Həbsxana divarına yazdığı şeir himnə çevrildi – ölənəcən Fransaya qarşı vuruşdu – ARAŞDIRMAbackend

Həbsxana divarına yazdığı şeir himnə çevrildi – ölənəcən Fransaya qarşı vuruşdu – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şərq ölkələri üzrə araşdırmaçı-yazar Əli Rzazadə xüsusi olaraq İnterpress.az üçün yazır…

Bir gün Əlcəzairin Barberos həbsxanasının 69 nömrəli kamerasında, ruhu kameraların divarlarına sığmayan böyük bir qələm adamı, yazıçı- şair yatırdı. Uzun illər idi ki, bir neçə ərəb ölkəsini qanlı caynağında saxlayan, Şimali Afrikanı işğal edən Fransaya qarşı apardığı mübarizəsi səbəbindən bu şairin fiziki azadlığına məhdudiyyət qoyulmuşdu.

O yazırdı:

Ey Fransa, dərs vermək vaxtı yetişdi,
Kitabı qatlamaq kimi qatladıq onu.
Ey Fransa, bu gün haqq-hesab günüdür,
Elə isə haqq hesab verməyə hazır ol!

Əlcəzairin dünya şöhrətli böyük şairi Mufdi Zəkəriyyə, o zamanlar Fransanı qəzəbləndirən yuxarıdakı misraları qanı ilə məhbəs divarlarına yazırdı.

O, məhbəsdən “And” (Qəsəmən) şerini hücərsinin divarlarına öz qanı ilə yazır, hansı ki, illər sonra bu şeir vətəni Əlcəzaridin DÖVLƏT HİMNİNƏ çevriləcəkdi.

Mufdi Zəkəriyyə- 12 iyun 1908-ci ildə Əlcəzairin Qardiyə qəsəbəsində dünyaya göz açmışdır. Uşaq yaşlarından doğma qəsəbədə Qurani-Kərim və ərəb dilinin əsaslarından ibdtidai dərs almışdır. İlk təhsilinə atasının ticarətlə məşğul olduğu Annaba şəhərində başlamış, daha sonra təhsilini həm ərəb, həm də fransız dillərində davam etdirmək üçün qonşu ölkə, Tunisə köçmüşdür. Orada “Xalduni” və “Əttarin” məktəblərində oxumuşdur. Tunisdə təhsil alarkən, orada şair və ictimai xadim Əbu Yəzqan və Ramazan Həmudla tanış olmuş, onların siyasi baxışları istiqamətində fəaliyyət göstərməyə başlamışdır. Hər iki şəxs, Əlcəzairin Fransa işğalından azad olunması istiqamətində siyasi fəaliyyətlə məşğul olur, Əlcəzair və digər ərəb ölkələrində müqavimətçi siyasi xadim kimi tanınırdılar.

14 yaşında olarkən “Yatmış İslam övladları oyanın!” adlı şeirini yazır. Lakin üç ildən sonra o, ilk dəfə 1925-ci il mayın 6-da Tunisin “Lisan əş-Şəb” və “Əs-Savab” qəzetlərində “kəndlilər” şeirini dərc etdirir. Mufdi Zəkəriyyə bu şeiri, Mərakeşdə Əbdül-Kərim əl-Xəttabinin başçılıq etdiyi “Kəndli üsyanına” həsr etmişdi. Onun yeni dərc edilən şeirini bəyənən 19 Tunis qəzeti gənc Mufdi üçün öz köşələrini açır, o cümlədən o dövrdə nəşr olunan ən qədim qəzetlər olan “Əz-Zəhra”, “Əl-Nədim” və “Tunis Əl-Fəth” onun yazılarını dərc edirlər. Mufdi, 18 məqalə və 36 şeir dərc etdirməklə Tunis və Əlcəzairin simvollarından birinə çevrilir.

Onun şeirləri Şimali Afrikada silahlı müqaviməti dəstək verən ən böyük silahı idi. Onun şeirindəki müqavimət əzmindən müasir gənclər işğalçı fransızlara qarşı döyüşmək üçün dağlara çəkilirdilər, öz vətənləri Əlcəzairin azadlığı uğrunda mübarizə aparırdılar.

Gənc şair Tunisdə yaşayan əmisi Salehin evində müvəqqəti yerləşmişdi. Əmisi Salehin Lafa bazarında və Tunisin Rades şəhərindəki evi, Məşrutə Partiyasının idarə heyətinin toplaşdığı məkan olduğundan, bu ev müstəmləkə casusları tərəfindən diqqətlə izlənilirdi. Mufdi Zəkəriyyə yeddi ilə yaxın müddətdə siyasi fəaliyyət və şövqlü poeziya ilə yüklənmiş bir atmosferdə yaşamışdı. Həmin dövrdə Tunis də Əlcəzair kimi zülmkar işğaldan əziyyət çəkirdi. Mufdi, əmisinin evində keçirilən gizli toplantılarda, tanınmış siyasi xadimlərlə bir məclidə olur, onların siyasi baxışlarıdan bəhrələnirdi.

