Pakistanla Hindistan arasında baş verən son hadisələr dünya ictimaiyyətinin ciddi narahatlığına səbəb olub. Baxmayaraq ki, bu iki qonşu olduqları qədər də bir-birinə düşmən olan dövlətlər artıq bu vaxta qədər də bir neçə dəfə müharibə vəziyyətinə qədər gəlib çatıb, lakin bu dəfə vəziyyət bir qədər fərqlidir.
Bu fikirləri, Pakistanla Hindistan arasındakı gərginlik fonunda müharibə, xüsusən də nüvə müharibəsi ehtimalını dəyərləndirən politoloq Əlimusa İbrahimov İnterpress.az-a açıqlamasında bildirib.
Politoloq bildirib ki, tərəflər bir neçə dəfə müharibə vəziyyətinə qədər gəlib çatsa da, bu dəfə vəziyyət bir qədər fərqlidir, yəni müharibə ehtimalı yüksəkdir.
“Mütəxəssislər Pakistanla Hindistanın bu dəfə müharibəyə daha yaxın olduqlarını iddia edirlər. Çünki əvvəlki qarşıdurmalar zamanı bir-birinə qarşı istifadə edilməyən mexanizmlər artıq işə salınıb. Bura Hindistan tərəfindən Pakistanın istifadə etdiyi su resurslarının qarşısının alınması, Pakistanın hava məkanının Hindistan təyyarələrinin uçuşuna bağlanması və sair daxil ola bilər.
Bütün bunlara baxmayaraq, bu dövlətləri geniş həcmli müharibədən çəkindirən amillər də qalmaqdadır. Məhz bu amillərin 3-cü dünya müharibəsi, eləcə də nüvə müharibəsinin qarşısının alınmasında bu dəfə də əhəmiyyətli rol oynayacağını qeyd edirlər.
Bu amilləri nəzərdən keçirək:
1.Hər iki ölkənin nüvə silahına malik olması
Həm Hindistan, həm də Pakistan nüvə silahlarına və ikinci zərbə imkanlarına malikdir, bu da tam miqyaslı nüvə mübadiləsinin hər ikisi üçün fəlakətli olacağını ehtiva edir. Bu da öz növbəsində eskalasiyaya qarşı güclü maneə rolunu oynayır. Hətta 1999-cu il Kargil Müharibəsi və ya 2001-2002-ci illərdə qarşıdurma kimi gərgin münaqişələr zamanı hər iki tərəf nüvə həddini keçməyə cürət etmədi.
2. Tarixən gələn məhdudiyyət
Çoxsaylı müharibələrə (1947, 1965, 1971 və 1999-cu illər) və müntəzəm qarşıdurmalara baxmayaraq, bu ölkələrdən heç biri nüvə silahının imkanlarından istifadə etməyə cəhd etmədi.
3. Beynəlxalq təzyiq
Qlobal birlik, xüsusən də ABŞ, Çin və Rusiya kimi güclər gərginlik artdıqda diplomatik yolla müdaxilə etməyə meyllidirlər – potensial nüvə mübadiləsindən regional və ya qlobal təsir qorxusu səbəbindən gərginliyin azaldılmasına təkan verir.
4. Arxa kanal diplomatiyası və böhranın idarə edilməsi
Hətta 2019-cu ildə Pulvama-Balakot epizodundan sonra kimi düşmənçiliyin gücləndiyi dövrlərdə də hər iki ölkə gərginliyin qarşısını almaq üçün diplomatik və hərbi kanallardan istifadə etdi. Anlaşılmazlıqların artmasının qarşısını almaq üçün qaynar xəttlər və DGMO (Hərbi Əməliyyatlar üzrə Baş Direktor) danışıqları kimi mexanizmlər işə salındı.
5. İqtisadi və daxili çətinliklər
Hər iki ölkə ciddi daxili iqtisadi və siyasi problemlərlə üz-üzədir. Tammiqyaslı müharibə olduqca baha başa gələ və çox güman ki, ölkə daxilində etirazlara səbəb ola bilər”, – politoloq fikrini yekunlaşdırıb.
Xuraman Etibarlı
İnterpress.az