“Üçüncü Sektor” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə qardaş Türkiyə Respublikasının İzmir şəhərində “Qayıdış” Qərbi Azərbaycan İzmir Forumu adlı layihəni həyata keçirəcək.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin İzmir Baş İdarəsində “Üçüncü Sektor” İctimai Birliyi, Türkiyədəki Azərbaycan Dərnəkləri Federasiyası və Türk İnternet Media Birliyinin birlikdə təşkil edəcəkləri İzmir Forumu may ayının 31-də baş tutacaq.
Forumda Türkiyə Respublikası Böyük Millət Məclisinin üzvləri, Azərbaycan Dərnəkləri Federasiyası rəsmiləri, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəsmiləri, Türk İnternet Media Birliyi üzvləri, siyasi təhlilçilər, media və ictimaiyyət nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Forumda qayıdışın hüquqi səbəbləri və mediadakı təbliği müzakirə olunacaq.