qorxutmadan necə başa salmaq olar? Necə etmək lazımdır ki, onlar mümkün təhlükə qarşısında iflic vəziyyətə düşməsin?

Psixoloq Sadiq Səmədli Oxu.Az-a bununla bağlı münasibət bildirərkən dedi ki, 5-6 yaşında uşaqlara söz formasında nəyisə baş salmaq çətin olur.

“Onlara təhlükəsizlik qaydaları oyun praktikalarında öyrədilə bilər. Məsələn, hansısa nağıl səhnəsini yaratmaq və ya oyun qurmaq olar. Burada öz qaydalarını qoymaq lazımdır. Məsələn, filan yerə getmək olmaz, filan işi görmək olmaz, bu iş isə bu çərçivədə icazə veriləndir və sair. Qayda pozulduqda isə onlar xal itkisi ilə üzləşməli və ya uduzmalıdırlar. Bununla onlarda itirə biləcəkləri barədə təsəvvür yaranır, təhlükəsizlik anlayışı, müəyyən sərhədlərin formalaşması başlayır. Bununla da onlar həyatın qaydalar çərçivəsində olduğunu öyrənirlər. Məktəbə getdikdə isə ailə kimi kiçik sosial qrupun içindən daha böyük sosial qrupla təmasa keçirlər”.

Elə hallar olur ki, uşaqlar başlarına ağır faciə gəlsə belə, bu barədə valideynlərinə heç nə demirlər. S.Səmədovun fikrincə bunun da səbəbi valideynlərin uşaqlarına qarşı düzgün olmayan rəftarıdır: “Bunun kökü lap əvvələ gedir: uşaq evdə nəyisə sındırdıqda, dağıtdıqda böyüklər onu danlayarsa, uşaq düşünür ki, mən səhv edəndə məni acıladılar, üstümə qışqırdılar. Onda artıq qorxu yaranır, fikirləşir ki, səhv etdikdə böyüklər bilməməlidir, çünki şiddət (yüngül də olsa) görəcək. İlk olaraq uşağın təhlükəsizliyi pozulmağa başlayır və o, hər baş verən xoşagəlməzliyi valideynindən gizlətməyə başlayır. Bəzən bu hətta 13-14 yaşına qədər davam edir”.

Mütəxəssisin sözlərinə görə, bir çox valideynlər isə iş və ya başqa səbəbdən uşaqları ilə məşğul ola bilmir, nəticədə onlar arasında emosional kontakt itir. Belə valideynlər uşaqların özünəqapanıqlığını keçid dövrü ilə əlaqələndirirlər, halbuki məsələ bəlkə də başqadır.

S.Səmədov uşaqlara qətiyyətlə “mən hər şeyi bilməliyəm”, – deyilməsinin tərəfdarı deyil. Onun sözlərinə görə, bu tələb deyil, təklif formasında edilməlidir, əks təqdirdə, uşaq daha da uzaqlaşar.

“Məsələn, onunla şəhərətrafı gəzintiyə çıxmaq, vaxt keçirmək, həyat barədə suallar vermək, fikir mübadiləsi aparmaq, sevdiyi fəaliyyət növlərindən, dostlarından danışmaq olar. O suallardan hansınasa neqativ cavab versə, bunu valideyn dərhal anlayır. O zaman məhz həmin məsələ barədə maraqlanmaq lazımdır”.

Bəzən elə olur ki, uşaq valideyninə özünü narahat hiss etdiyi anlardan danışır, lakin valideyn buna inana bilmir, “sənə elə gəlib”, “yanlış anlamısan, o elə şey etməz”, – deyirlər. Bu tamamilə yanlış addımdır. Çünki bu davranış uşaqda valideynin ona inanmadığı düşüncəsinə gətirir. Uşağa deyilməlidir ki, onu yaxşı anlayır və bu məsələni həll edəcək, həmçinin bu məsələni bölüşdüyü üçün təşəkkür edilməlidir. Sonra hadisədə adı çəkilən şəxslə ciddi danışılmalı və vəziyyətin nəzarətdə saxlanılacağı bildirilməlidir.

Son olaraq qeyd edək ki, uşaqlara “yox” demək öyrədilməlidir. Bu həyati vacib məsələdir. Çünki valideynlərinə “yox” deməyi bacarmayan uşaq başqasının təklifindən də imtina elə bilməyəcək. Bu isə onların pis kampaniyaya qoşulmaq, zərərli vərdişlər əldə etməkdən tutmuş, bəd niyyətli insanların qurbanına çevrilməsinə qədər apara bilər.