Moskva görüşü: Paşinyan niyə həmişə arxaya baxır? – MARAQLI DETALLARbackend

Moskva görüşü: Paşinyan niyə həmişə arxaya baxır? – MARAQLI DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Delimitasiya məsələsində 1920-ci illərin xəritələrindən istifadə oluna bilər”.

Bunu Publika.az-a müsahibəsində politoloq Tofiq Abbasov deyib.

Politoloqla müsahibəni təqdim edirik.

– Noyabrın ilk ongünlüyündə Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin Moskvada görüşü gözlənilir. Bu görüşün yekununda yeni sənədlərin qəbul olunması gözlənilə bilərmi?

– Bu ongünlükdə 10 noyabr bəyanatının birinci ildönümü tamam olur. İndi hesabat vaxtıdır. Eyni zamanda 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə qəbul olunmuş qərarlarla bağlı dinamika yenidən gündəmə gəlir. Bu bir il ərzində biz 2 sənədin və 1 bəyanatın ərsəyə gəlməsinin şahidi olduq. Yanvar ayında ikinci görüş baş tutandan sonra belə bir təxmin var idi ki, üçüncü görüşə də mütləq ehtiyac duyulacaq. Təbii ki, üç dövlətin rəhbərlərinin Moskvada görüşəcəyi bəlli idi. Növbəti görüşdə gedişat nəzərdən keçiriləcək. Eləcə də yeni bir bəyanatın ərsəyə gəlməsi ola bilər.

– Bəs bu bir il ərzində nələr dəyişib, hansısa irəliləyişlərdən danışmaq olarmı?

– Yanvar ayının 11-dən sonra yeni bəyanat səsləndi. Bundan sonra biz Ermənistanın məsələyə qeyri-müəyyən münasibətinin şahidi olduq. Bir tərəfdən Ermənistanda ölkədaxili vəziyyət sabit deyil. Hazırda İrəvanda qeyri-stabil durum hökm sürməkdədir. Digər tərəfdən, seçkilər keçirilsə də, Nikol Paşinyan hakimiyyəti öz səlahiyyətlərini tam mənada icra edə bilmir. Ermənistanın baş naziri ən yaxşı halda ümidverici fikirlər səsləndirir. Bu fikirləri səsləndirərkən də Nikol Paşinyan həmişə arxaya baxmalı olur. Sanki onu arxadan qovalayan qüvvələr var. Bu, ilk növbədə parlamentdə təmsil olunan Koçaryan-Sarkisyan birləşməsinin nümayəndələridir. Söhbət “Ermənistan” və “Şərəfim var” blokundan gedir. Ona görə də guya Ermənistanda hakimiyyət nəsə etmək istəyir, amma buna imkan vermirlər. Daha doğrusu, Ermənistan hakimiyyəti qəbul olunmuş bəyanatın müddəalarını yerinə yetirməlidir. Ermənistandan fərqli olaraq Azərbaycan 10 noyabr bəyanatının müddəalarından irəli gələn məsələləri həll edir. Ermənistan isə razılaşmanın müddəalarının yerinə yetirilməsində astagəllik etməklə məşğuldur. Üstəlik, Ermənistan bu hərəkətləri ilə bir növ sabotaja da varmış olur.

– Ümumi mənzərə fonunda Rusiya Ermənistana qarşı hansı təsir rıçaqlarını işə salmalıdır?

– İndiki məqamda artıq Rusiyanın da üzərində böyük bir məsuliyyət var. Doğrudur, Rusiya öz sülhməramlı qoşunlarını Azərbaycan torpağına yeridib. Təbii ki, bu, razılaşdırılmış bir qərar idi. Çünki Azərbaycan dövlətinin, ölkə başçısının bu məsələyə münasibəti mənfi olsaydı, bu, baş verməyəcəkdi. Bu da stabilləşmə prosesində vacib elementlərdən biri idi. İlk növbədə tərəflərin toqquşmamasına hesablanmışdı. Çünki ermənilərin bir hissəsi hələ də Qarabağ bölgəsində qalır. Eyni zamanda digər müddəalar da mövcuddur. Həmin müddəalar da öz həllini gözləyir.

