O mənzilə yetməyə hələ çox qalıb… – Sabir Rüstəmxanlının 75 illiyinəbackend

O mənzilə yetməyə hələ çox qalıb… – Sabir Rüstəmxanlının 75 illiyinə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabir Rüstəmxanlının gənc və istedadlı bir qələm sahibi kimi özünü ifadə və təsdiq etməsi əsasən 1970-ci illərin hadisəsidir, ancaq o, yeni və məxsusi poetik nəfəsinə, dünyagörüşünə, sosrealizm doqmalarına və ümumiyyətlə sosrealizmə nifrətinə görə əslində 60-cılardan biridir.

Mənim təsəvvürümdə Fikrət Sadıq, Fikrət Qoca 60-cıların qocamanıydısa, Sabir 60-cıların gənci idi və o gəncin artıq 75 yaşı tamam olur.

75 yaşlı Sabir Rüstəmxanlı müasir Azərbaycan əldəbiyyatının sayılıb-seçilən, sevilən və qiymətləndirilən nüfuzlu qələm sahibidir və bu vətəndaş nüfuzu onun gəncliyindən etibarən arta-arta gəlib, etibar qazanıb.

1970-80-ci illərdə Çingiz Əlioğlu, rəhmətlik Nüsrət Kəsəmənli və Sabir yaxın dost idilər və görün, aradan nə qədər illər keçib, ancaq o dostluqdakı səmimiyyət və sədaqət, fikir və əməl birliyi indi də mənim yaddaşımdadır. Elə o vaxt da bu dostluqdakı bir-birinə bağlılıq və təəssübkeşlik mənə Aleksandr Dümanın məşhur üçlüyünü xatırladırdı, ancaq o üçlüyün dördüncü bir dostu da var idi – Dartanyan və Sabirgilin də dördüncü böyük dostu var idi, bu böyük dost – onları sevən, onların poeziyasındakı sevinclə sevinən, kədərlə kədərlənən oxucular idi. Bir tərəfdən onların siyasi konyukturadan uzaq poeziyasındakı təmiz, ləkəsiz lirika, o biri tərəfdən isə cəsarətli milli bütövlük çağırışı (sovet zamanı!) və milli vətəndaş mövqeyinin ifadəsi oxucuların hissləri, düşüncələri və istəkləri ilə üst-üstə düşürdü, buna görə də emosional təsiri güclü idi.

Sabirin yaradıcılığında onun lirikası ilə vətəndaşlığı həmişə birlikdə olub, bu yaradıcılıq bir küll halında duyğusal lirika ilə sərt vətəndaş qətiliyinin poetik vəhdətini ifadə edib və edir və bu mənada Sabir Rüstəmxanlı yaradıcılığı müasir ədəbiyyatımızın prinsipial hadisələrindən biridir. Qədim Gəncə (özü də Gəncənin hələ Kirovabad vaxtı!), Xudafərin, Ərk Qalası və bu kimi maddi-mənəvi və rəmzi mahiyyət daşıyan şəhərlər, körpülər, qalalar onun poeziyasında obrazlaşıblar və milli tarixə belə bir bağlılıq Sabirin bütün yaradıcılığı üçün xas olan cəhətdir.

Mən hələ 1982-ci ildə (təxminən 40 il bundan əvvəl!) Sabirin “Gəncə qapısı” kitabı haqqında məqalə yazmışdım və indi o məqaləni tapıb, təzədən gözdən keçirtdim. Orada belə bir fikir var ki, Sabirin lirik qəhrəmanı:

Dünyada ən böyük sənətdir,
Demə, öz ana dilinə keşikçi olmaq…

– deyəndə, biz bu sözlərin səmimiyyətinə inanırıq, çünki həmin lirik qəhrəman bütün fikri, hissləri ilə torpağına, vətəninə bağlıdır və bu bağlılıq… özünün bədii-estetik təcəssümünü tapıb”.

Bu fikir mənə ona görə əlamətdar göründü ki, həmin lirik qəhrəman bu gün də “öz ana dilinə (yəni dillə bərabər vətənə, xalqa, torpağa – E.) keşikçi” olmağı təbii ki, peşə mənasında yox, yaradıcılıq mənasında “böyük sənət” hesab edir və Sabirin bir sənətkar kimi xoşbəxtliyi ondadır ki, onun qələmi 25 yaşında hansı poetik səmimiyyətlə yazırdısa, 75 yaşında da o qələm o cür səmimi yazır.

Burasını da xatırladım ki, aradan keçən onilliklər adi illər deyil və bu illər Sabirin qələmini poeziyasında da, nəsrində də, publisistikasında da daha kəsərli edib və yəqin elə buna görə də onun düşüncələri, demək istədikləri elə bil ki, artıq poeziya çərçivələrinə sığışmır, şairi eyni zamanda nasir edir, nəsrimizdə “Göy tanrı”, “Ölüm Zirvəsi  (Cavad xan)”, “Difai fədailəri” kimi romanlar yaranır, publisistika isə lap cavan vaxtlarından Sabirlə birlikdə olub.