1929-cu ildə Mufdi Zəkəriyyə Tunisdən, vətəni Əlcəzairə qayıdır və o zaman yaşı iyirmidən çox idi. O Tunisdən vətəninə təkcə elm, təhsil və bilik deyil, həm də Əlcəzairin müstəqilliyinə qədər cihad etmək qətiyyətini də özü ilə apardı.

Orada Şimali Afrika Müsəlman Tələbələri cəmiyyətində, sonra Şimali Afrika Ulduzu Partiyası sıralarında mübarizə apararaq, Fransa işğalıına son qoyulmasını tələb edirdi.

Otuz yaşı tamam olmazdan əvvəl Mufdi Zəkəriyyə 1936-cı ildə Şimali Afrika Ulduzu Partiyasının baş katibi seçilir, lakin bu partiya onun faktiki siyasi fəaliyyətində ilk dayanacağı olmur. Tunisdən qayıtdıqdan sonra müstəmlkəçilərin nəzarətində olan Bəni Yəzqin kəndində yaşayarkən, onun müqavimət hərəkatının gizli üzvü olması, xüsusi xidmət orqanları tərəfindən müəyyən olunur. Hətta o da məlum olur ki, gənc şair, Fransa müstəmləkəçiliyinə qarşı müqavimətə rəhbərlik edən siyasi təşkilatlarda yüksək vəzifələrdə çalışmışdır. Buna görə də Qardiya bölgəsinin qubernatoru da ona ciddi nəzarət tətbiq edərək, davamlı təqiblərə məruz qoyur. Lakin buna baxmayaraq gənc şair, inqilabçı, siyasi müqavimətini dayandırmır, 1937-ci ildə Şimali Afrika Ulduzu Partiyasının ləğvindən sonra, Xalq Partiyasının İcraiyyə Komitəsinin rəhbəri təyin edilir.

Mufdi Zəkəriyyə jurnalistika sahəsində fəaliyyətini davam etdirərək, partiyanın ruporu olan “Xalq qəzeti”nin redaksiya heyətinə rəhbərlik edirdi. “Xalq qəzeti” o zaman Əlcəzairdə milli hərəkatın ruporu idi və cəmi iki nömrəsi çap olunmuşdu. Çox keçmir ki, qəzetin redaksiyası müstəmləkə qüvvələri tərəfindən hücuma məruz qalır və müsadirə olunur. 1937-ci ilin dekabr ayında Blida bölgəsində izdihamın qarşısında dayanaraq çıxış edən şair Mufdi Zəkəriyyə, müstəmləkə qüvvələri tərəfindən “əhaliyə Fransaya qarşı terror və suqi -qəsdə çağırış” ittihamı ilə həbs edilir. Mufdi Zəkəriyyənin ruhunda mübarizə alovu sönməmişdi. Həbsxananın sıxıntısına baxmayaraq, qələminin mürəkkəbi tükənmirdi.

O, həbsxana bərbərinin vasitəsilə ilə çöldən xəbərlər alır və eləcə də onun vasitəsilə çöldəki tərəfdarlara məktublar göndərirdi. Həmin məktublar onun Əbu Firas əl-Həmdani və əl-Fat əl-Vatani təxəllüsü ilə qəzetlərdə dərc olunan məqalələri idi. Zəkəriyyə həbsxanada cəlladın əlinə ikən də qələmi ilə müstəmləkəçiliklə mübarizə aparırdı. O, Xalq Partiyasındakı yoldaşları ilə birlikdə Əl- Harraş həbsxanasında olarkən, 1939-cu il avqustun 18-də “Əlcəzair Parlamenti” qəzetini nəşr edir. Mufdi Zəkəriyyə qadağan edilmiş Xalq Partiyasının nəşr etdiyi iki gizli qəzetin – “Əl-Vətən” və “Əl-Əməl Əl-Cəzairi”nin yaranmasına töhfə verir və bu qəzetlər antiimperialist gənclərin ruporu olur.

1956-cı ilin aprelində Mufdi Zəkəriyyə üç il həbs cəzasına məhkum edilərək, bütün əmlakı müsadirə olunur. Onun Fransa hakimiyyətinin işgəncə maşınının altına 1955-ci ildə ilk məhkumluğunu çəkdiyi Barberos həbsxanasında olarkən, məruz qaldığı işgəncələrinin təsviri “Müqəddəs Alov” toplusunda dərc olunmuşdur. 73 nömrəli qaranlıq kameradan ilham alan şair yazırdı:

Mənim üçün eynidir,
açıq və qapalı
Ey zindan, sənin qapın…
Cəlladın qamçısı məni dah da qızışdırır.