– Bir il keçir. Amma Zəngəzur dəhlizinin taleyi hələ ki, tam müəyyən deyil…

– Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı üzərinə düşənləri edir. Ölkəmiz həm dəmir yolunun inşasını gerçəkləşdirir, həm də avtomobil yolunun tikintisinə başlanılıb. Ermənistanda isə vəziyyət bir qədər fərqlidir. İrəvanda hələ ki, götür-qoy edirlər. Onlar bütün baş verən prosesləri hələ də “status” məsələsi ilə şərtləndirirlər. Eyni zamanda bunu guya Qarabağda qalmış ermənilərin təhlükəsizlik məsələsi ilə əlaqələndirirlər. Təbii ki, bütün bunların hamısı bəhanələrdir. Ona görə də əgər noyabrın ilk ongünlüyündə doğrudan da üç ölkənin rəhbərlərinin iştirakı ilə görüş keçiriləcəksə, bu formata yenidən qayıdılacaqsa, Rusiyanın üzərinə böyük məsuliyyət düşəcək. Rusiya Ermənistanı təhrik etməlidir ki, öz üzərinə götürdüyü öhdəliklərə əməl etsin. Yəni söz söyləməklə kifayətlənməsin. Ermənistan vaxt itirmədən işlərə başlamalıdır. Nəhayət, Rusiyanın özü də bir növ narahatlıq keçirir. Bu narahatlıq onunla bağlıdır ki, Fransa və Amerika Birləşmiş Ştatları ATƏT-in Minsk qrupunun həmsədrləri kimi bu məsələdə onların da iştirakında maraqlıdırlar. Onlar da həmişə həm bəyan edirdilər, həm də qəbul edirdilər ki, Rusiya bu məsələdə əsas moderatordur. Çünki Rusiya münaqişə zonasına həm coğrafi olaraq yaxındır, həm də bölgənin astanasındadır. Eyni zamanda Rusiya vaxtilə hər iki ölkə ilə eyni heyətdə olub. Söhbət sovetlər birliyi dönəmindən gedir. Buna baxmayaraq, xaricdə olan ermənilər isə Minsk qrupunu yenidən reanimasiya etməyə çalışırlar. Buna lüzum yoxdur. Amma ola bilsin ki, gələcəkdə bu və ya digər formada Moskva öz hərəkətlərini həm Parislə, həm də Vaşinqtonla razılaşdıracaq. Hər halda, indi də razılaşdırır. Ən azından onları məlumatlandırır. Ola bilsin ki, Qarabağ mövzusu ilə bağlı cari məsləhətləşmələr də keçirilib.

– İndiki məqamda üç rəhbərin Moskvada bir araya gəlməsi nə üçün vacibdir?

– Üç ölkə rəhbərinin indiki məqamda Moskvada bir araya gəlməsi ona görə vacibdir ki, Azərbaycan kifayət qədər cəld hərəkət edir, Ermənistan da buna qarşılıq verməlidir. Azərbaycan tərəfdən tərpəniş kifayət qədər güclüdür. Biz cəmi bir neçə ay ərzində Füzulidə beynəlxalq aeroport tikdik. Digər nəzərdə tutulan işlərlə bağlı da bir əncam çəkirik. Rusiya da Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu bildirir. Zəngəzur dəhlizi həm də Rusiyanın yükdaşımaları üçün əlverişlidir. Eləcə də Rusiya mallarının Avropaya daşınmasında, həmçinin işgüzar dairələrinin öncülləri, nümayəndələri üçün bu marşrut çox böyük önəmə malikdir. Ona görə də yenidən üçtərəfli formatda görüşərək bütün bu məsələlərə baxmaq, onların icrasına təkan vermək çox vacibdir.

– Rus mediası bir məlumat da yayıb ki, Ermənistanla Azərbaycan arasındakı sərhədlər 1920-ci illərin xəritələri əsasında çəkilə bilər. Söhbət demarkasiya və delimitasiya işlərindən gedir. Bu, nə dərəcədə inandırıcıdır?

– İlk növbədə Kreml özünün vacibliyini tərəflərin diqqətinə çatdırır. Digər tərəfdən, Ermənistan özünü zorla ərə verilən gəlin kimi aparır. Ermənistan hər şeydən narazıdır. İrəvan hər şeyə bir əmma qoyur. Üstəlik, proseslərdə ləng tərpənir. Hər şeyi əngəlləməyə çalışır. Bayaq da vurğuladım ki, biz vaxtilə sovet dövlətinin tərkibində olmuşuq. Əgər demarkasiya və delimitasiya məsələsi gündəmə gəlirsə, burada da Ermənistan öz şıltaqlığını nümayiş etdirir. İrəvan nə “hə”, nə də “yox” deyir. İrəvan həm də bildirir ki, başqa tərəflər də bu məsələdə iştirakçı olmalıdır. Ümumiyyətlə, demarkasiya və delimitasiya məsələsi həmişə iki qonşu dövlət arasında öz həllini tapır. Doğrudur, bu, çox ağrılı və uzun sürən bir prosesdir. Bütün bunlara baxmayaraq, dövlətlər nə olursa olsun, sonda proseslərdə iştirak edirlər, razılığa gəlirlər ki, yekunda konsensus əldə edilsin. Rusiya artıq proseslərə qarışıb və Ermənistanla Azərbaycan arasında sülhün, barışığın bərqərar olmasına çalışır. Hətta Rusiya Prezidenti Vladimir Putin də Valday klubunun toplantısında bu məsələyə toxundu. O bildirdi ki, istəyimiz odur ki, Azərbaycanla Ermənistan barışsınlar. Hətta Kreml sülh müqaviləsinin bu iki ölkə arasında imzalanmasının da tərəfdarıdır. Üçüncü dövlətin – Rusiyanın fəallığı məsələsində yəqin ki, Ermənistanın da xahişi var, bizim də buna bir etirazımız yoxdur. Yada salmaq lazımdır ki, inzibati xəritələr, sovet dövrünə aid xətlər… Bunların hamısı sovet dövrünə aid idi. 1920-ci illərdə Azərbaycanla Ermənistan arasındakı sərhədlərin bütün konturları Moskvanın nəzarəti altında edilirdi. Yəni bütün bu konturlar Rusiyanın iştirakı ilə cızılmışdı. O baxımdan da Rusiya bir daha yada salır ki, zamanında – yüz il bundan əvvəl bütün bu proseslərin iştirakçısı olub. Kreml yenə də bu məsələnin üzərində dayanır. 1920-ci illərdə çəkilən xəritələr də bu məsələdə əsas kimi götürülməlidir. Fikrimcə, burada təəccüb doğuracaq bir məqam yoxdur.