Hüquq və azadlıq anlayışları, onların fərqli xüsusiyyətləribackend

Hüquq və azadlıq anlayışları, onların fərqli xüsusiyyətləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hüquq və azadlıq anlayışları hüquq nəzəriyyəsində ən əhəmiyyətli təməl anlayışlardır. Bu anlayışlar istər ümumbəşəri normalar, istərsə də daxili qanunvericlikdə bir-biri ilə ayrı-ayrılıqda fərqli xüsusiyyətlər daşımaqla sintez təşkil edir.

Bunu müəyyən etmək üçün ilk növbədə hər iki anlayışın əsas məzmunu və bir-biri ilə qarşılıqlı əlaqəsini müəyyən lazımdır.

Hüquqa müxtəlif nəzəriyyələr aspektindən müxtəlif təriflər verilmişdir, amma müasir hüquq mexanizmi üçün ən mütənasib tərif pozitivist hüquq məktəbi tərəfindən verilmişdir. Belə ki, pozitiv hüquq nəzəriyyəsinə görə, hüquq dövlət tərəfindən müəyyən edilən və icrası müxtəlif məcburetmə vasitələri ilə təmin edilən davranışlar sistemidir. Azadlığa isə tarixən hüquqi kateqoriya olmaqdan daha çox fəlsəfi kateqoriya olaraq yanaşılmışdır. Bununla belə azadlığa müasir hüquqi anlamına daha yaxın tərifi Volüntarist nəzəriyyə tərəfdarları vermişdir. Onların fikrincə, azadlıq qanunlardan və obyektiv reallıqlardan bağımsız şəkildə insanın öz iradəsi ilə hərəkəti və ya hərəkətsizliyidir.

          Leqal baxımdan isə iki anlayışdan heç birinin tərifi verilməsə də, demək olar ki, hüquqi dövlətlərin hər birinin konstitusiyasında bu məsələlərə xüsusi yer verilmişdir. Çünki hər rəhbər qanunun əsasını insan hüquq və azadlıqları təşkil edir, şəxsin Konstitusiyadan kənar hüquq və azadlığı ola bilməz və digər bütün hüquq sahələri konstitusion hüquq münasibətlərindən törəyir.

Hüquq və azadlıq anlayışı müasir kontekstində 18-ci əsrdən etibarən Fransa Burjua İnqilabı və Amerika inqilabından sonra təşəkkül tapmış bununla belə ötən əsrdən beynəlxalq hüquqi qaydada ilk dəfə 4 Noyabr 1950-ci ildə imzalanmış və 3 Sentyabr 1953-cü ildə qüvvəyə minmiş “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada təsbit olunmuşdur.

Bu gün müasir dövlətçiliyi hüquq və azadlıq anlayışları olmadan təsəvvür etmək mümkün deyil. Bəs hüquq və azadlıq anlayışları terminoloji mənada bir-birindən nə ilə fərqlənir? Bunu müəyyən etmək üçün bu iki anlayışın bir-biri ilə əlaqəli xüsusiyyətlərini qruplaşdırmaq lazımdır:

Hüquq

  1. Konkret sahə üzrə tənzimlənmiş ictimai münasibətdir;
  2. Həyata keçirilmə proseduru normativ qaydada müəyyən edilir;
  3. Rəsmi halda meydana gəlir və tamamilə məhrum edilmə xüsusiyyəti var;

 

 

Azadlıq

  1. Son həddi müəyyən edilən davranış imkanıdır;
  2. Həyata keçirilmə proseduru müstəqil qaydada müəyyən edilir;
  3. Təbii halda meydana gəlir və tamamilə məhrum edilmə xüsusiyyəti yoxdur.

 

 

Bildiyimiz kimi cəmiyyət həyatı müxtəlif ictimai münasibətlərlə meydana gəlir. Bu ictimai münasibətlər normativ qaydada tənzim olunur. Beləcə hüquq meydana gəlir. Azadlıq isə bundan fərqli olaraq ictimai həyatla əlaqəsiz olaraq mövcud olur və yalnız son həddi müəyyən edilə bilər.

