Rusiyanın “Nezavisimaya qazeta” nəşrində Xocalı faciəsi anılıbbackend

Rusiyanın “Nezavisimaya qazeta” nəşrində Xocalı faciəsi anılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər il fevralın 26-da 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı Xocalı şəhərində baş vermiş faciə dünyanın müxtəlif ölkələrində anılır.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın “Nezavisimaya qazeta” nəşri məlumat yayıb.

Qeyd edilir ki, erməni silahlı qüvvələri azərbaycanlıların məskunlaşdığı bu yaşayış məntəqəsinə basqın ediblər və əməliyyat xilas olmağa cəhd edən bir neçə yüz dinc sakinin ölümü ilə nəticələnib.

Birinci Qarabağ müharibəsində bu şəhərə basqın zamanı baş vermiş Xocalı faciəsinin 30-cu ildönümü anılır. O zaman Azərbaycan ordusunun müdafiəsi üçün strateji əhəmiyyətə malik olan şəhər bir neçə günlük artilleriya hazırlığından sonra fevralın 26-da erməni silahlı birləşmələri tərəfindən zəbt edilib. Dinc sakinlər son günə kimi Xocalıda qalıb, onların bəziləri təhlükəli yeri tərk etməyə çalışsalar da, hər şey faciə ilə bitdi. Hücum başlayandan sonra şəhərdə yaşayan azərbaycanlılar Ağdama doğru istiqamət götürərək oranı tərk etmək istəsələr də, yolda dəfələrlə hücuma məruz qalıblar.

Köçkünlərin bir hissəsi erməni silahlı qüvvələrinin nümayəndələrinin xüsusi olaraq buraxdığı iddia edilən “azad dəhliz”lə hərəkət etsələr də, həmin yolla gedən qadınlar, qocalar və uşaqlar dəfələrlə atəşə tutulub, həmçinin əsassız hücumlara məruz qalıblar.

Müxtəlif növ silahlardan açılan atəş nəticəsində həlak olanlarla yanaşı, onlarla mülki şəxs (əsasən qadın və uşaqlar) meşələrdə donaraq dünyasını dəyişib. Həmçinin, Azərbaycan nümayəndələrinin verdiyi məlumata görə, mindən çox vətəndaş əsir götürülüb. Ekspertlərin fikrincə, Xocalıya hücumdan sonra dörd gün ərzində təkcə Ağdama 200-ə yaxın meyit aparılıb, ümumilikdə Xocalı faciəsi zamanı 613 nəfər həlak olub. Ölənlər arasında 63 uşaq, 106 qadın, 70 nəfər yaşlı var. Daha çox adam əsir götürülüb və onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Şahidlərin ifadələrindən də anlaşıldığı kimi, mülki şəxslər sonrakı mübadilə üçün xüsusi olaraq əsir götürülüb, yəni girov kimi istifadə edilib.

Baş verənlər birinci Qarabağ müharibəsi zamanı ən böyük və ən amansız kütləvi qırğın hadisəsi idi. Xocalı yaxınlığında baş verənlər “Human Rights Watch”, “Memorial” kimi beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatlarında (Rusiyada Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi fəaliyyət göstərən təşkilatların reyestrinə daxil edilib) kifayət qədər aydın təsvir olunub. Tomas de Vaal (“Çornıy sad”) və Yuri Romanov (“Ya snimayu voynu”) səmimi və son dərəcə sarsıdıcı kitablarında baş verənlərdən bəhs edirlər.

Dəhşətli hadisəni Qarabağda izləyən müxtəlif ölkələrin mətbuatında bu barədə yazılıb. “Biz Dağlıq Qarabağın qarla örtülmüş təpələrinə qalxanda bütün ərazi boyu yerdə meyitləri gördük. Aydındır ki, onlar qaçmağa cəhd edən zamanı vurulan köçkünlər idi”, – deyə britaniyalı jurnalist Anatol Leven gördüklərini təsvir edib. Ən dəhşətlisi odur ki, ölənlərin cəsədlərində təsadüfi güllə və qəlpə yaraları yox, qəsdən vurulmuş, təhqir olmuş izlər qeydə alınıb. Mülki insanlar, o cümlədən qocalar və uşaqlar, hətta hərbçilərin acımasızlığı ilə də haqq qazandırıla bilməyən mənasız vəhşiliyin qurbanına çevrildilər.

Xocalı sakinlərinin qətli Azərbaycanı sarsıtdı – mart ayında operator Çingiz Mustafayevin çəkdiyi cəsədlərin fotoşəkilləri parlamentdə nümayiş etdirildi və respublikada şok yaratdı.

Bu il Xocalı faciəsinin 30-cu ildönümüdür.

Xocalı hadisələri bir sıra ölkələrdə qətliam kimi tanınır. Türkiyədə və Almaniyada Xocalı faciəsinin xatirəsinə abidələr ucaldılıb. Amma həlak olanların yaxınları günahkarların məsuliyyətə cəlb edilmədiyini, təşkilatçıların və onu həyata keçirənlərin törətdikləri əməllərin cinayət olduğunu dərk etmədiklərini, əməllərindən peşman olmadıqlarını və dinc əhalinin məhv edilməsi faktının özü barədə danışılmadığını xatırladıqca, itkilərlə barışmaq istəmirlər.

Azərbaycan Qarabağı öz nəzarətinə qaytara bildi və bu gün azərbaycanlılar deyirlər ki, onlar öz qonşuları ilə dinc həyata hazırdırlar, lakin cinayət faktını dərk etmədən sülhə gedən yol çox uzun olacaq, faciəni unutmaq isə təhlükəlidir, çünki o, yenidən baş verə bilər.

O faciəli hadisələr haqqında çoxlu kitablar yazılıb, filmlər çəkilib, lakin bütün bunlar qanlı tarixin yaşanaraq keçmişdə qaldığını deməyə imkan vermir.

Bildirilir ki, keçmişin faciələri bütün dünya xalqları üçün dərs olmalıdır.