Din və Qadın Hüquqları İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Erkən və qohumlar arasında nikahların qarşısının alınması”adlı layihəsinin icrasını davam etdirir.
Təşkilatdan verilən məlumata görə, 4 ay müddətində Astara, Cəlilabad, Yardımlı, Biləsuvar, Masallı və Lənkəran rayonlarında həyata keçiriləcək layihənin məqsədi cənub bölgəsində erkən və qohumlar arasında bağlanan nikah problemlərinin qarşısının alınması istiqamətində maarifləndirici tədbirlərin təşkil edilməsilə problemin ictimailəşdirilməsidir.
Layihə çərçivəsində Problemin ictimailəşdirilməsi üçün 6 Dəyirmi Masa və maarifləndirici seminar-treninq keçiriləcək. Hər tədbirdə 20 nəfərin, ümumilikdə 120 nəfərin iştirakı planlaşdırılır. Tədbirlərdə əhali qrupu (qurbanlar və onların yaxınları), yerli icra hakimiyyəti, bələdiyyələr, dini icmaların nümayəndələri, təhsil işçiləri, hüquq-mühafizə və digər müvafiq dövlət orqanları, QHT və KİV nümayəndələri iştirak edir.
Tədbir əsnasında Ailə Məcəlləsindən, “Məişət zorakılığının qarşısının alınması haqqında “ Qanundan, Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli, 213 nömrəli Qərarından ümumi məlumat verilirr. Qanunun daha səmərəli işləməsi işləmə mexanizmləri barədə məlumat verilir, müxtəlif qurumların qanunun işləməsi üçün birgə fəaliyyəti və s. müzakirə edilir.
İştirakçılar erkən nikah problemi, onun mənfi nəticələri, fiziki və mənəvi zərərləri, onların aradan qaldırılması üçün qəbul edilən sənədlərdə cəza tədbirləri barədə maarifləndirilir. Erkən nikaha məcburetmə və erkən nikah prosesində iştiraka görə qanunla müəyyən olunmuş cəzalar barədə, qohumlar arasında nigahın fəsadları haqda məlumatlar verilir, fikir mübadiləsi aparılır. Problemin mövcud olması və aradan qaldırılması üçün məsuliyyət daşıyan qurumların problemin həlli üçün birgə fəaliyyəti müzakirə edilir. İştirakşıların rəy və təklifləri toplanır.
Layihə çərçivəsində avqustun 6-da Lənkəran şəhərində keçirilən tədbirdə 24 nəfər iştirak edib.
Tədbirdə Lənkəran Dövlət Universitetinin müəllimləri, tələbələr, QHT nümayəndələri və könüllüləri olmaqla müxtəlif təbəqələri təmsil edən insanlar iştirak edib.
İştirakçılar qohum nikahlar və erkən evliliklərlə bağlı qanunvericiliyə təklif edilən dəyişikliklər haqqında məlumatlandırılıb, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi ilə də tanış olublar.
Bununla yanaşı,qanun layihəsində aralarında nikahın bağlanması yol verilməyən subyektlər dairəsinin genişləndirilməsi ilə bağlı təkliflər də irəli sürülüb. Belə ki, bu problemdən əziyyət çəkən dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir.
Məhz bu problemin həlli məqsədilə Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) yaxın qohumlarla yanaşı qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın təsbit edilməsi nəzərdə tutulur.
Bütün bu məlumatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb və qızğın müzakirəyə səbəb olub.