Sabirin “Ömür kitabı” 80-ci illərin ikinci yarısında – milli hərəkat başlayan vaxtlarda ən populyar və sevilən kitablardan biri idi, qızların cehizinə qoyulurdu və indi xatirimə düşür ki, o kitab təzəcə nəşr olunanda hərdən zəngləşdiyimiz rəhmətlik Qabil mənə telefon açdı və: “- Sabirin kitabı əladır e, oxuginə! Xoşuva gələcək!..” – dedi. Yəqin bu da maraqlıdır ki, səhv etmirəmsə, elə həmin gün rəhmətlik Qasım Qasımzadə “Vətən” Cəmiyyətinə gəlmişdi və o da Qabilin zəngindən xəbərsiz: “- Sabirin kitabını oxumusan? – Soruşdu, – Yaxşı kitab yazıb” – dedi.

Elə bilirəm ki, Sabir haqqındakı bu yazıda o rəhmətlikləri də yada salmağımız yerinə düşdü və Sabirin xasiyyətindəki qədirşünaslıq baxımından da yaxşı bir iş oldu.

Sabir yaradıcılığındakı bir cəhəti də qeyd etmək istəyirəm: o, əgər belə demək mümkünsə, diqqətcil nasir, diqqətcil şairdir, bəzən ani və sadə, ötəri bir görüntü (kiçik detal, cizgi) belə onu ələ alır, onun fikrində dolaşır və ən əsası isə o, bu ani  görüntünü mənalandırmağı bacarır. Baxın:

Saçları ağarmış, üzü qırışmış
yaşlı bir qadın
kötüyə dönmüş əlində
üçcə saplaq bənövşə
gedir yolla
yanından ötüb keçən
adamları görmədən.

Nə olsun? Gündəlik, dediyim kimi, ötəri bir görüntü deyilmi? Ancaq bu görüntü poeziyanın obyektinə çevriləndə belə deyil, sürətlə o adilikdən, ötərilikdən uzaqlaşaraq ümumiləşdirilir, səni həyat və tale barədə düşündürür və səndə həzin bir ovqat yaradır və sən o həzinliyi obrazlı şəkildə oxucu ilə bölüşməyi, onda da eyni ovqat yaratmağı bacarırsan:

Gedir – bəlkə də
bu çiçəklərə
ömrünün
ən ağır etirafını edir,
ya dərdini açır
özü də bönövşə olduğu illərin. 

Belə bir diqqətcillik, həssaslıq Sabirin şəxsiyyətinin də məxsusi bir cəhətidir və mən uzun illər boyu bunun şahidi olmuşam. 1975-ci ildə mən Yazıçılar İttifaqında işə başlayanda Sabir də “Ədəbiyyat və incəsənət”  qəzetinin gənc və artıq tanınmış, bacarıqlı bir əməkdaşı idi – o vaxt da tez-tez görüşürdük, 90-cı illərin əvvəllərində isə Mətbuat naziri idi – yenə də tez-tez görüşürdük. Bu görüşləri ona görə xatırladıram ki, mən az adam görməmişəm ki, vəzifəyə gələnə qədər bir cür, vəzifədə başqa cür, vəzifədən gedəndən sonra da tamam başqa cür olur – Sabir qəzet əməkdaşı olanda kim idisə, nazir olanda da həmin adam idi və bu gün də həmin Sabir Rüstəmxanlıdır.

1980-ci illərin sonları, 90-nın əvvəllərindəki o mürəkkəb, keşməkeşli dövrdə Sabir “Azərbaycan” qəzetini təsis etdi, redaktoru oldu və o qəzet Azərbaycan Demokratik Respublikasının 1918-20-ci illər arası nəşr etdiyi əsas qəzetin yalnız adını daşımadı, həmin qəzetin milli azadlıq və demokratiya ilə bağlı ənənələrini bərpa etməyə başladı.

Sovet mətbuatında senzura ədəbi-ideoloji bir qəfəs idi, ancaq sən demə, söz azadlığı da bizim mətbuat üçün ciddi bir sınaq imiş və birdən-birə azadlığa çıxıb, nəşrə başlamış qəzetlərin bir çoxu üçün söz azadlığı kin-küdurətə, böhtana, şəxsi haqq-hesaba, qarayaxmaya, dedi-qoduya açılan yaşıl işıq imiş. Bizim mətbuat tariximizdə, məncə, hələ layiqli qiymətini almamış ikinci “Azərbaycan” qəzeti həmin söz azadlığından obyektiv  və tutarlı söz demək üçün istifadə etdi. Bu mühüm siyasi-ictimai və əxlaqi problemlər qaldıran, eyni zamanda, həmin şəxsi haqq-hesaba, qarayaxmalara tutarlı və əsaslı cavab verən söz idi və bu söz dediyim həmin diqqətcilliyin və həssaslığın ifadəsi idi. Bizim bugünkü bir sıra tanınmış və peşəkar jurnalistlərimiz də ilkin fəaliyyətlərini Sabirin “Azərbaycan”ından başlamışlar.

75 – Sabir üçün ixtiyar yaşı deyil, sənətkar yaşıdır.

Mən Sabiri gözəl yubileyi ilə təbrik edərək, yazımı da onun şeirindəki bu misralarla:

Üzür son limana ömrün gəmisi
Harda dayanacaq – o, hələ bilmir.
Allahın yoludur, su da, quru da,
Mənzilə yetməsə, dincələ bilmir.

– bitirmək istəyirəm və:

– Əzizim Sabir, – deyirəm, –  O mənzilə hələ çox qalıb, o gəmi hələ bundan sonra yeni-yeni əsərlərə malik olacaq, çünki o yolçuluğun enerjisi oxucuların məhəbbəti və hörmətidir.

18 may 2021. Bakı.

 

 

İnterpress.az