Muxtar Tayjan: “Ermənistan hər şeylə razılaşacaq, onun sadəcə başqa variantı yoxdur” – MÜSAHİBƏbackend

Muxtar Tayjan: “Ermənistan hər şeylə razılaşacaq, onun sadəcə başqa variantı yoxdur” – MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İşğaldan azad edilmiş torpaqlarda olmaq, Qarabağa, Şuşaya getmək ümidindəyəm. Bu, mənim üçün çox vacibdir”.

Bunu ay yarım əvvəl Oxu.Az-a Qazaxıstanın tanınmış ictimai xadimi Muxtar Tayjan deyib. Artıq onun arzusu gerçəkləşib.

O, Azərbaycana gəlib, işğaldan azad edilmiş ərazilərdə olub, Şuşanı ziyarət edib.

Bu gün o, təəssüratlarını Oxu.Az-la bölüşür:

– İşğaldan azad edilmiş Azərbaycan ərazilərinə səfər etmək mənim üçün çox vacib idi, bunu noyabrın əvvəlində sizə müsahibəmdə demişdim. Hər şeyi öz gözlərimlə görmək istəyirdim. Keçən il Qazaxıstanda biz müharibənin gedişatını izlədik, Azərbaycan ordusunun işğaldan azad etdiyi bütün yaşayış məntəqələrinin adlarını öyrəndik.

Elə oldu ki, müsahibə dərc olunandan sonra azərbaycanlı iş adamlarından biri – Mehdi Məmmədov mənimlə əlaqə saxladı və dedi ki, mənim keçən il də, müharibə zamanı da, bu il də çoxmillətli Azərbaycan xalqını necə dəstəklədiyimi ölkənizdə bilirlər. Məni və həyat yoldaşımı Azərbaycana dəvət etdi.

Təbii ki, mən ölkənizin rəhbərliyindən xahiş etdim ki, işğaldan azad edilmiş ərazilərə getməyimizə icazə versinlər. Bu, həm də təhlükəsizlik məsələsidir, çünki məlumdur ki, Ermənistan tərəfi burada yüz minlərlə mina yerləşdirib. Xahişim qəbul edildi, Şuşaya getdik, məni inanılmaz duyğular bürüdü.

Mən hər şeyi öz gözlərimlə gördüm, bərpa işlərinin sürətinə heyran qaldım. Biz gözəl bir yol ilə getdik, hansı ki, Qazaxıstanda heç də həmişə rast gəlmək olmur. Yüksək gərginlikli elektrik verilişi xətti çəkilib, qaz xətləri çəkilir, körpülər salınıb.

Mən azərbaycanlı qardaşlarımız üçün sevinirəm, bərpa işlərinin necə sürətlə getdiyinə və Azərbaycan xalqının fədakarlığına heyranam. Qarabağın qaytarılması uzun illərin əməyinin nəticəsidir.

Şuşada Azərbaycan şairi və dövlət xadimi Vaqifin bərpa olunmuş məqbərəsini gördüm. Bülbülün ev-muzeyi də bərpa olunub. Məscidlər abadlaşdırılır, hansı ki, işğalçı erməni qüvvələrinin donuz damı kimi istifadə edirdi və bu, məni çox qəzəbləndirdi.

Təbii ki, kədərli təəssüratlar da var idi. Dağılmış şəhər və kəndlərə baxmaq çox ağrılı idi. Çətindir.

Biz Rusiya sülhməramlı kontingentinin nəzarət-buraxılış məntəqələrini də gördük. Şuşada olarkən Xankəndini də nəzərdən keçirdik və əminəm ki, tezliklə orada Azərbaycan bayrağı dalğalanacaq.

Qazaxıstana gələndən sonra jurnalistlərimizə hər şeyi danışacağam, dərc edəcəyim çoxlu videolarım var.

– Regionun gələcəyi haqqında nə düşünürsünüz? Vaxtaşırı gərginlik yaranır, Ermənistan tərəfi razılaşmaları həvəssiz yerinə yetirir, İrəvanla Bakı arasında hələ də sülh sazişi yoxdur…

– Düşünürəm ki, Ermənistan hər şeylə razılaşacaq, sadəcə olaraq onun başqa variantı yoxdur. Allaha şükür, qüvvət balansı, Azərbaycanın xeyrinə inkişaf edib. Düşünürəm ki, Rusiya da bunu yaxşı bilir.

Baxın, Ermənistan son vaxtlara qədər mina sahələrinin xəritələrini köçürmürdü. Amma sonra o bunu etdi.

Həmçinin Türkiyənin və onun Prezidenti Rəcəb Tayyib Ərdoğanın rolunu, Ankaranın azərbaycanlı qardaşlara verdiyi siyasi dəstəyi unutmaq olmaz. Bu, çox vacib idi, belə bir yardımı qiymətləndirməmək çətindir.

Əminəm ki, Çindən Boğaza qədər türk “coğrafi dünyası” bərpa olunacaq. Bunda Zəngəzur dəhlizi mühüm rol oynayacaq.