Məsələn, təhsil hüququ ictimai həyatla əlaqədar meydana gəldiyindən onun bütöv bir proses olaraq mütləq qaydada tənzimlənmə zərurəti vardır, amma bir insanın hərəkət azadlığından istifadə edərək dəniz kənarında qaçması ictimai həyatla əlaqədar olmadığından dövlət tərəfindən onun sadəcə son həddi, sərhədi müəyyən edilə bilər.

Digər bir əsas fərq hüququn həyata keçirilmə prosedurunun ictimai münasibətlərlə bağlı olduğu üçün normativ qaydada müəyyən edildiyi halda, azadlığın həyata keçirilmə prosedurunun ictimai həyatla bağlı olmadığından müstəqil qaydada müəyyən edilməsidir.

Məsələn, əmək hüququnun həyata keçirilmə proseduru Əmək Məcəlləsi ilə, seçki hüququnun həyata keçirilmə proseduru Seçki Məcəlləsi ilə, təhsil hüququnun həyata keçirilmə proseduru “Təhsil haqqında” Qanunla müəyyən edilir, amma sərbəst toplaşmaq, dini etiqad, hərəkət azadlıqlarının həyata keçirilmə proseduru bu azadlıqların mənsub olduğu şəxslərin müstəqil müəyyən etdiyi qaydada həyata keçirilir.

Unutmaq lazım deyildir ki, bəzən azadlıqların müxtəlif formalarda həyata keçirilməsi normativ tənzimləmə zərurəti yaradır. Misal olaraq, hazırkı qanunvericiliyimizdə dini etiqad, sərbəst toplaşma kimi azadlıqlar qanunla tənzimlənir. Çünki dini etiqad azadlığı şəxsən hansısa ibadət ayininin icrası ilə bağlı olduqda ictimai xarakter daşımadır, amma hansısa dini ayinin icrasının (məsələn, məhərrəm ayından adət üzrə təşkil edilən əzadarlıq ayinləri) kütəvilik xarakteri olduqda bu ictimai münasibətlər çərçivəsində olur. Yaxud sərbəst toplaşma azadlığından istifadə edərək 5-6 nəfərin məhəllədə toplaşıb hansısa bir fikir mübadiləsi aparması ictimai xarakterli olmadığı halda, eyni azadlığın təzahür formaları olan nümayiş, yürüş, mitinq, piket bu və ya digər formada həyata keçirilməsi ictimai münasibətlər çərçivəsində həyata keçirildiyi üçün dövlət tərəfindən normativ qaydada tənzimlənməlidir.

Belə olduqda müxtəlif azadlıqlar hüquqa çevrilir. Məsələn, sərbəst toplaşmaq azadlığı hüququ, dini etiqad azadlığı hüququ və s.

Üçüncü əsas fərq hüququn rəsmi, azadlığın isə təbii olaraq meydana gəlməsi və hüquqdan tamamən məhrum edilmə xüsusiyyətinin mövcud olduğu halda azadlığın belə bir xüsusiyyətinin olmamasıdır. Məsələn, dövlət tərəfindən şəxs valideynlik, vərəsəlik, və s. hüquqlarından məhrum edilə bilər. Eyni zamanda, məhkəmənin hökmü ilə şəxs azadlıqdan məhrum edilmə cəzasına məhkum edilməklə o, azadlıq hüququndan məhrum edilə bilər. Amma şəxsin azadlıqları qanunla əlindən alına bilməz, yalnız məhdudlaşdırıla bilər.

Mütləq qaydada qeyd edilməlidir ki, şəxsin yaşamaq hüququndan məhrum edilməklə ölüm cəzasına məhkum edilməsi halı onun əlindən ona məxsus bütün hüquq və azadlıqların alınması deməkdir. Hüquq və azadlıqların cəmi I nəsil insan hüquqlarından olan yaşamaq hüququnun həyata keçirilməsi nəticəsində yaranır.

Bütün fərqli cəhətləri ilə belə, hüquq və azadlıq anlayışları demokratik ölkələrin istər daxili qanunvericiliklərində, istərsə də beynəlxalq qanunvericilikdə birgə təsbit olunur və onların təmin olunmasında dövlətlər eyni qayda və həcmdə öhdəlik daşıyır.

 

BDU-nun məzunu, hüquqşünas Hüseynov Elvin Hilal oğlu