Həyəcanlı İran: Və ya dostunu göstər, deyim kimsən…backend

Həyəcanlı İran: Və ya dostunu göstər, deyim kimsən…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra Tehran Bakı ilə münasibətlərində daha qəzəbli və qərəzli mövqe sərgiləyir. Bunun da səbəbləri var. İşğaldan azad edilən bəzi rayonlarımız  İranla sərhəddir. İşğal olunmuş ərazilərdə daşların belə iranlı işbazlar tərəfindən daşınıb aparılmasını unutmamışıq. İllərdir təcavüzə məruz qalmış müsəlman qardaşının haqq işini müdafiə etmək əvəzinə İran onun düşməninə havadarlıq edir. Təsadüfi deyil ki, bu dostluq hələ də davam edir. İranın İrəvandakı səfiri Abbas Badahşan Zohuri Ermənistanın Təhlükəsizlik Xidmətinin katibi Armen Qriqoryanla dünənki görüşündə elə beləcə də deyib: “Ermənistanı dost və qardaş ölkədir”.  Bu həmin İrandır ki, 28 il işğal olunmuş həmin ərazilər vasitəsilə narkotik ticarətinə nəzarət edirdi. Artıq bu nəzarət Tehran rejiminin əlindən çıxıb. Bu isə on milyonlarla dolların itirilməsi anlamına gəlir.
Bir məqama da diqqət çəkmək istərdim. Dağlıq Qarabağ probleminin həlli, Azərbaycanın parlaq qələbəsi Tehran da daxil, bütün İranda yaşayan 30-40 milyonluq soydaşımıza mübarizə ruhu verir. Ən əsas amil isə son dərəcə sadədir. İran güclü, müstəqil, torpaqlarını cəmi 44 gün ərzində hərbi və siyasi yol ilə azad etmiş bir Azərbaycanla qonşu olmaq istəmir. Tehran Cənubi Azərbaycan türklərində millətçiliyin artacağını anlayır. İran dərk edir ki, Türkiyənin Orta Asiyaya, Xəzər dənizinə çıxış imkanı yaranır. Belə gedişat İranın bölgədəki gücünü darmadağın edir.
İran hərəkətləri ilə  bir daha sübut edir ki, nə islam dövləti, nə də qonşu olaraq Azərbaycanla düz və ləyaqətli davranmır. Azərbaycan ərazisi işğal altında olduğu dövrdə əksər müsəlman ölkələr bizə dəstək verdilər. Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı, hətta Cibuti belə Ermənistanla diplomatik əlaqələr qurmadı. Bundan əlavə, Türkiyə Ermənistanla sərhədlərini bağlı saxladı; Pakistan BMT Təhlükəsizlik Şurasında mövqeyindən istifadə edib işğalçı Ermənistan əleyhinə qətnamələr qəbul etdirdi. Cibuti, mötəbər tədbirlərdə Azərbaycan məsələsi müzakirə ediləndə, Azərbaycanın nəfinə səs verdi.  Amma İran neylədi? Ermənistanı özünə yaxın dövlət hesab etdi, bütün dövrlərdə dəstək verdi. İşğal dövründə Ermənistanla iqtisadi əlaqələr, birgə iqtisadi layihələr həyata keçirdi. Ermənistan rəhbərlərinin dediyi kimi: “Ermənistan üçün nəfəslik rolunu oynadı”. Budurmu müsəlman qardaşlığı, müsəlman həmrəyliyi?

Bu ölkənin sərhədlərimizdəki hərbi təlimləri deyəsən indi yadlarına düşüb. Hardaydız, son 30 ildə niyə təlimlər keçirmirdiz? İndi keçirilən təlimlərin məqsədi nədir və kimə qarşıdır? Müsəlman həmrəyliyindən danışan İran Azərbaycan torpaqlarını zəbt edib viran qoyan, məscidləri təhqir edən Ermənistana niyə barmaq silkələmirdi, təlimlər keçirtmirdi? Əslində şounu xatırladan bu təlimlərdə İran həm də özünü ifşa etdi. Məlum oldu ki, bu dövlətin düz-əməlli silah-sursatı da yoxdu. Yararsızdı, köhnədi, heç bir normal orduya gərək  deyil.

Müharibə dövründə İrandan Ermənistana silah-sursat, yanacaq və s. hərbi təyinatlı yüklər daşınırdı. Budurmu haqqın yanında olmaq? Budurmu qonşuluq? Budurmu müsəlmanlıq? Təsəvvür edin, İranın regionda və dünyada Ermənistandan başqa dostu yoxdu. İran sanki  və nəyə görəsə, həyəcanlıdır. Bu gün Qərb, Şərq, islam ölkələri, xristian ölkələri – İran hamıya düşmən gözü ilə baxır. Hamını düşmən gözündə görür. Bir mənasız ittihama gəlincə, Tehran hələ də anlamır ki, Azərbaycan heç vaxt öz ərazisindən üçüncü ölkələrin İrana qarşı istifadə etməsinə imkan verməyib, bununla bağlı ən yüksək səviyyədə mövqe bildirilib. Amma mola rejimi bir həqiqəti də nəhayət dərk etməlidir: Azərbaycan heç vaxt heç bir ölkəyə öz daxili işlərinə qarışmağa da imkan verməyib və buna cəhd göstərənlər də layiqli cavablarını alıblar. İran rəsmiləri də öz mənasız və populist bəyanatlarında bu reallıqları nəzərə almalıdırlar.
Buna borcludurlar.