İnsan o təyyarədən yapışan əfqanın yerini tutmaqdan utanmazmı?backend

İnsan o təyyarədən yapışan əfqanın yerini tutmaqdan utanmazmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qan Turalı yazır … 

Bu gün dünyanın iki qlobal problemi varsa, birincisi, iqlim, ikinci isə miqrant problemidir. BMT-nin Ali Qaçqınlar Komissarlığının iyun ayında yaydığı hesabata görə siyahıda suriyalılar, venesuelalılar, əfqanlar, cənubi sudanlılar və myanmalılar başçılıq edir.

Suriyada vətəndaş müharibəsi gedir. Əfqanıstanda “Taliban”ın zəfər yürüşü miqrasiya prosesini sürətləndirir. Venesuelada dəhşətli aclıq hökm sürdüyü kimi Cənubi Sudanda vətəndaş müharibəsi baş verib. Myanmada hərbi xunta var. Ümumilikdə, 82 milyon 400 min insan ötən ildə məcburi şəkildə yaşayış yerindən uzaq düşüb. Və onların 4 milyondan bir az çoxu mühacir statusu almaq üçün müraciət edib.

Bəşəriyyət vicdanının sükuta qərq olduğu anlar var. Bir filmə çox bənzəyən bu görüntülər yaxın tarixi formalaşdırırdı. Detallara varmayacam.

Miqrantlarla bağlı bizi sarsıdan bir görüntü də balaca Aylanın Türkiyədə sahillərə vuran meyiti idi. Bu foto Avropanı dərin bir sükuta apardı. Ölkələr miqrantlarla bağlı qapıları açdılar. Bir də son günlərdə Kabil aeroportunda çəkilən o görüntülər. Amerika Hərbi Hava Qüvvələrinin təyyarəsinin qanadından, təkərindən bəzən isə gövdəsindən yapışıb Əfqanıstandan getməyə çalışanların görüntüsü…

Bir tərəfdən insan düşünür ki, bu vəziyyətdə səyahət etməyin fizika qaydalarına zidd olduğunu bu adamlar bilmirmi? Bilməyənlər mütləq var. Və əfqanların ən böyük dərdi də bu idi: Nadanlıq. Bu nadanlıq ölkəni on illərdir faciədən faciəyə sürükləyir.

Və o görüntüləri xatırladaraq bir sual vermək istəyirəm: Azərbaycandan insanlar niyə bu qədər kütləvi şəkildə mühacirətə gedir? Azərbaycan Əfqanıstan deyil, Suriya deyil, Myanma deyil.

Dürüstlük üçün çox az sayda və müxtəlif kontekstlərdə diskriminasiyaya məruz qalanların olduğunu xatırladaq. Və bir şeyi də deyək ki, insan öz yaşayış yerini seçməkdə sərbəstdir. Ancaq… Saxtakarlıq sərbəst deyil.

Almaniya  “miqrant”larımızı əlli-əlli geri yollayır. Niyə? Axı miqrant öz ölkəsinə təhvil verilə bilməz. Ancaq onlar miqrant deyil, sadəcə fırıldaqçılardır.

Və “Niyə bu insanlar ölkədən gedir?” sualını təhlil etməyə çalışaq. Kimiləri uşağın təhsilini ilə bağlı arqumentlər gətirir. Bunun üçün Avropaya getməyə ehtiyac varmı? Hər il minlərlə ailəsi Azərbaycanda olan tələbə Avropa və ABŞ-da təhsil almağa gedir.

Bu insanların bilmədiyi bir gerçəklik var. Və bu gerçəklik həmin insanları təyyarədən yapışıb ABŞ-a uçmağa çalışan əfqanlarla eyni zəka müstəvisinə gətirir. Avropada yaşamaq, onların cəmiyyətinə uyğunlaşmaq heç də asan deyil. Təkcə Avropa yox elə getdiyimiz hər yer turist səfərində gördüyümüz kimi deyil. Hər cəmiyyətin özünəməxsus sistemi, düşüncə qəlibləri var. Sən ora yadsan, sən ora yabançısan. O ölkənin ana dilini orada öyrənəcəksən, nə mədəniyyətindən məlumatın var, nə mentallığından. Bunu yazmaq ağır olsa da… Sən orda üçüncü təbəqəli vətəndaşsan. Ölkədə olan bütün problemlərdə günahkar sənsən. Əsla o insanlarla qaynayıb-qarışa bilməyəcəksən. Sən bilmirsən onlarda Arif Quliyev kimdir, sən bilmirsən sənin yaşıdların uşaq ikən hansı seriallara baxıblar, sən bilməyəcəksən hansı zonanın almanları daha xəsisdir. Sən bilməyəcəksən ki, alman beyni necə işləyir, sən bilməyəcəksən ki, onlar necə düşünür… Başqa cəmiyyətə adaptasiya olmaq çətindir. Və alman cəmiyyətinə yad bir element olacaqsan. Bütün ömrü boyunca… İnsanlar bunu anlamaq istəmir.

Kənardan hər şey əla görünür. Sosial müavinətlər, güzəştlər, imkanlar… Ancaq əfqanlarla, afrikalılarla bir düşərgədə qalmaq belə sənə hansı ölkədən gəldiyini xatırladacaq. Və insanlar ilk dəfə onda görür ki, dünənə qədər həqarət etdiyi Azərbaycan çox sivil bir ölkəymiş. Ancaq bu insanlar alman cəmiyyətinin üçüncü təbəqəli üzvü olmağı özlərinə rəva bilirlər. Daha doğrusu, bunun fərqinə varmadan… Uzaqdan gələn kabab iyi və eşşək…

Hər şey bir yana…

İnsan o təyyarədən yapışan əfqanın yerini tutmaqdan utanmazmı?