1959-cu ilin aprelində həbsdən çıxan böyük şair Mufdi Zəkəriyyə, cəllad qamçılarının bədənində və ruhunda qoyduğu izlərini arxasınca sürüyürdü. O, işgəncənin psixoloji təsirlərini müalicə etmək üçün Mərakeşə gedir. Lakin, Azadlıq Cəbhəsi ilə əlaqəsi olan fransız psixoloqu “France Fanon”un nəzarəti altında baş verir. Sonra ikinci hədəfi Tunis olur və yeddi illik həbsin nəticəsi olan yorğunluğuna baxmayaraq, oradakı Azadlıq Cəbhəsinin ruporu, həftəlik “Əl Mücahid” qəzetində şeirlərini yazmağa başlayır.

Mufdi Zəkəriyyə həqiqətən də Əlcəzair inqilabının səfiri idi, çünki o, Əlcəzairin müstəqilliyindən sonra da Tunis və Mərakeşə gedib gəlirdi. O özü- özünü “etimadnaməsi olmayan səfir” adlandırardı. Əlcəzair dağlarında güllə səsləri səngiyəndən sonra yetmişinci illərin əvvəlində min misradan ibarət “Əlcəzair İlyadası” poemasını yazdı.

Onun məhbəs həyatını bu illərlə səciyyələndirmək olar: 1937 ci ildə ilk dəfə həbs edilir. 1940-cı ilin fevralında (6 ay), 8 may 1945-ci ildə (3 il) həbs olunur. Həbsdən çıxandan sonra isə Demokratik Azadlıqlar Uğrunda Qələbə Hərəkatının sıralarına qoşulur. 1954-cü ildə inqilabçı gənc şair, azadlıq inqilabına qoşulur, 1956-cı ilin aprelində yenidən həbs edilir və Barberos həbsxanasında, (indiki Sarkaji)də 3 il həbs həyatı keçirir.

1962-ci ilin martında Milli Qurtuluş Cəbhəsinin müqavimətinə tab gətirə bilməyən müstəmləkəçi Fransa atəşin dayandırılması haqqında Evian sazişini imzalayır və Əlcəzairin müstəqilliyini tanımalı olur və beləliklə 1962-ci ilin sentyabrında Əlcəzair Xalq Demokratik Respublikası elan edilir.

1963-cü ildə, yəni Əlcəzair Fransadan müstəqillik qazandıqdan sonra Müfid Zəkəriyyənin qələmə aldığı “Qasaman” (And) şeiri Əlcəzairin dövlət himninə çevrildi.
Beləliklə, Əlcəzairli şair ötən əsrin otuzuncu illərindən, Əlcəzairin azadlığı və ərəb ölkələrinin işğalçıya qarşı birliyi uğrunda mübarizə aparıb. 1934-cü ildə Tunisdə keçirilən Şimali Afrika Tələbələrinin IV Konfransında iştirak edənlər qarşısında bu sözlərlə and içməsi tarixə düşür:

“Rəbbimiz Allaha, dinimiz İslama, hidayət çırağımız Qurana, qibləmiz Kəbəyə, peyğəmbərimiz Hz. Məhəmmədə and içirəm ki, mən Allahın birliyinə inandığım kimi Şimali Afrikanın birliyinə də inanıram. Nə qədər ki, döyünən ürəyim, axan qanım, bədənimdə ilişib qalmış ruhum var, bunun üçün çalışacağam”
1977-ci il avqustun 17-də həmin torpaqda yarım əsrdən artıq yanan məşəl söndü və Fransanın “Le Monde” qəzeti əlcəzairli dahi şair Mufdi Zəkəriyyənin vəfatını elan etdi. Beləliklə Əlcəzair və Şimali Afrika ölkələrinin milli azadlıq hərəkatının dirəklərindən olan, böyük şair Mufdi Zəkəriyyənin bu dünyadakı missiyası başa çatdı və Əlcəzair səmalarına ucaldı. Lakin onun ömrünün bütün hissələrini azadlığı uğrunda mübarizəyə həsr etdiyi müstəqil Əlcəzair öz azadlığına qovuşaraq bu gün də yaşayır.

Əlcəzair xalqı işğalçı Fransanın qanlı pəncələrindən qopmaq, milli mənəvi dəyərlərini, mədəniyyətini, öz dilini qorumaq üçün milyon yarım şəhid vermişdir. Fransızlar 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq insanı xüsusi amansızlıqla şəhid etmişdilər. Buna görə də bəşər tarixində Əlcəzair Xalq Demokratik Respublikası “milyon yarım şəhid ölkəsi” olaraq tanınır.

Əli Rzazadə
Əli Rzazadə